“Vaşaş” klubunun heyətində Macarıstan çempionu olan Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimovanın “Report”a müsahibəsi
– Növbəti dəfə bu titula sahib çıxdınız. Təəssüratlarınız necədir?
– Çox sevincliyəm. Tək mən yox, bütün “Vaşaş” ailəsi olaraq xoşbəxtik. Final oyunlarımız bir az gərgin keçdi. 5 qarşılaşma oynadıq və son görüşdə 3:0 hesablı qələbəyə nail olaraq istəyimizə çatdıq. Ondan əvvəlki oyunların hamısında 3:2 hesabı qeydə alınmışdı.
– Bu klubda üçüncü dəfə Macarıstan çempionu oldunuz. Bu barədə nə deyə bilərsiniz?
– Bu uğurları komanda olaraq əldə etmişik. Daha əvvəl ölkə kubokuna da sahib çıxmışdıq. Bütün bunlar əziyyətimizin bəhrəsidir.
– Klubla müqaviləniz başa çatır. Yeni sözləşmə ilə bağlı təklif almısınızmı?
– Müqavilə haqqında danışıqlarımız davam edir. Ümid edirəm ki, xeyirlisi nədirsə, o da olacaq.
– Pandemiyadan sonra bu mövsüm Azərbaycan Super Liqası da baş tutub. Çempionatın səviyyəsini necə görürsünüz?– Azərbaycan Super Liqasının uzun müddətdən sonra keçirilməsi sevindirici haldır. İnanıram ki, gələcəkdə daha güclü çempionatımız olacaq.
– Yenidən Azərbaycanda oynama variantınız varmı?
– Hər kəs ailəsinə, ölkəsinə yaxın olmaq istəyir. Amma hazırda bu suala cavab verməkdə çətinlik çəkirəm (gülür),
– Ölkə voleybolunun hazırkı vəziyyəti sizi qane edirmi?
– Biz də istərdik ki, daha yaxşı olsun. Çempionatımız əvvəlki illərə nisbətən zəifləyib. Ümid edirəm ki, ildən-ilə, gündən-günə daha da güclü olacaq.
– Azərbaycan yığmasının əvvəlkitək uğurlu çıxış etməsi mümkündürmü?
– Əlbəttə, hər şey mümkündür. Milli komandamız gəncdir və yetərincə gənc oyunçular yetişir. Əvvəlki nüfuzumuzu qaytara biləcəyimizə inanıram.


































