Əgər Qələbəmizə hər kəs sevinirsə, onun misilsiz nəticələrini heç kim şübhə altına almırsa, bəzi digər məsələlərdə qeyri-müəyənlik cəmiyətin müəyyən hissəsində narahatçılıq yaradıb.

Əsas səbəb – rus əsgərlərinin ölkə ərazisində yerləşməsidir. Budur bəzi soydaşlarımızı narahat edən məsələ və bu, anlaşılandır.

Nəyə görə?

Çünki biz həm 20 Yanvarı unutmamışıq, həm Xocalı soyqırımında 366-cı motoatıcı alayın rolunu xatırlayırıq, həm də Ermənistana ötürülən hədiyəlik silahlar yadımızdadır.

Amma öz payıma belə deyim, bəlkə də təkrarlanıram, üzrlü sayın.

6 ay əvvəl bu gün əldə olunan nəticələri heç təsəvvürümüzə gətirə bilməzdik.

Ərazi bütövlüyümüz bərpa edildi, qan tökülmədən hərbi cəhətdən ən çətin rayonlar azad edilir, Şuşa (!!) bizə qayıtdı, Naxçıvandan, eyni zamanda Türkiyədən Azərbaycanın digər ərazilərinə yol açılacaq (!!),

Dağlıq Qarabağ yalnız coğrafi bir termin oldu, oranın bütün bölgələrində Azərbaycan bayrağı dalğalanacaq,

Azərbaycan Qanunları işləyəcək, yaşayanların hamısı Azərbaycan vətəndaşı olacaq, mobil rabitədən tutmuş polis orqanlarına qədər hər şey milli olur artıq və s.

Eyni zamanda, Azərbaycanda bildiyimiz və bilmədiyimiz qədər Türkiyə silahlı qüvvələri təmsil olunub, aerodromlarımızda F-16-lar yurd salıblar və Türkiyə bütün səviyələrdə bizim yanımızda olduğunu bəyan edir.

Daha doğrusu bəyan etmir, bunu sübut edir.

Düşünürəm, hamımıza aydındır ki, Türkiyə olmasaydı, biz bu gün yalnız hansısa bir yüksəkliyin ya kəndin alınmasını bayram edərdik, Ordumuzun gücünə və fədakarlığına baxmayaraq.

Və anladığım qədər belədir ki, əgər Türkiyə bu məsələdə sona qədər yanımızda oldusa, Türkiyə Qarabağa görə dünya nəhəngləri tərəfindən bu qədər təzyiqlərə dözüb sözündən dönmədisə, deməli, Türkiyə heç vaxt bizim və öz xeyrinə olmayan qərarları dəstəkləməzdi.

Yəni, uzun sözün qısası, mənim üçün Türkiyə rus əsgərlərinin ölkəmdə olmasını tarazlaşdırır.

İllah ki, hələ çox şeyi bilmirik, pərdəarxası nələr baş verir xəbərimiz yoxdur, ola bilsin, bəzi məqamları gizlədirlər ki, ermənilər daha da çox qəzəblənib “daban palirovşikını” devirməsinlər, o, hələ bizə lazımdır filan. Guman edirəm belə məqamları.

Və tam səmimi deyim, əgər rus əsgəri Türkiyə burada olmadan ölkəmə gəlsəydi, etiraz edənlərin ön cərgələrində elə özüm olardım.

Cavanlıqda əksər cavanlar kimi radikal olsam da, bu gün praqmatizm və realizm üstünlük təşkil edir düşüncələrimdə.

Azərbaycanın müasir tarixində biz iki dəfə tələb edib xarici qoşunları ölkəmizdən çıxarmışıq.

Biri sovetlər dağılandan sonra oldu, digərisi Qəbələ stansiyası ilə bağlı. Tək etmişik bunu, heç kim olmayıb yanımızda.

Və əgər bunu nisbətən zəif olan vaxtlarımızda, qardaşlarımızın hərbi dəstəyi olmadan edə bilmişiksə, zamanı çatanda lazım bilsək bir daha edə bilərik, mövcud imkanlarla.

Bu gün mənim üçün ən əsas məsələ odur ki, 30 il (!!!) sonra işğal altında olan ərazilər həyata qayıdacaq, insanlar evlərinə dönəcək, doğum artacaq, sayımız çoxalacaq oralarda, özlərində cəsarət tapıb qayıdan ermənilər isə heç bir nə status, nə xüsusi imtiyazlar almayacaqlar.

Və bildiyimə görə, şərt belədir ki, qayıdan və hal-hazırda Qarabağda qalan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməkdən imtina etsələr, həmin o rus əsgərlərinin köməkliyi ilə deportasiya olunacaqlar.

Lakin narahatçılıq keçirən soydaşlarımı da qınamıram.

Hər kəs düşünsəsində sərbəstdir. Sadəcə bunu dönə- dönə təkrar edəcəm – əldə etdiyimiz birliyi pozmayaq!

Rus əsgərinin burada olmasını qəbul etməyən də, bunu zəruri addım kimi qəbul edən də bizimkidir və hər ikisinin bir arzusu var, Azərbaycanı müstəqil və vahid görmək.

Odur ki, diskussiyaların yeri var, arqumentlər mübadiləsinin yeri var, amma qarşılığlı ittihamların və təhqirlərin yeri yoxdur.