“Uşaqlığımdan etibarən qarşı cinsə marağım olmayıb. Daha sonra fərqinə vardım ki, ətrafımda hər kəsin sevgilisi var, yaşıdlarım bir neçə sevgili dəyişib və mən də münasibətimin olmasını istədim. Ancaq ya qarşı tərəf məni anlamırdı, ya da mən onları. Tam ümidimi üzüb evlilik proqramına qatılacaqdım ki, qarşıma gözləmədiyim bir anda Mehmet çıxdı”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri deyən türkiyəli qız Birsen Başar 21 yaşında autizm sindromu olduğunu öyrənib. Bütün çətinliklərə baxmayaraq öz dünyasını daha yaxından tanıtmaq üçün üzərində işləyib və autizmlə bağlı yazdığı kitablarla dünya mediasının diqqətini cəlb edib. Hollandiyada yaşayan ictimai fəal hazırda seminarlar verir və mümkün olduğu qədər bu sahədə maarifləndirmə tədbirlərində yer alır. Bütün bunlarla yanaşı, insanlara onunla bağlı maraqlı olan daha bir nüans var: bütün çətinliklərə baxmayaraq 6 ildir ki, davam edən eşq həyatı.

Son zamanlar bu marağın artmasına səbəb olan nüanslardan biri də Türkiyədə yayımlanan və böyük izləyici kütləsi qazanmış “Mucize doktor” serialında autizmli şəxsin birinə vurulmasıdır. Elə Birsen Başar da deyir ki, sözügedən serialdan sonra ona eşq həyatı, autizmli şəxslərin sevgisi ilə bağlı xeyli sual verilib:

“Filmdə nələr olur bilmirəm, ancaq həyat o qədər də asan deyil. Nə olur olsun, bu cür münasibətlərdə qarşılıqlı ünsiyyət əsas şərtdir. Mehmetlə artıq 6 ildir ki, birlikdəyik. Hiss edirəm ki, bu, insanlara maraqlı gəlir. Artıq onun məni tanıdığını düşünürəm. Normal insanlar üçün belə kimləsə münasibətini davam etdirmək çox çətindir, bir də düşünün ki, biz nə hiss edirik.

Dəyişiklikləri heç sevmirəm. Harasa səfər etdiyimiz zaman bütün yeməkləri bəyənmirəm. Gərək gəzib ürəyimcə olan bir yemək seçək. Fikrim bir şeydə olan zaman başqa nəyisə düşünə bilmirəm. Həmin zaman başqası nə istəyər deyə düşünə bilmirəm. İnsanların gözləntiləri çox yüksəkdir. Bunların hamısını qarşı tərəf dərk etməli və ondan sonra mənimlə birlikdə olmağı seçməlidir.

Məsələn, bir dəfə Mehmet iş yerində bir dostunun uşağı oldu deyə mənim sevinməyimi gözləyirdi. Mən təəccübləndim. Çünki burada mən həm onun sevindiyinə, həm də iş yoldaşının xoş gününə sevinməli idim. Mən həmin an ikiqat empatiya qura bilməzdim. Sevinə bilmədim.

Autizmli şəxslərlə birlikdə olan insanlar bu kimi hallarda özlərini tək, yalnız hiss edə bilərlər. Bir gözləntiniz varsa, bunu qarşı tərəfə bildirin. Ancaq özünüz də düşünün ki, həmin şəxs sizin gözləntinizi nə dərəcədə qarşılaya bilər”.

Bəs autizm nədir və özünü necə göstərir?

Autizm-erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir.

Psixoloq – psixoterapevt Lamiyə Ağaqızının sözlərinə görə, autizmin yaranması həm irsi, həm də doğuşdan əvvəlki, doğuş zamanı və sonradan qazanılmış bir sıra inkişafa təsiredici faktorlarla, hamiləlik zamanı baş verən narahatlıqlar, eləcə də uşaqlıqda edilən peyvəndlərlə əlaqədar ola bilər.

Autizmli şəxslər əsasən başqalarına qarşı maraqsızdır. Göz təmasından qaçır. Hər şeyin eyni olmasını istəyir, dəyişikliklərə həddindən artıq reaksiya verir. Təmasdan və qucaqlaşmaqdan xoşu gəlmir.

Odur ki, bütün bu çətinliklərə görə, autizmli şəxslərlə birlikdə olmaq çətindir, ancaq mümkünsüz deyil.