Eyndhoven Texniki Universitetinin elektrik mühəndisliyi fakültəsində 20 yaşlı tələbələr arasında bir noutbukla çalışan 9 yaşlı Laurent Simons haqqında bəziləri səhv məlumata malikdirlər. Bir çoxları onun müəllim heyətindən birinin övladı olduğunu düşünür.

Amma yaxın günlərdə onun bakalavr təhsilini bitirib dünyanın ən gənc universitet məzunu olacağı gözlənilir. Üstəlik, ən azı 3 ildə bitiriləcək elektrik mühəndisliyi təhsilini də bir ildə başa çatdıracaq.

Musavat.com BBC Türkcəyə istinadən xəbər verir ki, mart ayında elektrik mühəndisliyi təhsilinə başlayan 9 yaşlı Laurent bakalavr təhsili üçün son layihəsini bitirmək üzrədir.

ABŞ-ın Alabama Universitetinin 10 yaşlı məzunu Maykl Kearney, hazırda dünyanın ən gənc universitet məzunudur.

Ən gənc universitet məzunu olaraq Ginnesin Rekordlar Kitabında yerini alacaq Laurent Simons Belçikanın Oostende şəhərində anadan olub. Atası Alexander onun barəsində “Anasının bətnində olanda beynində nələrsə səhv getdi. Ancaq xoşbəxtlikdən müsbət mənada” deyib.

IQ dərəcəsi 145 olan Laurent, məktəbdə darıxdığı üçün Amsterdam Tibb Fakültəsi Universitetində bir tədqiqat layihəsinə başlayıb. 8 yaşında Laurent Belçikanın Brugge şəhərində riyaziyyat elmləri üzrə orta məktəb diplomu alıb və ailəsi ilə Hollandiyaya köçüb.

ABŞ-ın istedadlı uşaqlar üçün Stanford və Fairfield universitetlərində kurslara qatılan Laurent getdiyi yerdə ən gənc tələbə olub. Təhsilinin üçüncü ilində bir universitet dərəcəsi alacaq Laurent, digər şagirdlərin 10 həftə ərzində mənimsədikləri bir mövzunu həll edə bilər.
Laurent Simons məktəb həyatı xaricində normal bir uşaq kimi yaşayır. Həftə sonları nənəsinin itləri ilə oynayır, itlər haqqında danışanda gözləri parıldayır.

Təhsil aldığı dostlarının çoxu yaşlıdır. Skaut və ya idman onu çox maraqlandırmır. Anasının dediyinə görə, Lidiyanın, nahar üçün sevdiyi bir şey yoxdursa, 9 yaşlı uşaq kimi inadkarlıq edir, üz-gözünü turşudur. Eindhoven Texniki Universitetindən Prof. Dr. Peter Baltus deyir ki, ilk vaxtlar orta yaş həddi 20 olan sinifdə azyaşlı tələbə tapmaq bir az qəribə görünüb. Ancaq bir müddət sonra, Baltus, digər tələbələr kimi onunla danışmağı bacardığını başa düşüb: “Bəzi tələbələrdən daha yaxşıdır. Bəzən çox kiçik olduğunu unuduram”.

Baltusa görə, Laurent inanılmaz bir beyin quruluşuna sahibdir və hər şeyi “dəli bir sürətlə” öyrənir. Bunun fotoqrafik yaddaşdan daha artıq anlama gəldiyini deyən professorun fikrincə, 9 yaşlı uşaq onun peşə həyatı boyunca tanıdığı ən ağıllı tələbədən üç dəfə daha ağıllıdır.
Laurent Eindhoven Tech laboratoriyalarının normal məktəbdən daha əyləncəli olduğunu düşünür. Elektrik mühəndisliyi sahəsində bir şey icad etməkdən məmnun olduğunu söyləyir.

İNSAN ÖMRÜNÜ UZATMAQ ÜÇÜN ÇALIŞACAQ

Üç il əvvəl Belçika mediasına verdiyi müsahibədə Laurent ürək cərrahı və ya astronavt olmaq istədiyini desə də, indi yalnız ürəyə diqqət yetirmək istədiyini bildirib. O, bir alim olaraq insan ömrünü uzatmaqla yanaşı ürək xəstəlikləri üzərində də işləmək istəyir. Ürək xəstəliyi ilə babasına və nənəsinə kömək edə biləcəyini düşünür.


Tezliklə Eindhoven Texniki Universitetini bitirəcək Laurentin valideynləri övladları üçün əlavə təhsil axtarışındadır. Buna görə ABŞ və Hollandiya arasında tez-tez səyahət edirlər.

Laurentin ürəyi ABŞ-ın Kaliforniya ştatında yaşamaq üçün döyünür. Hollandiya və Belçikanın kədərli atmosferini bilənlər üçün bu, çox məqbul və keçərli səbəbdir: “Mən Kaliforniyaya getmək istəyirəm. Çünki orada hava çox gözəldir.”