İlham İsmayıl: “İranla Rusiyanın eyni mövqedən çıxış edib birgə fəaliyyət ortaya qoymaları illərdir davam edir”

Politoloq, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Azərbaycanla bağlı sensasion sayıla biləcək fikirlər söyləyib. Hətta Azərbaycanda Qazaxıstan ssenarisini, habelə yeni müharibəni istisna eləməyib. 

Sitat: “Azərbaycanda istənilən hadisələrin baş verməsi mümkündür. İstər daxili sabitliyin pozulması, istər bu məqsədlə hansısa pozucu əməllərin (məsələn, hansısa siyasilərə, jurnalistlərə, tanınmış ictimai-siyasi xadimlərə sui-qəsdlərdən tutmuş, sosial tələblərlə başlayan, sonradan iğtişaşlara çevrilən proseslər) baş verməsi mümkündür. Qarabağ cəbhəsində aktivləşmə mümkündür. Azərbaycan-Rusiya sərhədində hansısa münaqişə mümkündür. Yəni burada spektr olduqca genişdir. Konkret nə baş verəcəyini söyləmək çox çətindir. Bir neçə mümkün saydığım variantı səsləndirdim. Amma daha çox, daha fərqli və daha çeşidli hadisələr baş verə bilər. Bu, təkcə Rusiya deyil, İran tərəfindən də baş verə bilər. Bu, Azərbaycanın daxilindəki həmin o təxribatçı ”5-ci kolon”un təşəbbüsü, qızışdırılması, təhrikçiliyi ilə də baş verə bilər. Bu mənada situasiya kifayət qədər mürəkkəbdir”.

(Ətraflı bu linkdə: https://musavat.com/news/erestun-oruclunun-sensasion-aciqlamalari-azerbaycanda-qazaxistan-ssenarisi-ve-muharibe-tehlukesi_907497.html)

Azərbaycan təhlükəni ən çox haradan gözləməlidir – şimaldan, yoxsa cənubdan, hakimiyyət buna qarşı gərəkənləri edirmi? Qardaş Türkiyə ilə hərbi-strateji müttəfiqliyimiz, Şuşa Bəyannaməsi bu təhlükələrə qarşı nə dərəcədə “bufer” rolu oynaya bilər? Cəmiyyət olaraq üzərimizə hansı vəzifə düşür?

Bu mövzuda sualları təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıla ünvanladıq. Ekspert deyir ki, Azərbaycanda da belə məsələlər mümkündür. Amma Qazaxıstan səviyyəsində deyil: “Azərbaycanın belə hadisələrin qarşısını almaq üçün zamanında lokallaşdırmaq üçün kifayət qədər imkanları var. İqtidara qarşı klandaxili bir əməliyyat mümkün deyil. Düzdür, müəyyən narazılıq var. Məmurların işdən çıxarılması, həbsi, generalların qandallanması cəmiyyətin bir tərəfində razılıq yaratsa da, digər tərəfdə narazılıq yaradır. Hər halda, diqqətə alınası məsələlərdir”.

“Rusiya və İran Azərbaycanda dindarlardan istifadə etmək üçün illərdir ki, hazırlıqlar görürlər!”

Ekspert deyir ki, Azərbaycanda əsasən dini faktoru da nəzərə almaq lazımdır: “İslam bayrağı altında dindarları prosesə cəlb edə bilərlər. Bu ssenari daha çox realdır. Bu istiqaməti 2 ölkə birdən kurasiya edir. Rusiya və İran Azərbaycanda dindarlardan istifadə etmək üçün illərdir ki, hazırlıqlar görürlər!”

İlham İsmayıl: “DTX nəhayət peşəkara həvalə edildi”

Ekspert sensasion sayıla biləcək açıqlama ilə çıxış edib:

“Moskva məscidində insanları, əsasən gəncləri ailəlikcə İrana göndərirlər. Bu, iki istiqamətdə baş verir. Bir istiqamət Qumda təhsil almaqdır. İkinci istiqamət isə Məşhədə ziyarətə göndərməkdir. Belə ziyarətin müddəti normalda 1 həftədir. Amma Moskvadan və Rusiyadan Məşhədə göndərilənlər orada 2 il qalırlar. Həmin müddətdə o adamlar orada nə edirlər? 2018-ci ilin iyununda Gəncədə icra başçısına silahlı hücumu gerçəkləşdirənin bioqrafiyasında da bu məqam qırmızı xətlə diqqət çəkirdi. Məlum olurdu ki, Rusiyada yaşayıb, İrana, Məşhədə ziyarətə gedib, orada 2 il qalıb.  O müddətdə xüsusi təlim keçib və Rusiyaya qayıdıb. Oradan da Azərbaycana gəlib və bir müddət sonra cinayət baş verdi. Bu proses Rusiyada, Moskvada davam etdirilir. 2 ay əvvəl Kərimə dövləti söhbəti çıxdı. Bu söhbət Moskvadakı məsciddən çıxmışdı. Moskvadakı məsciddə  Rusiya ilə İran birgə fəaliyyət göstərirlər!”

“Azərbaycana, Azərbaycan dövlətçiliyinə qarşı hər hansı bir addım atan hər kəs, sosial şəbəkələrdə çağırış edənlər zamanında zərərsizləşdirilməlidir!”

İlham İsmayıl deyir ki, maraqları üst-üstə düşəndə İranla Rusiyanın eyni mövqedən çıxış edib birgə fəaliyyət ortaya qoymaları illərdir davam edir: “Bunu Azərbaycanın xüsusi xidmət orqanları da çox gözəl bilir. Profilaktik tədbirlər görülür. Amma maarifləndirmə yetərli deyil. Çünki beyinlərin ”yuyulmuş” insanların  profilaktikası müsbət nəticə vermir. Bu adamlar cəzalanmasa, mümkün deyil. Azərbaycana, dövlətçiliyimizə qarşı hər hansı bir addım atan hər kəs, sosial şəbəkələrdə çağırış edənlər zamanında zərərsizləşdirilməlidir. Mütləq şəkildə cəzalandırılmalıdırlar! Beyinlər o şəkildə “yuyulub” ki, artıq maarifləndirmə ilə adamların öz vətənlərinə, dövlətlərinə düşmən münasibətini dəyişmək olmur”.

“Bu halda Türkiyənin müdaxiləsinə ehtiyac yoxdur”

Ekspert deyir ki, Azərbaycana qarşı kənardan hərbi müdaxilə olarsa, bu halda Şuşa Bəyannaməsi işə düşəcək: “Türkiyə xarici müdaxilə zamanı Azərbaycana dəstək verə bilər. Amma ölkə daxilində klandaxili toqquşmalar olarsa, bu halda Türkiyənin müdaxiləsinə ehtiyac yoxdur. Daxildəki problemləri qabardıb ortaya çıxan qüvvə ilə ölkə daxilində effektiv mübarizə aparacaq hüquq-mühafizə, təhlükəsizlik orqanları var”.

“İranın şəhidlərə, qazilərə canı yanmır”

“Xarici dövlətlərin Azərbaycanda şəhid və qazi ailələrinə həqiqətənmi ürəyi yanır” sualına ekspert belə cavab verib:

“Azərbaycan yenicə müstəqillik qazananda İran bu istiqamətdə çox ciddi tədbirlərə əl atmışdı. Müxtəlif adlar altında, cəmiyyətlər qurmaqla yeni evlənənlərə yardımlar edir, cehizlik verirdilər. Sosial problemli cəmiyyətdə insanların maddi nemətlərlə ələ alınması çox sürətlə baş tutan ”verbovka” üsullarındandır. İran bu üsuldan çox məharətlə istifadə edir. Çünki İranın daxilində də sosial problemli insanlar kifayət qədərdir. Əslində bu üsul bütün dünyada var. Ən informasiyalı adamlar pulla ələ alınırlar. İranın şəhidlərə, qazilərə canı yanmır. Yansaydı, Qarabağın və ətraf rayonlarımızın 30 illik işğalı zamanı hər hansı bir təsirli addım atardı”.

İran niyə geri çəkildi? 44 günlük Vətən Müharibəsi haqqında şok FAKTLAR - Alp.Az

Ekspert deyir ki, 44 günlük Vətən müharibəsi günlərində İranın etdikləri də yaddaşlardan çıxmamalıdır: 

“44 günlük Vətən müharibəsi günlərində İran Ermənistana açıq dəstək verdi. Zəngilan rayonu ərazisində, Xudafərin istiqamətində İran silahlı qüvvələri Azərbaycan Ordusunun qarşısına çıxıb 2 gün ərzində erməni ordusunun darmadağın edilməsinə imkan vermədilər. Zəngilan rayonunun işğaldan azad edilməsini 2 gün ləngitdilər! Həmin günlərdə o istiqamətdə şəhidlər verdik, hərbçilərimiz yaralandılar, qazi oldular. Yəni nə bacardılarsa, əllərindən gələni etdilər ki, Azərbaycan Ordusu erməni ordusunu işğal etdikləri Azərbaycan torpağından çıxarmasın. Bu gün həmin İranın Azərbaycan Ordusunun şəhid və qazilərinə canları yanır? İranın məqsədi Azərbaycanda şəriət dövləti qurmaqdır. Perspektivdə Azərbaycanın müstəqiliyinə son qoymaq məqsədləri var. Təbii ki, Azərbaycan hüquq-mühafizə orqanları buna heç bir zaman imkan verməz. Bilirik ki, İran ideoloji dövlət olaraq guya Allaha vəkillik edirlər, din pərdəsi altında hərəkət edirlər. Onlara qarşı çıxanları da şantaj edirlər ki, siz bizə qarşı deyil, Allaha qarşı çıxırsız. İran Azərbaycana qarşı fəaliyyətini bir an belə dayandırmır. Xüsusilə Ermənistanla İranın bütün əlaqələrini xırdalıqlarına qədər Azərbaycan xüsusi xidmət orqanları ortaya qoymalıdır. İran Azərbaycana qarşı neqativ münasibətdədir. Xalq bunu açıq-aydın şəkildə görməli, bilməlidir ki, İran Azərbaycana dost deyil, Ermənistana dostdur”.

“Bu şəxslərin İran ərazisindən Azərbaycana qarşı hansı fəaliyyət göstərdikləri bizə çox yaxşı məlumdur”

Ekspert bildirib ki, bu gün İran ərazisində olan və Azərbaycana qarşı fəaliyyət göstərənlərin xüsusi himayəyə götürülməsi də təsadüfi deyil: “Azərbaycan Prezidenti İran ərazisində olan 20 Azərbaycan vətəndaşının təhvil verilməsi üçün İran rəhbərliyinə müraciət etdi. Lakin həmin şəxsləri İran təhvil vermədi. Bu şəxslərin hansı yollarla İrana getməsi, orada hansı fəaliyyətlə məşğul olmasını biz bilirik. Onların hər biri haqda müfəssəl məlumatlar var. Yəni bu şəxslərin İran ərazisindən Azərbaycana qarşı hansı fəaliyyət göstərdikləri bizə çox yaxşı məlumdur. İran isə onları vermir. Niyə vermir? Çünki bu adamların fəaliyyəti birbaşa İranın maraqlarından doğur. İranın Azərbaycandakı simpatizanlarını zərərsizləşdirmək, daha kəskin mübarizə aparmaq lazımdır. Ötən ilin payızında İranla böhran yarananda bu istiqamətdə müəyyən addımlar atıldı. Müəyyən saytlar bağlandı, həbslər həyata keçirildi. O istiqamətdə işi genişləndirmək, müəyyən tədbirlər görmək lazımdır”.