“İşsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslərin birdəfəlik ödəmə (190 manat) ilə təminatı proqramının icrası davam edir”. Bu barədə Musavat.com-a Əmək və Əhalinin Sosial Müdafiəzi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat verib. O bildirib ki, bu günədək 400 min şəxsə birdəfəlik ödəniş təyin edilib və müraciətlərə baxıldıqca nəticəsinə uyğun daha 200 min şəxsə də ödəniş aparılacaq: “Ümumilikdə isə işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslər tərəfindən birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalına edilən müraciətlərin qəbulu artıq yekunlaşıb.
Daxil olmuş müraciətlərin emalı prosesi isə davam edir. Birdəfəlik ödəmələrin təyinatında ünvanlılıq prinsipi üstün tutulur. Xüsusilə aprelin 1-dək işsiz kimi qeydə alınan, çalışdığı qeyri-formal iş yerini xüsusi karantin dövründə itirən, ailə gəlirlərinin daha aşağı səviyyədə olduğu (e-informasiya bazalarının məlumatları əsasında) müəyyən edilən şəxslər diqqətdə saxlanır”.
Talıbov bildirib ki, vətəndaşlar tərəfindən edilən şikayətlərin hər biri araşdırılacaq:
“Verilən qərardan əgər vətəndaş narazıdırsa, onun şikayət etmək hüququ var. Əgər onlar iddia edirlərsə ki, birdəfəlik ödəməni almağa haqları çatır, bunun üçün əsaslar var, o zaman rəsmi şəkildə müraciətlərini etsinlər. İnsanların bəziləri narahatdırlar ki, onlara sms gəlməyib. Bildirirəm ki, hazırda proses davam edir. Sadəcə olaraq, müraciətin qəbulu dayandırılıb. Bu isə prosesin yekunlaşması mənasına gəlmir. Cənab prezidentin tapşırığına uyğun olaraq birdəfəlik ödəmədən yararlanan vətəndaşların sayı 600 minə çatdırılıb. Yuxarıda da qeyd etdiyim kimi, hazırda 400 min vətəndaşımıza bu ödəmə həyata keçirilib. 200 min vətəndaşa da ödəmə olacaq. Ona görə də müraciət edənlərə əgər sms gəlməyibsə, müvafiq qərar verilərək onlara əgər ödəmə alma hüquqları varsa, bu barədə, yoxdursa, imtina edilməsi ilə bağlı sms göndəriləcək”.

Nazirlik tərəfindən bildirilib ki, aztəminatlı işsiz şəxslərlə bağlı bir çox istiqamətlərdə sosial dəstək tədbirləri davam edir:
“Həmin şəxslərin işlə təminatı, bunun üçün onlara vakansiyalar, habelə ödənişli ictimai iş yerləri təklif olunur. İş tapmaqda çətinlik çəkənlərin peşə hazırlığına cəlb edilməsi işləri aparılır. Kiçik ailə təsərrüfatlarını qurmaq üçün maddi imkanları olmayanlara özünüməşğulluq proqramı çərçivəsində dəstək göstərilir. Bu il minimum 12 min ailə üçün belə təsərrüfatlar qurulur, onlara gəlir əldə etmək imkanları yaradılır. Qeyri-rəsmi çalışanların müəyyən edilməsi və onların əməyinin rəsmiləşdirilməsi üçün tədbirlər görülür. Mövcud vəziyyətdə maddi çətinlikləri olan ailələr hazırda ölkədə geniş miqyas alan sosial dəstək aksiyalarından yararlanır. Təkcə aprel ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və sosial tərəfdaşlarla birgə belə ailələrə 28 min ərzaq payı verilib. Daha 30 min ərzaq payının verilməsi nəzərdə tutulub.
Gəlirləri ehtiyac meyarından aşağı olan ailələrin ünvanlı dövlət sosial yardımı proqramı ilə əhatə olunması işləri aparılır. Proqramın şərtləri də yumşaldılır ki, bu da sosial yardım alanların sayının artmasına imkan verib. Təkcə aprel ayında əlavə olaraq 12 min (50 min ailə üzvü) ünvanlı yardım təyin olub və bu yardımı alanların sayı 82 minə (340 min ailə üzvü) çatıb”.

































