07.09.2026 - 15:08
Ölkə 11 baxış

Bakıda taksi qiymətləri niyə yüksəlib?

Bakıda taksi xidmətlərinin qiymət artımı yenidən diqqət mərkəzindədir. Sərnişinlər bildirirlər ki, son günlərdə tariflər yalnız pik saatlarda deyil, günün demək olar ki, bütün vaxtlarında əvvəlkindən daha yüksəkdir. Bəs bu artımın səbəbi nədir?

Minval.info xəbər verir ki, “Bolt” şirkətinin PR meneceri Nigar Kazımova açıqlamasında “Bolt” tətbiqi vasitəsilə sifariş olunan səfərlərin qiymətlərinin formalaşmasına bir neçə amilin təsir etdiyini bildirib. Bu amillərə tələbatın səviyyəsi, günün saatı, yol şəraiti və tıxaclar, ərazidə mövcud sürücülərin sayı, marşrut üzrə vaxt itkisi və səfərin ümumi müddəti daxildir.

“Bəzi hallarda qısa məsafəli, məsələn, 2 km-lik səfərlər yüksək tələbat olan saatlarda və ya tıxaclı ərazilərdə həyata keçirildiyi üçün qiymət daha yüksək görünə bilər. Eyni zamanda, 7-8 km məsafəli, lakin daha rahat və sürətli marşrut üzrə edilən səfərlərin qiyməti oxşar səviyyədə formalaşa bilər. Bundan başqa, müxtəlif xarici amillərin təsiri ilə bəzi hallarda qiymətlərdə artım müşahidə oluna bilər. Bu yanaşmanın əsas məqsədi sürücülərin gəlirlərini qorumaq, onların qazancının azalmasının qarşısını almaq və platformada fəaliyyətlərini davamlı və məmnun şəkildə təmin etməkdir,” – deyə o qeyd edib.

“Yango”nun mətbuat katibi Rüstəm Əzimov isə bildirib ki, bu taksi şirkətində səfərin qiyməti avtomatlaşdırılmış alqoritm əsasında, sırf həmin an şəhərdəki real vəziyyətə uyğun olaraq formalaşır. “Yekun məbləğ birbaşa həmin dəqiqədə xətdə olan boş avtomobillərin sayı ilə sifarişlərin nisbətindən, yollardakı sıxlıqdan, hava şəraitindən və təyinat yerinin xüsusiyyətlərindən asılı olur. Əgər müəyyən bir ərazidə tələbat mövcud boş maşınlardan qat-qat çoxdursa, alqoritm avtomatik olaraq sürücüləri həmin istiqamətə cəlb etmək və təcili getməli olan sərnişinlərə maşın təmin etmək üçün sistemi tənzimləyir. Yollardakı hərəkətlilik azaldıqda və balans bərpa olunduqda qiymət dərhal adi vəziyyətinə qayıdır,” – o vurğulayıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: