Sosial şəbəkədə iraqlı ərəbin Azərbaycan dilində təbrik videosu maraq doğurub.
Minval.info xəbər verir ki, əcnəbi Sumqayıt Dövlət Universitetinin müəllimi Əli Rzazadənin sayəsində dilimizi mənimsəyib.
İxtisasca şərqşünas olan universitet müəllimi ərəb dilini tədris edir. O, yenilik edərək videogörüntü vasitəsilə şərq ölkələrində yaşayan ərəblərə Azərbaycan dilini öyrətməyə başlayıb.
Artıq iki ərəb onun sayəsində Azərbaycan dilini mənimsəməyi bacarıb. Onun belə tələbələrindən biri video vasitəsilə ilə Azərbaycan xalqını təbrik edib.
“Təkcə biz ərəb dilini öyrənmirik, ərəblər də bizim dili öyrənirlər. Hüseyn iraqlıdır, iraqda əczaçılıqla məşğuldur. Azərbaycan dilini öyrənməyə aşırı həvəsli olan bu həkimə 14 saat online dərsə ilkin danışıq mərhələsini öyrətmişəm. Hüseyndən başqa, bir misirli dostumuz bir ildən az müddətdə artıq dilimizi mənibsəyib və hazırda Azərbaycan ədəbiyyatı sahəsində tədqiqat işləri aparır, məqalələr yazır. Düşünürəm ki, dilimizin, mədəniyyətimizin təbliğ olunmasında az da olsa, bir xidmətdir. Və davam etməyə çalışacağıq” – Hüseynin videosunu paylaşan Əli müəllim qeyd edib.
Ə.Rzazadə həmçinin yazıçı kimi bir neçə romanın müəllifidir. O, bundan əlavə, bir neçə dil biliyinə sahibdir.


































