Günün ən çox müzakirə olunan mövzusu heç şübhəsiz ki, Lütfi Zadənin qəbirüstü abidəsi oldu. Daha doğrusu, bu abidəyə xərclənən 100 min manat. Ondan daha önəmlisi isə ortaya çıxan mənzərə. Hərçənd ki, insanları iki məqamın ikisi də xüsusilə yandırır. Heykəltaraş Ömər Eldarovun ərsəyə gətirdiyi işə hamı birmənalı yanaşmır. Heykəltaraşlıq sənətinin incəliklərini bilməyə, üslublardan anlayışımız olmaya bilər. Amma Allaha şükür, bir cüt gözümüz və düşünən beynimiz bizə bu nəticənin heç də uğurlu olmadığını deməyə əsas verir. Əl barmaqlarını sümükdən ibarət, bədən quruluşunu əcaib, özünün obrazını isə alimdən daha çox tində siqaret çəkən, sərxoş kişilərə bənzədən heykəltaraş bu işi görəndə hansı əhvalda, hansı ruhda olub, anlamaq çətindir. Bəlkə təsvirimi abartılı, şişirdilmiş qəbul edəcəksiz, amma öncə həmin heykələ baxın, sonra bir daha danışarıq…

Yaxşı, hesab edək ki, sənətkar mərhum alimi bu cür görüb, ona özünəməxsus tonlar əlavə edib. Siz ona irad bildirsəniz də, məşhur lətifədə deyildiyi kimi qayıdıb sizə “heç bilirsizmi çay necə axır” deyə cavab verəcək və pərt olacaqsız. Bəs xərclənən vəsait? Özü də dövlət büdcəsindən… Nə az, nə çox düz 100 min manat. “O, dünya şöhrətli alimdir, Azərbaycanın adını yüksəldib, onun üçün dəyər” deyənlərin səsini eşidirəm. Amma jurnalist yaddaşım Lütfizadənin heç basdırıldığı vətəninin dilini belə bilmədiyini xatırladır. Mərhum hər zaman rus dilində danışıb, vətəninə sahib çıxmayıb, millətinin adını həyatı boyu neçə dəfə dilinə gətirib? Bax, bu sualdır…

Halbuki dünya şöhrətli alimlərin öz ölkəsində elmin inkişafı üçün nələr etdiyindən xəbərdarıq. Ali məktəblər, kitabxanalar açandanmı danışaq, təhsilə investisiya qoyanlardanmı? Elmi konfransları Azərbaycanın paytaxtında keçirib bəlkə? Olmaya dünya miqyaslı elmi olimpiadalar təşkil edib Bakıda? Ya da azərbaycanlı gənc ixtiraçıları, savadlı gəncləri yanına aparıb, orada təhsil verib, onların yetişmələri üçün öz hesabına oxudub? Bunların heç biri olmayıbsa, sadə vətəndaş da bu 100 min manata ağzının suyunu axıdaraq baxır. Təbii, əgər onun heykəlinə ailəsi, yaxınları bu pulu xərcləsəydi, heç kim bunu ictimai müzakirəyə də çıxarmayacaqdı. Onsuz da bu torpaqlar orta statistik azərbaycanlının atasının yas mərasimində masaya min cür nemət düzüb, padşah süfrəsi açanlarla doludur. Yəni, millət olaraq bunlara öyrəncəliyik. Amma pul dövlətin olanda… işin rəngi dəyişir.

Pul demiş, bayaq özəl kanallardan birində müğənni Aygün Kazımovanın bişirdiyi pomidor-yumurta auksiona çıxarıldı. 600-700 manata qədər pul təklif edənlər oldu, axırda bir nəfər rəqəmi 1200-yə qədər yüksəltdi. Nəticədən xəbərim olmadı, əsəblərim imkan vermədi sona qədər baxım. Amma düşündüm ki, maya dəyəri 1 manat belə olmayan bir yeməyə 1200 manat verən eloğlumuz(el qızımız da ola bilər. Amma hərçənd ki, mən qadınların belə iş tutacağına qəti inanmıram-müəl.) varsa, bu millətin kürəyi yerə gəlməz. Vaqonda yaşayanların, gündə körpüyə çıxıb, intihar anonsu verənlərin, imkansızlıqdan uşağını məktəbə göndərə bilməyənlərin məmləkətində bu nə genişlik, bu nə səxavət? Hərçənd ki, biz millətin bir dərdinə əlac edə bilməyib, Şakiraları nəvəsinin sünnətində ayaqyalın oynadan milyoner azərbaycanlıların həzin sonunu xatırlayırıq. “Hanı mənim taxt-tacım” deyə səsi göyə bülənd olanları deyirəm. Necə deyərlər, biz müğənnisevən millətik. Manısa bir dünyanın puluna çanta alıb, sonradan çantasını qoluna vuraraq ölkədən gedənləri də unutmamışıq. Yəni, müğənni də sevin, ona da qulaq asın, lap toylarınıza da çağırın. Amma camaatın qayğı, pulsuzluq əlindən bezar olduğu bir vaxtda efirdən pomidor-yumurtaya 1200 manat verəcək qədər özünüzü itirməyin. Çünki qayıdıb soruşarlar: hansı gününə? Hansı bəxtəvərliyə? Bu nə qudurmuşluq?

Bəlkə də biz baş verənləri gözümüzdə böyüdürük. Bəlkə bir qəbirüstü abidəyə 100 min, bir pors pomidor-yumurtaya 1200 manatın verildiyi məmləkətin xoşbəxt, qayğısız vətəndaşlarıyıq. Bəlkə də eşşək vurub cənnətə düşmüşük. Şair demiş, bəlkə də xoşbəxtik, xəbərimiz yox… Cavanlar demişkən, odur ki, çox da şey eləməyin…