Bu gün tanınmış pedaqoq, maarifçi, naşir, islam dünyasının ilk təbiətşünas alimi və Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür.

Bütün həyatını millətinin maariflənməsinə həsr edən Həsən bəy Səlimoglu (Zərdabi) 1837-ci il iyun аyının 28-də Göyçay qəzasının Zərdab kəndində bəy аiləsində аnаdаn оlub. Bu gün bu böyük insanın anadan olmasının 185 ili tamam olur.

Həsən bəy Zərdabi haqqında 10 maraqlı faktı təqdim edirik:
1.15 yaşına qədər ərəb, fars və rus dillərini öyrənib.

2. Şamaxıdakı dünyəvi məktəbdə oxuyarkən Qafqaz Təhsil Komissiyasının müdiri baron Nikolayın diqqətini çəkən Zərdabi dövlət təqaüdü ilə Tiflisdə oxumaq şansı qazanıb. Lakin Həsən bəyin böyük qardaşları onun Tiflisə getməyinə icazə verməyiblər. Nəhayət, Tiflisdə yaşayan atasının dayısı general Fərəc bəy Ağayevin müdaxiləsindən sonra gənc Həsən Tiflisə gedir.

3. Həsən bəy Zərdabi Moskva Dövlət Universitetində təhsil alan (1861-1866) ilk azərbaycanlıdır.

4. Qafqazda o zaman fəaliyyət göstərən 10 gimnaziyada çalışan müəllimlər içərisində ali təhsilli yeganə azərbaycanlı Həsən bəy idi.

5. Zərdabi 1872-ci ildə Bakıda müsəlman dünyasında ilk “Cəmiyyət-xeyriyyə”ni yaradır. 

6. Həsən bəy Zərdabi Azərbaycanda ilk peşəkar teatrının yaradıcılarındandır. Onun rəhbərliyi və Nəcəf Bəy Vəzirov ilə Əsgər ağa Adıgözəlovun dəstəyi ilə 1873-cü ildə M. F. Axundovun “Hacı Qara” və “Lənkəran xanının vəziri” komediyaları tamaşaya qoyulub.

7. O, Azərbaycan milli mətbuatının banisidir. 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzeti nəşrə başlayır. “Əkinçi” qəzeti Azərbaycan, həmçinin də bütün Rusiyada nəşr olunan ilk türk dilli qəzet idi.

8. 1906-cı ildə Bakıda Azərbaycan müəllimlərinin Birinci qurultayının keçirilməsinin təşəbbüskarı və təşkilatçısı Həsən bəy Zərdabi olub.

9. Hacı Zeynalabdin Tağıyevin 1901-ci ildə Bakıda açdığı Qızlar məktəbinin nizamnaməsi Zərdabi tərəfindən yazılıb. Məktəbin idarə heyətinin ik rəhbəri Tağıyev, müavin isə Zərdabi olub. Həsən bəy özü və dostları Bakı və ətraf əraziləri qapı-qapı gəzərək Məktəbə qızlar toplayıb. Nəticədə 1901-ci ilin 7 oktyabrında 58 qız şagird ilə məktəb fəaliyyətə başlayıb.
10. Həsən bəy zərdabi 28 noyabr 1907-ci ildə vəfat edir. Cənazəsi çox böyük kütlənin müşayiəti ilə dəfn edilir. O, köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1937-ci ildə həmin ərazi dağıdılır, mərhumun sümükləri bir müddət evdə ailəsinin yanında saxlanılır. Nəhayət, 1957-ci ildə Həsən bəy Zərdabinin vəfatının 50 illiyi qeyd olunarkən onun sümükləri Fəxri Xiyabanda dəfn olunur.

Bizim.Media