23.07.2026 - 16:48
Araşdırma 73 baxış

Azərbaycana gələn turistlərin sayı azalıb

2026-cı ilin ilk altı ayında Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

Minval.info xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, yanvar-iyun aylarında ölkəyə dünyanın 189 ölkəsindən ümumilikdə 1 milyon 92,6 min nəfər gəlib. Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz azdır.

Azərbaycana gələnlərin 28,1 faizi Rusiya, 21 faizi Türkiyə, 8,2 faizi İran, 4,9 faizi Gürcüstan, 4,6 faizi Qazaxıstan, 3,2 faizi Özbəkistan, 2,9 faizi Pakistan, 2,8 faizi Hindistan, 2,6 faizi İsrail, 2,4 faizi Çin, 1,8 faizi Səudiyyə Ərəbistanı, 1,6 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər biri 1,1 faiz olmaqla Almaniya və Böyük Britaniya vətəndaşları olub. Digər ölkələrin payı isə 12,4 faiz təşkil edib. Gələnlərin 68,7 faizi kişilər, 31,3 faizi qadınlar olub.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 9,3 faiz artaraq 54,4 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 1,8 faiz artaraq 430,4 min nəfərə çatıb. Bununla yanaşı, körfəz ölkələrindən gələnlərin sayı 31,4 faiz azalaraq 127,7 min nəfər, digər ölkələrdən gələnlərin sayı isə 14,1 faiz azalaraq 480,1 min nəfər olub.

Statistikaya əsasən, ölkəyə gələn əcnəbilərin 71,1 faizi hava nəqliyyatından, 27,5 faizi dəmir yolu və avtomobil nəqliyyatından, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: