Bakı sakinləri üçün qarlı, şaxtalı hava çox az hallarda rastlaşılan təbiət hadisələrindən biridir. Uzun aradan sonra “Bakıya qar yağmır” ənənəsi bu qış pozuldu və illər sonra paytaxt ağ örpəyə büründü.Artıq iki gündür ki, ölkə ərazisində yağıntılı, qarlı və şaxtalı hava şəraiti davam etməkdədir.

Bakıda son 10 ilin ən güclü qarı 2012-ci ilin fevral ayında müşahidə edilmişdi. Həmin tarixdə müşahidə edilən qar bütün yollarda hərəkəti iflic etmişdi. Son 40 il ərzindəilk dəfə 2012-ci il fevralın 8-də Bakıda rekord şaxta qeydə alınmışdı.Həmin gün havanın minimal temperaturu 11°C şaxta təşkil etmiş, Xəzər dənizi akvatoriyasının Azərbaycan sahillərində Nabrandan Sumqayıta qədər olan su hövzəsi donmuşdu.

 

Həmin il paytaxtın bəzi yerlərində qarın qalınlığ 15-20 santimetrə çatmış və bu yeni problemlərin ortaya çıxmasına səbəb olmuşdu. Şəhərin əksər yollarında avtomobillərin hərəkəti çətinləşmiş, sürücülər qəza təhlükəsi ilə üz-üzə qalmışdılar.O, dövrdə yolların duzlanması və qardan təmizlənməsi istiqamətində demək olar ki, gözəçarpan iş müşahidə olunmamışdı. Nəticədə çoxlu sayda qəzalar baş vermiş, şəhər infrastrukturuna ciddi ziyanlar dəymişdi.

Həmin tarixdən 10 ildən çox müddət geridə qalıb. Bəs, indi strukturlar həmin vəziyyətdən dərs çıxararaq bu cür problemləri vaxtında aradan qaldıra biliblərmi? O tarixdən bu günə qədər nələr dəyişib?

Hava şəraiti ilə bağlı əvvəlcədən məlumatlı olan dövlət strukturları səhər saatlarından operativ rejimdə çalışmağa başlayıblar.

Gecə saatlarından mərkəzi küçə və prospektlərə duz səpilib. Fövqəladə Hallar Nazirliyi ölkə ərazidində müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar əhaliyə yenidən müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb. Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın verdiyi məlumata görə, ölkə ərazisində müşahidə olunan yağıntılı, qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yanvar ayının 9-dan 12-dək avtomobil yollarının buz bağlayacağı gözlənilir. Hazırda qarlı hava ilə bağlı 12 nəfər xəsarət aldığı onların vəziyyətinin yaxşı olduğu bildirilir.

Son məlumatlara görə, magistral avtomobil yollarında artıq buzlanma müşahidə edilir. Quba-Qusar yolunda uzun tıxac yaranıb, hərəkət iflic olub.

 

Nəqliyyat eksperti Yasin Mustafayev AZXEBER.COM-a açıqlamasında vəziyyətin ürəkaçan olmadığını, yollardakı problemlərin böyük əksəriyyətinin həm də sürücülər tərəfindən yaradıldığını bildirib:

“Neçə vaxtdır ki, qar yağacağı gözlənilirdi. Hazırlıqlı olmayanda qar özü ilə problemlər də gətirir və nə qədər çox yağsa, o qədər də çox çətinliklərə səbəb olur. Bakıda hazırda vəziyyət demək olar ki, ürəkaçan deyil. Mərkəzi küçə və prospektlər qardan təmizlənib. Müvafiq tədbirlər görülüb. Qar indi elə də çox yağmır. Amma qışa hazırlıqsız olan sürücülər həm özlərinə, həm də digər hərəkəti iştirakçılarına real təhlükə, qəza şəraiti yaradır, hətta qəza törədir. Ümumiyyətlə, bizdə avtomobillərin qış rejiminə keçirilməsi dəb halını almayıb. 100 avtomobildən cəmi bir neçəsində qış təkərləri var. Bu, iki-üç faizdən çox deyil. Ona görə də, qış təkərləri olmayanlar avtomobillər belə havalarda, buzlu yollarda sürüşür və təhlükə yaradır. Gecədən yollar buz bağlayacaq, don olacaq, avtomobil sürüşmələri olacaq. Bu səbəbdən sürücülərə, eyni zamanda piyadalara diqqətli olmağı tövsiyyə edirik. Belə vaxtda piyadalar da diqqətli olmalıdır. İşıqforlarda vaxtı nəzərə alsınlar. Yaşıl olduqda belə ehtiyatla və diqqətli keçsinlər. Yol sürüşkən olduğundan nəqliyyat vasitələri əyəcləməni müəyyən olunmuş vaxtda edə bilmir. Buna görə də bu cür havada bütün bunları nəzərə almaq lazımdır. Bütün hərəkət iştirakçıları bir-birini gözləməlidir. Hazırlığı olmayan, qış şinləri olmayan avtomobillərin yola çıxması qəti tövsiyyə edilmir”.

Ekspert onu da qeyd edib ki, son 10 illə müqayisədə dövlət strukturlarının qarla mübarizəsində müəyyən inkişaf gözə dəyir. Amma nəticənin necə olacağını bir neçə gündən sonra daha aydın görmək mümkün olacaq.