AZXEBER.COM-un “Onun 10 cavabı” rubrikasının növbəti qonağı “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğludur.
O müxtəlif media qurumlarında çalışan 10 jurnalistin suallarını cavablandırıb.
1. Tural Tağıyev
– Rauf bəy, müasir jurnalistikada nələri qəbul etmirsiniz və ya bəyənmirsiniz?
– Müasir jurnalistika anlayışı yoxdur, jurnalistika anlayışı var. Sadəcə jurnalistikanın yeni texnoloji inqilaba uyğunlaşma prosesi gedir. Burada ən çox bəyənmədiyim amil jarqonlardan istifadə olunmasıdır. Daha sonra bloq janrında görüntülü xəbərlərin səhnəyə çıxması prosesi var, orada söyüş prosesi gedir. Bu görüntülü xəbərlər jurnalistikaya mənfi təsir edir. Həm yaxşılığa doğru, həm də neqativə doğru təsirlər var. Ümumi yekun söz demək üçün hələ çox tezdir.
2. Mərahim Nəsib
– Rauf Arifoğlu mövqeyi ilə bağlı ona ünvanlanan tənqidləri haqlı sayırmı? Bu qədər tənqid olunmasını özü nə ilə əlaqələndirir?
– Haqlı saymıram, amma dözümlü yanaşıram. Çünki mən çox böyük bir manevr etdim. Müxalif düşərgəsinin əsas ruporu olan “Yeni Müsavat” qəzetini müxalifət düşərgəsindən çıxararaq müstəqil bir platformaya gətirməyə çalışdım. Ona görə də həm müxalifət, həm də mənim bu manevrimi gözləyən və illərdir məndən düşmənçilik yığmış iqtidardakı bir sıra məmurlar tərəfindən hücuma məruz qaldım. Heç bir siyasi xadim, qəzet redaktoru, jurnalist hər hansı manevrinə görə bu qədər təpki ilə rastlaşmayıb. Mən bütün bunlara dözümlü yanaşıram. Get-gedə onların təpkilərinin, tənqidlərinin, iradlarının sayı azalmaqdadır. Çünki tarix və proseslər məni haqlı çıxarır. Mən bu manevri bir az gec etsəydim, media qurumu batacaqdı. Yəni indi yerlərdə sürünürdü.
İndi o adamlar bir dənə də olsun mitinq, kütləvi aksiya keçirə bilmirlər, ölkəyə bir fayda verə bilmirlər. 44 günlük Vətən Müharibəsi oldu, mənim əvvəllər təmsil olunduğum müxalifət düşərgəsi heç bir fayda vermədi. Yalnız Ali Baş Komandanı və ordunu dəstəkləyən ümumi bəyanata imza atmaqdan başqa heç nə etmədilər. Nə bir xarici media quruluşunda çıxışlar oldu, nə sərhəd bölgəsində əsgərləri dəstəkləyəcək addımlar atıldı, nə özləri siyasi rəhbər kimi orduya yazıldılar.
“Yeni Müsavat” qəzeti və onun media quruluşları, “youtube” platforması, sosial media hesabları – hamısı gecə-gündüz bir əsgər kimi çalışdı. Mən o manevri bir az gec etsəydim müxalifətin günündəydim. Mən indi niyə tənqid olunuram, çünki öndəyik, görünürük. Hər bir addım reaksiya ilə rastlaşırsa, demək ki, bu və ya başqa şəkildə alınır. Biz müxalifət düşərgəsindən ayrılandan sonra sosial medianı əhatə etmişik, televiziyamız yaranıb, “nyu-media” vahidlərimiz güclənib. Kollektivimizin sayı artıb. Yəni, uğurlarımız çoxdur. Biz bunları heç nədən imtina etmədən qazanmışıq. İqtidar, müxalifət tərəfindən nə qədər döyülsək də, əzilsək də, o brendi qorumuşuq. Bundan başqa əlavə bir brendə olaraq Minval.az brendini də yaratdıq. İnformasiya müharibəsində özünü göstərən media quruluşlarından biri oldu.
3. Günel Hüseynli
– Həbsdə yatmısınız. O illəri necə xatırlayırsınız? Bir jurnalistin həyatında həbsxana nə deməkdir?
– Mən iki dəfə həbsdə yatmışam. 2000-ci ilin avqust ayında “təyyarə qaçırmağı təşkil etmək” iddiası ilə həbs olunmuşam. Mənim dostlarımdan biri Culfada yaşayırdı. “Müsavat” partiyasının rayon təşkilatının sədri idi, həm də “Yeni Müsavat”ın Culfa təmsilçisinin qardaşı idi. Naxçıvan – Bakı reysi ilə uçan təyyarəni qaçırdı və tələb etdi ki, Türkiyəyə sürsünlər, Elçibəyi ziyarət etmək istəyib və bir sıra tələbləri olub. Təyyarədən mənə zəng vurdu və mənim həbsimə səbəb oldu. Çox ağır ittihamlarla, 9 il həbs yata biləcək ittihamlarla mühakimə olundum. Amma sonunda təmiz atladım. Dünya dövlətləri məni müdafiə etdilər.
2003-cü ildə prezidentliyə namizəd İsa Qəmbərin vəkili olaraq və onun prezidentliyi üçün çalışdığım üçün fəaliyyətimdən dolayı 1041 nəfərlə bərabər mən də həbs olundum. Yekunda cəmi 41 nəfər qaldı və o zaman da 5 il iş aldım, 1 il 7 ay da o zaman yatdım. Yəni, iki dəfə DTX zindanı, həbsxana, ölüm korpusu görmüş hər birində də bir kitab yazaraq çıxmış bir şəxsəm.
Həbsxananın jurnalist üçün xeyli əhəmiyyəti var. Gələcək üçün, yazıçılıq üçün, eyni zamanda siyasətçi üçün də əhəmiyyətlidir. Hər kəsi görüb, tanıyırsan. Hesab elə ki, aktiv jurnalistsən, böyük bir ətrafın var, bir haqq yolu üçün vuruşursan, amma “ölürsən”, amma nə baş verdiyini görə bilirsən. Həbsxana da elədir, “ölürsən” amma geri dönmək şansın var. Görürsən, insanlar necə vəfasız olurlar. Sənin qapını açmırlar, necə etibarsız, nankor olduqlarını anlayırsan. O zaman 33 nəfər partiya rəhbərliyinə aid olan şəxs mənim əleyhimə ifadə verdi. Bütün partiyalar yalnız mənim həbsimə yönəldilər ki, mən həbs olunum, canlarını qurtarsınlar. Mənim hərəkətimin məna və məntiqini axtarırlarsa, 2003-2005-ci il fraqmentlərinə baxsınlar. Burada Azərbaycan jurnalistikasında olan bütün liderlər məni satdılar, yəni mənim əleyhimə yalan ifadə verdilər. İstintaq çalışırdı ki, mən mütləq həbs olunum, çünki müəyyən çəkim var idi və o çəkini sındırmaq üçün çoxsaylı ifadələr var idi. İndi yekə-yekə danışan liderlərin hamsının dosyaları əlimdədir. Məni 1041 nəfərin lideri kimi təsbit etdilər. Baxmayaraq ki, orada Sərdar Cəlaloğlu var idi, Arif Hacılı var idi, baş nazir olmuş Pənah Hüseyn var idi, İbrahim İbrahimli var idi, amma məni bütün o prosesin lideri etmişdilər. Açıq şəkildə böhtan xarakterli ifadə verib indi yekə-yekə danışan siyasi liderlər var ki, mən onlara hər dəfə baxanda utanıram.
4. Gülnarə Abasova
– Bütün ömrünüz savaşlarla keçib. Bəs indi kiminlə savaşırsınız?
– İndi rəqabət içərisindəyik. Hazırda sosial media ilə savaşırıq. Öndə olmaq üçün zamanla savaşırıq. Bir xəbər əldə edirik, özümüz yazıb hazırlayınca, başlıq, şəkil qoyunca bir də görürsən ki, “feysbuk”da kimsə o xəbəri verib “partladıb”. İndi sən o xəbəri elə təqdim etməlisən ki, o da sənə tiraj gətirsin. Mənlə bərabər 60 nəfərlik bir kollektiv ayaqda qalsın. Savaşımız bu savaşdır. Davam edirik, yəni biz jurnalistik, jurnalist nəyin uğrunda savaşırsa, biz də onun uğrunda savaşırıq. Eyni zamanda müharibə fraqmentində ermənilərlə informasiya savaşına daxil olduq, o proses indi də davam edir.
5. Mahir Xəttab
– Jurnalistikanı, medianı məmur nəzarətindən çıxarıb necə azad mətbuata çevirmək olar?
– Bu, çox böyük dərddir. Təkcə məmur nəzarəti deyil. Sovet dövründən qəzetlər də, kitablar da hər şey partiyaya məxsus idi və onun mənafelərinə uyğun olmalı idi. İndi oradan gələn bir sistem var. Nə qədər ki, yaşlılar, elə mən də onların içərisində olmaqla, onlar cəmiyyəti idarə edirlər, o tendensiya davam edəcək. Müxalifət və onun liderləri istəyir ki, qəzetlər onun əlində olsun, gecə-gündüz ona çalışsınlar. Media və jurnalistlər onun nəzarətində olsun, onu əleyhinə bir şey deməsin və ya dəyərkən çox yüngül şəkildə desinlər. Mən 32 ildir ki, mediadayam, mənim artıq 55 yaşım var. Medianı məmur, siyasi lider basqısından çıxarmaq üçün savaşa-savaşa gəlməkdəyəm. Elə mənə qarşı olan təpkilərin də mahiyyəti budur. Mən istəyirəm ki, nə iqtidara, nə müxalifətə tabe olan bir media quruluşu yaradam. Buna isə yenidən bir 30 ilimiz də olsa, nail ola bilərik. Mən əminəm ki, onun əsasını qoymuşuq.
6. Mikayıl Mirzəzadə
– Rauf bəy, demisiniz ki, imkanım olsa, AXCP sədri Əli Kərimlini öldürərəm. Bu nifrətin səbəbi nədir?
– Öldürmək ifadəsi olmayıb, demişəm ki, Əli Kərimli və tərəfdarlarının hakimiyyətə gəlmə imkanı və şansı olsa, mən əlimdə silah onlara qarşı vuruşmağa hazıram. 44 günlük müharibə modeli və ondan sonrakı müddətdə Azərbaycanın siyasətində erməniçilik edənlər kimlərdir? Azərbaycanın qocaman qələbəsini, Şuşanın qaytarılmasını millətin burnundan töküb bayram etməyə qoymayan, öz qələbəsinə şübhə ilə yanaşmasına vadar edən kimlərdir?
Bu zehniyyət, bu düşüncə, bu fikir məndən deyilsə, mənim kimi düşünmürsənsə, onlar hakimiyyətə gəlsə, Azərbaycanda 1920-ci illərin fəlakəti olar. Onlar kimi düşünməyən hər kəsin nəfəsini kəsərlər, boğub öldürərlər. Onların yanında ancaq trol dəstəsi var. Onlar vasitəsilə böhtan atmadıqları adam qalmayıb. Bunlardan ən böyüyü də bizim qələbəmizədir. Bizim əldə etdiyimiz 7 rayondur. Hansı ki, keçən il bu vaxt onların yalnız biri üçün hər kəs hər şeyə, hər güzəştə hazır idi. İkisini, üçünü alıb, ermənilərə müəyyən status verək deyilirdi. İndi nə status var, nə başqa bir şey var, hamsını əldə etmişik. Cəmi yüzdə 3 faizi torpaqlarımız qalıb, gücümüz bura qədərdir. Rusiya basqısı var, Fransa basqısı var, xristian ölkələrinin basqısı var və bu qədər müdhiş qələbənin fonunda Əli Kərimovçuluq. O zehniyyət 10 noyabrdan sonra bu milləti param-parça etdi. Əvvəl dedi Ağdam olmayacaq, sonra dedi Laçın olmayacaq, Kəlbəcər olmayacaq yalandır, o 10 günlük periodda belə qarayaxma kampaniyası apardı. Hesab edin ki, gözəl bir lövhə var, o lövhəninin də mərkəzində Şuşa yerləşir, bunlar o lövhənin üzərini xətləyə-xətləyə gedirlər. O zehniyyət üçün əlimdə silah olaram, yəni bu, obrazdı, bu, metaforadır. Mən əlimə silahı Birinci Qarabağ müharibəsində götürmüş adamam. Təbii ki, öz vətəndaşımı vurmaram, öldürmərəm. Bu, metaforadır ki, yəni bu zehniyyətin iqtidar olması fəlakət ola bilər. Mən bunu görmüşəm, tanıyıram, mənim keçmiş dostum olub. Mən buna, bunun əhatəsinə bələdəm.
7. Gülayə Mecidova
– Bir vaxtlar ən radikal qəzetin baş redaktoru idiniz. O illəri necə xatırlayırsınız? Nə baş vermişdi? 17 il əvvəlki Rauf bəylə bugünkü arasında hansı fərqlər var?
– Biz Azərbaycanda müxalifət partiyasının iqtidar olması üçün çalışırdıq. Hakimiyyətlə də çox sərt qarşıdurma şəraitində mübarizə aparırdıq. Mən o partiyanın həm də funksionerlərindən biri idim. Ümumiyyətlə, o partiyanı quran 5 adamdan biriyəm. İndiki rəhbərlik kimi sonradan gəlməmişəm. Sonra İsa Qəmbəri və başqalarını dəvət etdik. Uzun müddət iqtidar olma mübarizəsini apardıq. Alınmadı, getdik həbsdə cəzamızı da çəkdik. Sonra mən gördüm ki, bu mübarizənin, bu savaşın heç bir mənası, məntiqi yoxdur. Çünki taktika əvvəldən yanlış idi. Mən bir qəzetə, bir kollektivə, bir media quruluşuna mənsub idim. Ya orada qalıb bütün məsələlərə qarışmalı idim, daha sonra Avropaya mühacirət etməli idim, ya da kollektivimi, qəzetimi, onun brendini, 32 illik “Yeni Müsavat” adını xilas edərək normal bir qəzetəçilik kursu seçməli idim. Yəni, bir radikal siyasətçidən, bir orta xətt götürən qəzetçiyə transfer olunmağı bacardım. Bunun özü böyük bir nailiyyətdir.
Eyni zamanda 17 il bundan əvvəlki dünya yoxdur. 17 il əvvəlki Türkiyə yoxdur, Azərbaycan yoxdur. Həmin Rusiya yoxdur. 17 əvvəlki telefon, texnika belə yoxdur. Bu dəyişən dünyada hər kəsin Rauf Arifoğlunun dəyişməməsini istəyir? Bu, mümkün deyil axı. Siyasətçi dəyişən şəraitdə və mühitdə manevrlər edərək müqavilələr imzalamaq, yeni oluşumlar qurmaq, iqtidara daha yaxın gəlmək, iqtidar olmaq istəyi və s. bacarmalıdır. Bizim bunların heç birinə ehtiyacımız yoxdur, sadəcə olaraq öz qəzetimizi, mövqeyimizi, prinsipimizi qorumaq haqqında düşündük, kollektiv olaraq qərar qəbul etdik və bu xətti seçdik. Peşman da deyilik. O xəttə kömək etdik ki, o xətt Şuşanı aldı, Azərbaycana qaytardı. O xəttin yanından uzaqlaşdıq ki, o xətt indi Qarabağ qələbəsini qaralayır. Biz vaxtında nə qədər düzgün seçim etmişik ki, indiki Rauf Arifoğlu onları gönünə bələyir. O böhtançıları, o fərsizləri, o bataqlıq aşiqlərini, o palçıq vedrəsi işlədənləri biz çox yaxşı tanıyırıq. Onlar ancaq palçıq atmaqla, biz də işləməklə məşğuluq. Bilirsiniz, məni tənqid edənlərin çoxu indi ölüb. Üstlərindən bir neçə dəfə ot keçib. Çoxunun qəbir daşları köhnəlib. Çünki mən 32 ildir proses aparıram. Hamının hər şey xoşuna gəlmir. Mən ayaqdayam, yolumu davam edirəm. Yeni nəsillər gəlir. Kimi yanıma işləməyə gəlir, sevir, arxamca yaxşı sözlər yazır, kimi də söyür. O cür də yaşlanır gedir. Amma biz faydalı işlə məşğuluq.
8. Ayna Fərhad
– 90-cı illərdəki “Yeni Müsavat”la, bu günümüzdəkinin fərqi nədir?
– 90-cı illərdəki Azərbaycan dəyişibsə, biz də dəyişməliyik. 90-cı illərdə də Türkiyə var idi, amma bizə gəlib kömək etmədi. Elçibəy vertolyot istədi, mən o zaman Azərbaycan Xalq Cəbhəsi İcraiyyə komitəsinin üzvü idim, məxfi məlumatlara çıxışım var idi. Türkiyə bizə arxa durmadı. Amma görürsünüz dünya dəyişdi, Türkiyə bizə arxa durdu. 300 il idi Rusiya ilə Türkiyə müharibə aparırdı, indi müttəfiq kimi bərabər hərəkətlər edirlər. Yəni deyişmək lazımdır, siyasət dini, fəlsəfi cərəyan deyil. Buraya gələn mütəhərrik olmalıdır. Manevr etməlidir. Siyasi düşərgəsini dəyişmək günah sayılmır. Türkiyədə bir millət vəkili bəzən bir partiyadan keçir başqasına. Yəni, siyasətçinin işi budur. Amma Azərbaycan siyasətində, mediasında mənim qədər sabit, stabil bir adam yoxdur. Çünki həyatımda cəmi bir iş yerim olub, onu da özüm qurmuşam. Cəmi bir ad altında fəaliyyət göstərmişəm. Başqa heç yerə nə getmişəm, nə oturmuşam, nə vəzifə daşımışam. Nə rüşvət almışam, nə məmur olmuşam. Günün 18 saatını işləyirəm. Əvvəllər kompüterlə işləyərdim, indi telefonla işləyirəm. Bu qədər imkan var. Hər şey inkişaf edib, bir dəqiqəyə mən telefonla sayta material qoyuram. Canlı yayımlar edirəm. Bu qədər dünya dəyişibsə, “Yeni Müsavat” da dəyişməlidir. Buna haqlı yanaşmaq lazımdır, düz edib dəyişmişik. Mən dəyişməsəydim indi kimi müzakirə edəcəkdiniz?
9. Aydın Nuri
– Ulu öndər Heydər Əliyevə qarşı hər zaman radikal mövqedə idiniz. İndi geri baxanda səhv etdiyinizi düşünürsünüzmü?
– Biz Heydər Əliyevə münasibətdə təkcə Rauf Arifoğlu olaraq yox, düşərgə olaraq dəhşətli yanlışlıqlar etmişik. Onun zərbələrinin nəticəsində indi özümüz yaşayırıq. 1993-cü ildə Elçibəy Heydər Əliyevi çağırdı. Həmin müddətdə onun ən doğru addımı bu idi. O qurtuluş günü YAP-çılar üçün, Azərbaycan üçün deyildi, bizim üçün idi. O gəlməsə idi, bizi Sürət Hüseynov asacaqdı. Çünki məlum oldu ki, liderlərimizin hamısı qorxaqdır, hamısı qaçdılar. Mən burada Elçibəyi istisna edirəm. Çünki onun başqa çarəsi olmadı. Vətəndaş müharibəsinin qarşısını almaq üçün başqa yerə getmədi, öz kəndinə getdi. Amma yerdə qalan hər kəs – hərbçisi də, qoşun komandiri də, naziri də, döyüşçüsü də, hər kəs qaçdı. Ortada bir adam qalmadı.
Heydər Əliyev dedi ki, biz sizinlə işləyək, çünki kadr yox idi. Haradan gətirsin, necə gətirsin, özü təkbaşına gəlib. Bizim liderlər gizli şəraitdə komanda verdilər ki, hamı istefa versin. Bu, dəhşətli səhv idi. Həmin ekstremal vəziyyətdə Heydər Əliyev komanda yığaraq özünə güc yığdı. Çünki ona bir yandan biz təzyiq edirdik, bir yandan Sürət Hüseynov, bir yandan Moskva, bir yandan İran təzyiq edirdi. O fövqəladə şəraitdə biz onu buraxdıq, Sürət Hüseynovla tək qaldı. Bizim taktika da o idi ki, bir-birilərini məhv edəcəklər və biz yenidən hakimiyyətə qayıdacağıq. Ondan sonra da bir radikal tərz başladı. Bizi xilas edən bir adamı 1998-ci ilədək prezident kimi tanımadıq. Səhv idik. Biz Azərbaycanın bugünkü qələbəsini bəlkə də daha da yaxınlaşdıra bilərdik. Bir cəbhədə ermənilərlə vuruşurdu, bir cəbhədə Sürətlə, bir cəbhədə də bizlə, bizim media ilə vuruşurdu. Amma mən gənc idim, o düşərgənin içərisində idim.
Heydər Əliyev hakimiyyətə gələndə mənim 26 yaşım var idi. Lider bildiyim insanların sözünə baxırdım, düşünürdüm ki, yəqin onlar deyən doğrudur. İndi baxıram ki, hamısı fəlakət imiş. Heç biz hakimiyyəti tam verməyə də bilərdik. Hamısı vəzifəsini dondurdu, özləri də Leninqrada, meşəliyə qaçdılar. Niyə gizlənirsən, adamı dəvət etmisiniz, qalın işləyin. Rauf Arifoğlunu da, başqalarını da qabağa verməzdiniz. Ömrümüzü çürütməzdiniz. Azərbaycanı çürütməzdiniz. O zaman ekstremal vəziyyətdə yığılan komandanı İlham Əliyev hələ də təmizləyə bilmir. Biz qalsa idik, bizim kadrlar hərəkət uşaqları idi, təmiz kadrlar idi. Onların hamısına bir komanda verib Heydər Əliyevə qarşı düşmən elan etdilər. Bəs düşmən idisə, niyə gətirdiniz, özünüz dəvət etmişdiniz. Gətirdinizsə, niyə düşmən dediniz? Bax kök oradandır, mən özbaşına radikal olmadım. Mən bir düşərgəni təmsil edirdim. 20 ildən çox rupor olmuşam. Onların tarixi səhvi idi, Azərbaycanı bir bataqlıqa saldılar, indi İlham Əliyev zorla təmizləyir. Elə indi də eyni prosesi aparırlar. Sadəcə biz yaşlandıq, ağıllandıq, uzaqlaşdıq.
10. Aydın Nuri
– Rauf bəy, deputatlıq yarışında dostunuz İqbal Ağazadə ilə mübarizə apardınız. Sizcə, bu qədər gərginliyə dəyərdimi?
– Mən seçkiyə gedəndə İqbal Ağazadə ilə heç bir münasibətim yox idi. Salamımız da yox idi, düşmən idik. Yəni dost deyildik. Dostum olsa idi gedərdimmi? Təbii ki, gedərdim. Mən Azərbaycanın hansı bölgəsinə getsəm, orada mütləq bir dostum olacaq. O dairədən mən qalib gəlmişəm. Sonra, sadəcə hökumət mənim mandatımı tanımaq istəmədi. İqbal Ağazadəyə 3 dəfə imkan verdilər. Amma mənim o imkanımı tanımadılar. Onların sevmədiyi kimi, iqtidar da narahat oldu ki, qısa müddətdə ətrafına bu qədər adam yığır, güc yığır, yəqin ona görə də məni qoymadılar. Amma o namus, qeyrət deyil ki, bir dairədir. O da gedə bilər, orada başqaları da var idi, onlar da mənim dostum idi. Bu bir demokratiya yarışıdır. Nə qədər siyasətçi var ki, dost ola-ola eyni dairədən namizədlik veriblər. Onları hamı unudur, amma məni unutmurlar.
”Mənim fikrimcə, meyxana çox geriyə gedib. Baxır hansı tərəfdən yanaşırsan. Sırf meyxanadan söhbət gedirsə, yaxşıdır: trenddədir, istedadlı meyxanaçılar çıxıb,