Deputat Aqil Abbas parlamentdəki çıxışında Təhsil haqqında qanun barədə danışıb.

MM üzvü bildirib ki, nə qədər qanun qəbul ediriksə, vəziyyət dəyişmir: “Orta məktəblərdə vəziyyət bəllidir. Mən nəvələrimin çantasını götürə bilmirəm. O ağırlıqda çantanı götürməklə uşaqlar ya “ştanqist” olacaqlar, ya da qozbel”.

Minval.info xəbər verir ki, A.Abbas müəllimlərin tənqid olunmasına qarşı çıxıb: “Müəllimlərin üstünə çox düşmüşük. Bu maaşla bizim balalarımıza dərs deyən müəllimlər hamısı milli qəhrəmandır. Bu yaxınlarda bir uşağa şapalaq vuran 30 ilin müəllimini məktəbdən qovublar. Uşaq gəlib müəllimin üstünə qusurmuş, buna görə olub məsələ. Belə şey olmaz axı. Onsuz da kişi müəllimlərin qıtlığıdır, onları belə küsdürürük. Müəllimləri belə ucuzlaşdırmaq olmaz axı. Biz müəllimləri özümüzə qul eləmişik. Valideynlər elə bilir ki, müəllimə qarşı hər şey eləmək olar”.

Deputat qeyd edib ki, keçmişdə belə nadinc şagirdləri məktəbdən qovardılar: “Ağdamda 3 saylı məktəb ovardı. Nadinc uşaqları ora göndərərdilər, elə “gestapo” mühiti olardı ki, sonra onların içərisindən elmlər doktoru, polis rəisləri çıxırdı”.

A.Abbas işdən qovulan müəllimlə bağlı çağırış edib: “Mən Təhsil Nazirliyindən xahiş edirəm, həmin müəllimi qaytarın işinə!”

Deputat Etibar Əliyev isə söz alıb deyib ki, bu hadisə Qaraçuxur qəsəbəsindəki 146 saylı məktəbdə baş verib. O qeyd etdi ki, məsələ ilə əlaqədar məktəbdə olub, direktor və müəllimlərlə görüşüb: “Müəllim müzakirəni gözləmədən, ailə vəziyyəti ilə əlaqədar öz ərizəsi əsasında azad olunması barədə müraciət edib”.