19.11.2026 - 17:14
"Baksol"da gəncin kanalizasiyaya düşərək ölməsində təqsirləndirilən sahə rəisinə 3 il cəza verildi
Hadisə 349 baxış

"Baksol"da gəncin kanalizasiyaya düşərək ölməsində təqsirləndirilən sahə rəisinə 3 il cəza verildi

Baku.ws-ın məlumatına görə, Bakının Binəqədi rayonu, “Baksol yolu” ərazisində baş vermiş faciəvi hadisə ilə bağlı məhkəmə prosesi yekunlaşıb. Yolun çökməsi nəticəsində 27 yaşlı Cümşüd Cümşüdlünün kanalizasiyaya düşərək həyatını itirməsi ilə əlaqədar Bakı Sukanal İdarəsinin sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cəlb edilib və 3 il müddətinə azadlıqdan məhrum edilib.

Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Azər Cümşüdovun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb. Eyni zamanda, ona 2 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum olunma cəzası da verilib.

Xatırladaq ki, dövlət ittihamçısı əvvəlcə Azər Cümşüdovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi. Ancaq məhkəmə qərarı fərqli olub.

Hadisə 2025-ci il iyunun 26-da Bakının Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində baş vermişdi. Cümşüd Cümşüdlünün meyiti iki gün sonra Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılmışdı.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham olunub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: