Sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanı 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq qətlə yetirməsi ilə bağlı yeni detallar açıqlanıb.

“Minval.info” xəbər verir ki, qadının bibisi Gülər Yolçuyeva İctimai Televiziyada yayımlanan “Sabaha saxlamayaq” verilişində bildirib ki, X.Məmmədova yeddi il əvvəl İ.Məmmədov ilə ailə həyatı qurub:

“O, evlənmədən əvvəl də şiddətə məruz qalıb. Ailə həyatından sonra isə dəfələrlə şiddətə məruz qalıb, amma ailəsinə deməyib. Hadisədən bir gün əvvəl İ.Məmmədov onu döydüyü üçün bizə gəldi. Səhərə kimi oturub, danışdıq. Hətta qız intihara kimi düşünüb”.

O deyir ki, İ.Məmmədov hər xırda şeyə görə qadını döyürmüş:

“Eyvana çıxmağına görə, pərdə aralandığına görə döyürmüş. Bu yaxında bildim ki, hamilə vaxtı hamama salıb, saatlarla qızı orada saxlayıb. Qardaşım qızının evinə gediş-gəliş olmayıb. Sadəcə əməliyyat olan zaman getmişdik”.

Ölən qadının bibisi əlavə edib ki, cütlüyün uşağı birinci sinfə gedən zaman İ.Məmmədovun telefonunda valideynlər üçün olan “WhatsApp” qrupu açıb. Analardan biri Xanıma yazıb ki, bir valideyn nömrəni istəyir. Bunu da əri oxuyub və günorta saatlarında evə gələrək arvadını uşaqların gözünün qabağında döyüb, saçından tutub divara vurub.

Daha sonra İ.Məmmədovu işə çağırdıqları üçün qapını kilidləyib və gedib. Təsadüfən Xanımın yadına düşüb ki, çantasında ehtiyat açarı var. Uşaqları və sənədləri götürüb, taksi şoferinin telefonundan zəng edib, bizə gəldi”.

“Qardaşım qızı mənim yanımda atası, anası ilə telefonla danışdı ki, boşanıram. Hətta qardaşım dedi ki, döyülməyin barədə polisə şikayət etmə, onu işdən çıxararlar. Xanım Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə zəng etdi.

Onlar dedilər ki, kirayə yaşadığı evin yerləşdiyi polis bölməsinə gəlməlisiniz. Yalvardıq ki, Biləcəri Polis Şöbəsinə gedək. Razılaşmadılar. Qorxurduq ki, çölə çıxsaq, uşaqları əlimizdən alar. Səhərə kimi yatmadıq və sentyabrın 30-da səhər saat 7-də evdən çıxdıq və şöbəyə getdik.

Təhqiqatçı Xanımdan sorğu-sual etdi və sonda o, İ.Məmmədova zəng etdi. Bu zaman Xanım qorxdu və dedi ki, siz onu çağırmayın. Təhqiqatçı gülümsədi və dedi ki, burada ona heç nə edə bilməz. İ.Məmmədovu başqa otaqda dindirdi və gəldi.

Gözlədik ki, o, getsin biz də buranı tərk edək, iki dəqiqə keçməmişdi ki, İ.Məmmədov içəri girdi və mən onu görməmək üçün çantama baxdım.

İ.Məmmədov dedi ki, oğlumu öpüb çıxacam, daha sonra atəş açdı. Həmin vaxt polislər gəldi. Sanki güllələr yağırdı. Bir də gördüm ki, Xanım stolun arasına yıxıldı. Bu, dəhşət idi”.