Şuşa qayalarında vandalizm: Ad yazmaq yox, yaşatmaq!
Hər hansı bir hərəkətin niyyəti ilə mənası bəzən üst-üstə düşməyə bilər. İnsan yaxşı niyyətlə də yanlış iş görə bilər. Mədəniyyət paytaxtımız Şuşada qayaların üzərinə rəng püsgürdərək adların yazılması ilə bağlı görüntülər belə bir həssas məsələnin üzərində düşünməyə çağırır. Bir neçə ay öncə Bakıda – NİZAMİ Kino Mərkəzi divarlarında da bənzər bir hadisə yaşanmışdı.
Minval.info xəbər verir ki, şəhid adı, şəhidlik anlayışı qutsallıq daşıyır; Şuşa da özlüyündə əzizdir. Keçmiş işğalçının “Dağlarda toy”unu vaya çevirdiyimiz Şuşa, tarixi Zəfərimizin rəmzidir. Zəfərin rəmzi olan şəhər rəsmən Mədəniyyət paytaxtımızdır; bu etibarla, Zəfər mədəniyyətimizdən, mədəniyyətimizin zəfərindən danışarkən Şuşa adı ön plana çıxır.
Ad yazmaqla ad yaşatmaq arasında fərq var. Şəhid adı yaddaşa, könülə, gələcəyin vicdanına, məktəbə, muzeyə, kitaba, abidəyə və ən başlıcası, Vətənin yaddaşına yazılar. Şuşada qayalar üzərinə ad yazmaq isə dövlət, xalq, ordu münasibəti olmayıb, fərdi xarakter daşıyır.
Ad yazmağın dövlətin, toplumun qəbul etdiyi ləyaqətli, estetik və mənəvi biçimləri vardır. Şuşanın qayası isə xatirə dəftərinin boş səhifəsi statusunda görülməməyi haqq edir. O qayalar bizdən öncə də vardı, bizdən sonra da qalmalıdır. Şuşanın hər qayası, daşı bu əziz şəhərin doğa yaddaşının, tarixinin, keçirdiyi çətinliklərin və qazandığı parlaq Zəfərin dilsiz şahididir. Dövlət–xalq–ordu birliyi Şuşanı azad etməklə, onu özümüzdən də qoruya biləcək qədər sevgiyə bələyib.
Azad etdiyimiz torpağa münasibətimiz azadlığımızın mədəniyyətini göstərir. İşğal dönəmində mədəni irsimizə qarşı vandalizmdən danışmışıq, abidələrimizin dağıdılmasını, şəhərlərimizin görünüşünün dəyişdirilməsini dünyaya göstərməyə çalışmışıq. İndi həmin torpaqlara qayıtdığımız çağda öz davranışımızın ölçüsü daha yüksək olmalıdır. Çünki başqasından tələb etdiyimiz sayğını ilk növbədə özümüz nümayiş etdirməliyik. Şuşaya sayğı o şəhəri düşmən tapdağından qurtarmış şəhidlərə, qazilərə sayğıdır.
Daşa, divara, tarixi tikiliyə, ağaca “mən də buradaydım” nişanı qoymaq ilkin bir impuls ola bilər; mədəniyyət isə həmin impulsu cilovlamaq yetkinliyindən başlayır. Tarixi məkanda özündən iz buraxmaqdan çox, tarixin izini qorumağa çalışmaq daha düzgün yanaşma deyilmi?
Bu baxımdan məsələ yalnız Şuşada bir neçə qayaya yazılmış addan ibarət sanılmamalıdır. Bu, ictimai əmlaka münasibətdir, şəhər mədəniyyətidir, turizm davranışıdır, estetik məsuliyyətdir, nəhayət, vətəndaşlıq, vətəncanlılıq şüurudur.
Əlbəttə, qayda da olmalıdır, nəzarət də, qanunun tələb etdiyi yerdə məsuliyyət də; amma hər qayanın yanında nəzarətçi saxlamaq mümkünmü?
Şəhid ailələrinin duyğuları sözügedən məsələdə hamımız üçün ayrıca mənəvi ölçü-ülgüdür. Övladını Vətən torpağı uğrunda itirmiş anaya, ataya ən böyük təsəlli onun uğrunda can verdiyi Vətənin qorunması, abadlaşması, ləyaqətlə yaşadılmasıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
A.B.İ. serialının yeni mövsümü sentyabrda başlayır
Avtomobil bazarında köhnə maşınlara tələbat artıb
Selen Öztürk yeni serialda baş rolda!
Murad və Ülviyə oğullarının ad günündə bir arada
Fidan Hacıyeva 50 yaşını opera festivalı ilə qeyd edir
Türkiyədə aktyor Serhat Mustafa Kılıç vəfat etdi
Alen Simonyan ailə həyatı qurdu