FutbolPressVerdiyi qərarlarla bağlı mətbuatdan anlayış və dəstək istəyən Nikola Yurçeviç yəqin ki, bundan sonra yazılanları da daha çox diqqətə alar. Emil, Təmkin, Eminin oynamalı olduğu ilə bağlı yetəri qədər qeydlərimiz olmuşdu. Seçmə mərhələdə ilk xalı da onlar qazandırdı…

Milli Xorvatiya ilə heç-heçə etməklə (1:1) tsikldə xalsızlar siyahısından adını sildirdi. Bu, Yurçeviçin gəlişindən sonra ilk pozitiv nəticə idi.

Xorvat yenə (!) start heyətini doğru müəyyənləşdirməmişdi. Bunu hissələr arasındakı kəskin fərqə görə qətiyyətlə iddia etmək olar. Uelsə qarşı matçla müqayisədə iki dəyişiklik var idi və hər ikisi də təxminən məcburi idi. Kardifdəki məğlubiyyətin əsas səbəbkarı olan Səlahət Ağayevin əvəzinə Emil Balayev oynayacaqdı. Riçard Almeyda isə zədə səbəbindən yerini Cavid Hüseynova vermişdi. Emillə bağlı vəziyyət aydındı: Son səhvləri çıxsaq belə, Səlahət bu aralar özündə deyil, Balayev isə ideal formadadı və hazırda “çərçivə” üçün ən yaxşı variant odu, Uelsə qarşı da meydanda olmağı haqq edirdi. Cavidin oynaması isə anlaşılmazdı, Emin Mahmudov, hətta Rəşad Eyubov daha yaxşı seçimlərdi.

Baş məşqçi yenə Şəhriyar Rəhimovu sol cinahboyu oynatmaq qərarına gəlmişdi. Müdafiənin sağı isə ötən matçın ən zəiflərindən Pavel Paşayevə həvalə edilmişdi. Şəhriyar topla özünü rahat hiss etmir, bu funksiya üçün uyğun deyil, üstəlik əgər Təmkin Xəlilzadə kimi daha yaxşı alternativin varsa. Pavel Paşayevin isə müasir futbolda cinah müdafiəçisi üçün ən vacib xüsusiyyəti – hücumlara qoşulmaq bacarığı kasaddı. Müdafiə planında da dünənin ən zəifi idi.

Doğru olmayan heyət seçimi ilk dəqiqələrdən komandanın özünü narahat hiss etməsinə səbəb oldu. Xorvatlar startdan sonrakı 20 dəqiqəyə azı 4 qol vura bilərdilər. Ancaq yalnız Luka Modriçin penalti zərbəsindən vurduğu top tora qovuşdu. Çünki Emil Balayev sadəcə möhtəşəm idi. Uelslə matçda Pavel Paşayevlə Səlahət Ağayevin anlaşa bilməməsindən vurulan/buraxılan qol yadınızdadı. Məlumdu, həmin epizodda səhv ilk növbədə müdafiəçisi ilə kommunikasiyası düzgün olmayan qolkiperdə idi. Balayev isə bu baxımdan çox üstündü. Oyunboyu diqqət etdik – xüsusilə, ilk hissədə izləyicilərin susqunluğu eşitməyə münbit imkan yaratmışdı – Emil hətta top bizimkilərdə olan zaman da hər dəfə onlarla danışır, vəziyyəti düzgün qiymətləndirməyə kömək edirdi. Meydanı ən yaxşı görən qapıçıdı, onun belə məqamlarda müdafiəçilərlə ünsiyyəti vacibdi.

Getdikcə qonaq komandanın təzyiqi azaltması millinin bir qədər açılışmasına səbəb oldu. Lakin hissənin sonuna qədər Livakoviçi ciddi həyəcanlandıra bilmədik. Cavid Hüseynovun uyğun epizodda qeyri-dəqiq zərbəsi və Dmitri Nazarovun oyundankənar vəziyyətdə kənara vurduğu top isə yalnız həyəcan imitasiyası sayıla bilər.

Fasilədə Yurçeviç bir oyunçu dəyişikliyi ilə əslində bir neçə dəyişiklik etmiş oldu. Pavel Paşayevin əvəzinə Təmkin Xəlilzadəni meydana buraxan mütəxəssis Maksim Medvedevi sağa, Anton Krivotsyuku mərkəzə, Şəhriyar Rəhimovu ona daha doğma olan müdafiənin soluna çəkdi. Təmkin isə Şəhriyarın mövqeyində – sol cinah yarımmüdafiəçisi kimi oynamalı idi. Taktiki yenilik olmasa da, keyfiyyət fərqi qısa zamanda effekt verdi. Xəlilzadə ilk dəqiqələrdən fəallıq göstərməyə başladı, epizod da yaxaladı, ancaq top işlək olmayan, sağ ayağına düşdüyü üçün istədiyi zərbəni vura bilmədi. Müdafiədə etibarlı olan Maksim isə imkan düşdükcə hücumlara qoşulurdu – Pavelin bacarmadığını etməyə çalışırdı.

Az sonra daha bir “zəif bənd” Cavid Hüseynovu Emin Mahmudovla əvəzləyən Yurçeviç bu komandada düzəldiləcək ən ideal heyətlərdən birini qurdu. Oyunun ritmini tutan komandanın son yarım saatda etdikləri göstərdi ki, ilk dəqiqələrdən meydana məhz belə çıxmaq lazım imiş.

Ok, Təmkinin solo qolu xüsusi bir oyun keyfiyyəti deyil, bu futbolçunun çoxdan bəlli alan inisiativ alma bacarığının növbəti keyfiyyətli nümayişi idi. Amma ona qədər düşünülmüş hücumdan sonra Mahmudovun yaxşı epizodu olmuş, əslində o da doğru olanı etmiş, sadəcə, istədiyi zərbəni vura bilməmişdi. Bərabərlik qolundan bir qədər sonra isə Maksimin yaxşı ötürməsinə Təmkin effektiv zərbə vura bilmədi. Daha vacibi bütün bunlar baş verərkən Xorvatiyanın heç bir real qol imkanı əldə edə bilməməsi idi.

Təbii ki, baş məşqçinin etdiyi dəyişikliklərin fayda verməsi onun adına müsbətdi. Ancaq dünən baş verənlər Yurçeviçin oyunun gedişatına uyğun əvəzləmələr etməsindən çox səhvlərini görüb onları düzəltməsi idi. Buna görə də təəssüf ki, baş məşqçinin işi barədə şövqlü qeydlər edə bilməyəcəyik. Ancaq futbolçular – Emil, Bəhlul, Ramil, Təmkin… həqiqətən də, xoş sözlərə layiqdilər. Slovakiya və Macarıstana qarşı Bakıdakı görüşlərdə meydanda gəzən yığma dünya ikincisinə qarşı bir hissə normal futbol oynadı, mübarizə apardı, müəyyən aralıqlarda isə hətta yaxşı oyun göstərdi. Uelsdəki matçla bərabər yaranan ümid qığılcımları dünən alovlandı (Söhbət daha yaxşı ola biləcəyinə ümiddən gedir). Qarşıdakı 3 oyunla bağlı azacıq da olsa pozitiv düşünmək olar.

“Hər tsikldə hansısa komandanı bədbəxt edirik də…” – ümid edək, bu sadəcə onlardan biri deyildi və milli davamını gətirə biləcək.

Faiq Tahirov / Futbolpress.az