Fransanın Nant şəhərindən Uelsin paytaxtı Kardiffə yola çıxan və Manş dənizinə düşən təyyarədə həyatını itirən Emiliano Sala üçün inanılmaz iddialar ortaya atıldı…
“Minval.info” xəbər verir ki, argentinalı futbolçu Emiliano Salanın cənazəsi ölkəsinə göndərilmişdi. Emiliano Sala, böyüdüyü Proqreso şəhərində son mənzilə yola salındı. Futbolçunun ailəsi, dostları, eləcə də şəhər sakinləri qara və qırmızı formalarla cənazə mərasiminə qatılıblar.
Daha sonra Salanın yaxın qohumu Martin Qatti, argentinalı futbolçunun öldürülmüş ola biləcəyini iddia edib. Yerli televiziya kanalına müsahibə verən Qatti, hadisənin bir qəza olmadığını ifadə edərək, “Bu bir qəza deyil, Emiliano öldürülmüş ola bilər. Ailəsi də eyni şəkildə fikirləşir” – deyib.

Hadisənin yenidən araşdırılmalı olduğunu ifadə edən Martin Qatti, “Məhkəmələr bu məsələni yenidən araşdırsın. Hadisə “Təyyarə qəzaya uğradı, iki nəfər öldü” şəklində şərh edilməli deyil” – sözlərini də fikirlərinə əlavə edib.

Qatti həmçinin, imzalanan müqavilə sonrası Salayı o təyyarəyə qoyan, təşkilati işləri görən, pilotu icarələyən şəxslərin də araşdırılmasını tələb edib. Qatti müsahibəsində “İşin içərisində pul olduğu zaman başqalarının həyatını əhəmiyyətsiz hesab edənlər var” – sözlərini də dilə gətirib.

Qeyd edək ki, Fransanın “Nant” klubundan İngiltərənin “Kardiff Sity” klubuna 15 milyon sterlinqə transfer olan Emiliano Salanın içərisində olduğu kiçik təyyarə itmiş və futbolçunun aqibətindən uzun müddət xəbər alınmamışdı. Uzun axtarışdan sonra Manş dənizi dibində olan dağıntıdan çıxarılan cəsədin araşdırma sonunda Salaya aid olduğu təsbit edilmişdi.
Aysel Məhərrəmova
Minval.info

































