Ötən ilin may ayında təmirə bağlanan “Atatürk” parkının açılışı olub. Parkın təmirdən əvvəlki antisanitar vəziyyəti ətraf ərazilərdə yaşayan vətəndaşları nə qədər narahat edirdisə, yenidənqurma işlərindən sonra istifadəyə verilən park sakinlərin sevincinə səbəb olub.

Oxu.Az xəbər verir ki, paytaxtın Nərimanov rayonu, Atatürk prospektində yerləşən, böyük şəxsiyyət Mustafa Kamal Atatürkün adını daşıyan “Atatürk” parkında aparılan yenidənqurma işlərinin məqsədi parkdakı şəraiti daha da yaxşılaşdırmaq, ən müasir dövrün tələblərinə uyğun şəkildə əhalinin istifadəsinə vermək idi.

Parkın əsaslı təmir-bərpa işləri vətəndaşların istək və arzuları nəzərə alınmaqla Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə həyata keçirdiyi layihə əsasıda aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 1-də Bakının Nərimanov rayonundakı Atatürk prospektində yerləşən parkda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya parkda görülən işlər barədə məlumat verib.

Bildirilib ki, layihə çərçivəsində ümumi sahəsi 6.5 hektar olan bu istirahət məkanında bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq onlar üçün xüsusi guşələr, uşaq əyləncə və trenajor qurğuları, həmçinin, konsert meydançası yaradılmaqla əsaslı yenidənqurma işləri aparılıb.

Parkda sakinlərin bir-birinə mane olmadan, rahat şəkildə istirahət etmələri üçün velosiped və qaçış zolaqları, eləcə də, axşam saatlarında parkın yaxşı işıqlandırılması üçün yeni, ən müasir işıq dirəkləri quraşdırılıb.