03.08.2026 - 12:32
Dünya 14 baxış

AEM-dən saxta iş elanlarına qarşı xəbərdarlıq: Vətəndaşlar aldanmasın!

Analitik Ekspertiza Mərkəzi (AEM), vətəndaşları aldatmağa yönəlmiş saxta məlumatlar və sənədlərin yayılması ilə əlaqədar xəbərdarlıq edib. Sosial şəbəkələrdə AEM-in adından istifadə edilərək yayılan bu məlumatlar, vətəndaşları yanıltmaq məqsədi daşıyır.

Minval.info xəbər verir ki, AEM-in yaydığı bəyanatda, guya mərkəzin “Sandoz Pharma Departamenti” ilə əməkdaşlıq etdiyi və “barkodçu” vəzifəsinə işçi qəbul etdiyi iddia olunur. Həmçinin, namizədlərin məlumatlarının AEM-in daxili reyestrində qeydiyyata alındığı bildirilir. Lakin AEM bu məlumatların tamamilə saxta olduğunu və həqiqəti əks etdirmədiyini vurğulayıb.

AEM-in açıqlamasında qeyd olunur ki, yayılan saxta sənədlərdə “Analitik Ekspertiza Mərkəzi Sandoz Pharma Departamentinin İnsan Resursları Departamentinin Etibar Abdalov” adlı şəxsin imzası göstərilib. Lakin AEM-də belə bir şəxs çalışmır. Bundan əlavə, sənədin üzərindəki tarix ziddiyyətli olub, bu da onun saxta olduğunu sübut edir. İşə qəbul adı altında vətəndaşlarla əlaqə saxlayan şəxsin özünü “Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin tabeçiliyində fəaliyyət göstərən Sandoz Pharma şirkətinin İnsan resursları üzrə baş koordinatoru Fariz Heydərov” kimi təqdim etdiyi və vətəndaşlardan “müqavilə rekvizitlərinin rüsumu” adı ilə pul köçürməsini tələb etdiyi bildirilir.

AEM, tabeliyində “Sandoz Pharma” və ya hər hansı özəl şirkətin fəaliyyət göstərmədiyini və işə qəbul zamanı heç bir ödəniş tələb olunmadığını bəyan edib. Sosial şəbəkələrdə yayılan “barkodçu” vəzifəsi ilə bağlı məlumatların da həqiqəti əks etdirmədiyi vurğulanıb. Mərkəz, dərman vasitələrinə xətti barkod (GTIN/EAN) vermədiyini də qeyd edib.

Vətəndaşlara müraciət edən AEM, işə qəbul, ödəniş və digər rəsmi prosedurlarla bağlı yalnız rəsmi məlumatlara etibar etmələrini, naməlum şəxslərin göndərdiyi sənədlərə və ödəniş tələblərinə inanmayaraq şəxsi məlumatlarını və pul vəsaitlərini üçüncü şəxslərə təqdim etməmələrini tövsiyə edib. Faktla bağlı müvafiq dövlət strukturlarına müraciət ediləcəyi və qanunvericiliyə uyğun hüquqi tədbirlərin görüləcəyi bildirilib. Rəsmi işə qəbul elanlarının yalnız Mərkəzin rəsmi internet səhifəsi və sosial media hesabları vasitəsilə yayımlandığı xatırladılıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: