Osman Gündüz: “İT mütəxəssisləri üçün prezidentlər səviyyəsində savaş aparılır”

“Bu ilin 10 ayı ərzində Ermənistana gələn turistlərin sayı 1 milyon 400 min nəfər olub”. Bu haqda ölkənin Turizm Komitəsinin verdiyi məlumatda deyilir. Qeyd edilir ki, təkcə 2022-ci ilin oktyabr ayında Ermənistana turist səfərlərinin sayı 154 847 nəfər təşkil edib: “2022-ci ilin yanvar-oktyabr aylarında Ermənistana turist səfərlərində artım qeydə alınan 5 ölkə bunlardır: Rusiya (təxminən 46%), Gürcüstan (8%), İran (7%), ABŞ (4%) və Almaniya (2%)”, yəni turistlərin təxminən yarısı (700 min) Rusiyanın payına düşür. Azərbaycana isə qat-qat az, cəmi 55 min rusiyalı turist gəlib. Eyni zamanda xeyli sayda yüksək ixtisaslı rusiyalı İT mütəxəssisinin Ermənistana gəldiyi məlum olub.

“2022-ci ildə Rusiya vətəndaşlarının Ermənistana axını ölkə iqtisadiyyatının böyüməsinə səbəb ola bilər. Ölkəyə yüksək ixtisaslı İT mütəxəssislərinin gəlməsi 2022-ci ilin sonuna kimi Ermənistanın ÜDM-nin 7% artmasına kömək edəcək”.  Bunu baş nazir Nikol Paşinyan deyib.

Miqrasiya Xidmətinin rəsmi statistikasına əsasən, 2022-ci ilin əvvəlindən oktyabr ayına kimi Ermənistana 786 mindən çox rusiyalı gəlib, onun 744 min nəfəri Rusiyaya qayıdıb. Beləliklə də qonşu ölkədə 30 mindən çox Rusiya vətəndaşı qalıb ki, bu da ötən illə müqayisədə (16 min) təxminən iki dəfə çoxdur.

Osman Gündüz 

İnternet Formunun Prezidenti Osman Gündüz “Yeni Müsavat”a açıqlamasında Ukrayna, Belarus, Rusiyadan mütəxəssislərin Ermənistan, Özbəkistan, Gürcüstan, Asiya ölkələrinə köç etdiyini təsdiqlədi: “Xüsusilə Özbəkistana, Ermənistana köç etmək istəyənlərin sayı daha çoxdur. Hətta Özbəkistanda ABŞ-ın bir neçə böyük şirkəti açıldı. Yeri gəlmişkən, Özbəkistan Prezidenti belaruslu İT mütəxəssisləri üçün bir neçə təyyarə reysi təşkil etmişdi. O təyyarələri Belarus Prezidenti Aleksandr Lukaşenkonun əmri ilə tutmuşdular. Böyük skandal olmuşdu.  Göründüyü kimi, İT mütəxəssisləri üçün prezidentlər səviyyəsində savaş aparılır, çünki bu sahədə mütəxəssis olmaq üçün uzun illər lazımdır. İT mütəxəssisi İT mühiti yaradır. Bu isə müsbət dəyişikliklərə səbəb olur: büdcəyə fayda verəcəklər, əlavə dəyər formalaşdıracaqlar, rəqəmsal transformasiya sürətlənəcək,  idarəetmə, istehsalın çevik qurulmasına yardım göstərəcəklər və ən önəmlisi kadr yetişdirəcəklər. Hesab edirəm ki, Azərbaycan prosesləri ciddi izləməlidir. Regionda mövqeyimiz  spesifikdir, təhlükəsizlik məsələsi var, amma istənilən halda Ukraynadan, Belarusdan mütəxəssislərin Azərbaycana gəlməsi üçün şəraitin yaradılması daha yaxşı olardı”.

İT mütəxəssislərinin niyə məhz Ermənistanı, yaxud Gürcüstanı seçməsi məsələsinə gəlincə, ekspert bildirdi ki, onları cəlb edən münbit şəraitdir: “Miqrasiya, daimi qeydiyyat, güzəştlər, üstünlüklər, bank əməliyyatları və s. sahə mütəxəssislərinin diqqət etdiyi məsələlərdir. Maliyyə-bank infrastrukturu onların tələblərinə cavab verirmi? Onlar xarici ölkələrlə işləyirlər. Əgər şirkət yaratsalar, “Google”, “Apple”, “Amazon” ilə pul alqı-satqısı edə biləcəklərmi? Köçdükləri ölkələr onlara istənilən şəraiti yaradırlar. Azərbaycanda maliyyə, bank, miqrasiya, yaşayış icazəsi, şirkətlərin açılması, vergi güzəştləri ilə bağlı münbit şəraitin olduğunu deyə bilmərik. Bunun üçün ciddi işlər görülməlidir. Azərbaycan o ölkələrdə 3-4 ilə yaranacaq innovasiya mühiti ilə bağlı araşdırma aparıb daxili resurslardan istifadə etməklə bu mühiti yaratmağa çalışmalıdır. Son illərdə innovasiya, elektron hökumət, rəqəmsal transformasiya ilə bağlı beynəlxalq qurumların hesabatlarına baxsaq görərik ki, biz geriyə gedirik, digər ölkələr isə irəli. Məsələn, BMT-nin hesabatında Özbəkistan 11 pillə irəliləyib, Azərbaycan isə 11 pillə geriləyib. Buna görə də ciddi çağırış edirəm. Regionda baş verənləri izləmək lazımdır. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) innovasiya ilə bağlı hesabatında Azərbaycan geriləyib. Bu hesabatların heç birinə cavab verilməyib”.