Əli Həsənov: “Tək millətin iki mətbuatı, iki diasporu ola bilməz; biz həm mətbuatımızı, həm diasporumuzu birləşdirməliyik”

Oktyabrın 14-də Bakıda beynəlxalq media konfransı öz işinə başlayıb. 

Musavat.com xəbər verir ki, konfransda “Qloballaşma dövründə medianın inkişaf trendləri: Risklər və İmkanlar mövzusu” ətrafında müzakirələr aparılıb.

Tədbirdə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənov, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim də iştirak ediblər.

Ümumilikdə konfransa yerli və xarici media nümayəndələrindən ibarət 100 nəfərə yaxın şəxs qatılıb. Konfrans Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi ilə başlayıb.

Konfransda açılış nitqi ilə çıxış edən Əflatun Amaşov bildirib ki, son dövrlər sosial medianın imkanlarının artması ilə media azadlıqları da artır: “Neqativ hallar da nəzərdən yayınmamalıdır. Bu isə qarşılıqlı əməkdaşlığımızın dərinləşməsindən asılıdır. Söz və mətbuat azadlığı kimi fundamental dəyərlərdən sui-istifadə belə hallara qarşı birgə çıxmağı tələb edir”.

Ə.Amaşov vurğulayıb ki, Azərbaycan ikili standartlarla üzləşir: “Dünyada qeyri-obyektivliyin, qərəzin şahidi oluruq. İnanırıq ki, bu konfrans belə hallara qarşı çıxan platforma kimi özünü təsdiqləyəcək. Əminəm ki, bu formatda torlantımız davam edəcək, aparıcı media nümayəndələrini öz sıralarında birləşdirəcək. İnanıram ki, bu konfrans dünyaya mesaj verən tribuna kimi özünü təsdiqləyəcək”.

Daha sonra çıxış edən Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim Azərbaycanla Türkiyə mediasının ortaq tərəflərinin olduğunu vurğulayıb. O bildirib ki, Türkiyədə media ilə bağlı çoxsaylı təşkilatlar mövcuddur. Bu sahədə tənzimləməyə ehtiyac olduğunu söyləyən Mehmet Ali Dim bildirib ki, xarici işlər naziri Mövlud Çavuşoğlunun dəstəyi ilə Qlobal Jurnalistlər Şurası yaradılıb: “Türkiyədə fəaliyyət göstərən xarici media orqanları da bizim təşkilatımızın sırasında yer alır, türk düşməni olmayan jurnalistlər üzvlərimizdir”.

“Azərbaycan dövləti Türkiyəyə Suriyada başlatdığı əməliyyatla bağlı dəstək verir”.

Bu fikri konfransda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin ayrıca bəyanatı olub: “Mənim də bununla bağlı ayrıca şərhim olub. Azərbaycan dövləti bütün haqq işində, sülh istiqamətindəki bütün tədbirlərdə Türkiyənin yanındadır, dəstəkləyir və dəstəkləməkdə davam edəcək”.

Ə.Həsənov bildirib ki, Azərbaycanla Türkiyə arasında əlaqələrin təməli sağlam qoyulub: “Ulu öndər Atatürk tərəfindən zamanında bəyan olunan ”Türkiyə və Azərbaycanın sevinci də, kədəri də birdir” və ümummilli lider Heydər Əliyev tərəfindən səsləndirilən “bir millət, iki dövlət” formulası bu gün bizim bütün sahələr üzrə birliyimizə xidmət göstərir. Tək millətin iki mətbuatı ola bilməz, tək millətin iki diasporu ola bilməz. Biz həm mətbuatımızı, həm diasporumuzu birləşdirməliyik və beynəlxalq aləmdə bizə tuşlanan güclərə qarşı birgə müqavimət göstərməkdə davam etməliyik”.

Əli Həsənov bu gün Türk dünyasının gözünün Bakıda olduğunu nəzərə çatdırıb: “Bakıda Türk Şurasının Zirvə Görüşü keçirilir. Bu ildən Türk Şurasına sədrlik Azərbaycana keçir və Türk Şurası ilə bağlı mühüm qərarlar Bakıda qəbul olunacaq. Ölkəmizdə müxtəlif xalqlar və dinlər multikultural cəmiyyətdə yaşayır. Azərbaycançılıq ölkəmizdə yaşayan bütün xalqların və dinlərin nümayəndələrinin birliyini, vahid amal uğrunda mübarizəsini, dövlətin onların yanında olmasını hədəfləyən ideologiyadır. Təəssüf ki, bu gün dünyada haqqa, ədalət qarşı olan dövlətlər də var. Onların qurduğu rejimlər sülhü təhdid edir, xalqları öz yurd-yuvasından didərgin salır. Bu gün Yaxın Şərqdə, Avropada yaşanan qaçqın-köçkün fəlakətini 20 il əvvəl biz yaşamışıq. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, 1 milyondan çox insanı yurd-yuvasından didərgin salıb. Biz o insanlar üçün haqq, ədalət arayırıq. Beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar isə ikili standartlar nəticəsində həyata keçmir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində torpaqların qeyd-şərtsiz azad edilməsi, insanların torpaqlarına qaytarılması tələb edilir. Ancaq 20 ildən çoxdur, qətnamələr yerinə yetirilmir. Təəssüf ki, müasir dünyanın ədalətsizlikləri fonunda bu işğal davam edir”.

“Yeni media dövrünü xarakterizə edən əsas amil qloballaşmadır”.

2cfd1de4-2dd7-4483-aa6a-dc1c391ffc59.jpg (308 KB)

Bu fikri isə konfransda “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu söyləyib. “Yeni media dövründə milli maraqların qorunması” mövzusunda çıxış edən R.Arifoğlu çıxışının əvvəlində nəzəriyyə ilə deyil, praktika ilə məşğul olduğunu vurğulayıb: “Son 30 ildə işim ancaq informasiya istehsal etmək, yaymaq və satmaq olub. Sayca 5-ci hesab olunan informasiya inqilabını və medianın qloballaşma sürəcini bilavasitə praktikada yaşamışam. Yeni media dövrünü xarakterizə edən əsas amil qloballaşmadır. Artıq xəbərlərin birbaşa alınması, ötürülməsi, emalı və saxlanması dövlət sərhədlərindən asılı deyil, prosesdə hakimiyyətlərin iştirakı minimuma enib. Hər şeyi yerli və transmilli media quruluşları tənzimləyir. Əslində mediada qloballaşma məhz KİV tərəfindən tənzimlənən müxtəlif istiqamətli informasiya axınları toplusu deməkdir. Bəzi nəzəriyyəçilər iddia edirlər ki, elektron KİV və sosial şəbəkələr vasitəsi ilə yeni media mədəniyyəti ortaya çıxıb. Mən bu iddialara qatılıram… Çünki qloballaşma və yeni informasiya inqilabı sayəsində ortaya çıxan yeni media dünya çapında bütün kütləvi informasiya vasitələri sisteminin və ümumən jurnalistikanın əsaslı surətdə dəyişməsinə səbəb olub. Bildiyimiz ənənəvi jurnalistika və metodlar, KİV sistemləri, avadanlıqlar, cihazlar, aksessuarlar, idarəetmə sistemi gözlərimizin önündə və bizim də iştirakımızla aradan qalxmaqdadır. Bu da bizim qarşımızda yeni vəzifələr, yenilənmə ehtiyacları qoyur, ancaq eyni zamanda, həm də unikal və yeni imkanlar yaradır”.

R.Arifoğlu söyləyib ki, qloballaşmanın və informasiya inqilabının əsas nəticəsi olan sosial şəbəkələr ənənəvi medianı və onun metodlarını, eləcə də texniki dəstək inventarlarını sıxışdırmaqda, dəyişdirməkdədir: “Bu, qlobal TV-lərdən də yan keçməyib. Dünənə qədər informasiya məkanında at oynadan qlobal TV-lər belə sosial şəbəkələrə uyğunlaşmaq zorunda qalıb. İndi hər bir TV-nin internet versiyaları yaradılır. Çünki mobilləşmə qloballaşmanın və dövrümüzün əsas amilidir və paralel ekran əsrini yaşayırıq. Bütün bilgiləri əlimizdəki telefon vasitəsilə alır, çox zaman da onun vasitəsilə ötürürük. Bunlara görə artıq hər media quruluşu özünün sosial şəbəkə səhifələrini yaratmaqda, sayı 3 milyardı keçən telefon istifadəçiləri auditoriyasına xitab etməkdədir. Bax, burada oturan hər kəsin mobil telefonu var. Bəzilərində hətta iki dənə… Və hər kəs, demək olar ki, 4-5 dəqiqədən bir o telefona baxır. Gecə yatarkən ən son, sabah qalxarkən ən birinci baxdığımız üz telefonun ekranıdır. Artıq insanlar televizor olan otaqlarda, zallarda oturur, onu saatlarla açmadan, açmağa ehtiyac hiss etmədən telefonlarına baxırlar. Daha kimsə demir, televizionu aç, görək, dünyada nə var, nə yox! Bax, biz media menecerləri üçün bu detal istiqamət və göstəricidir. Bayaq qeyd etdiyim məqam – yeni fürsətlər də buradan yaranır.

Məsələn, ənənəvi KİV olan “Yeni Müsavat” qəzeti bir çap orqanı olduğu halda, bu gün iki dildə fəaliyyət göstərən 4 sayta, 2  facebook səhifəsinə, bir YouTube kanalına sahibdir. Artıq Media Qrupu və idarəretmə yöntəmlərimizdən tutmuş, xəbər məzmununa, mövzulara qədər, hər şey yenilənib. Qlobal TV-ləri, facebooku, tvitter və İnstaqramı, digər KİV-ləri özündə birləşdirən mobil cihazlar, bu unikal yeni texnika hazırda yeni prosesi ortaya çıxardıb. Artıq auditoriyalar da qloballaşmanın mühüm elementidir və KİV-lər tərəfindən müxtəlif auditoriyaların nəzərə alınması üçün yeni imkanlar meydana çıxıb. Qloballaşmada, bayaq da dedik, dövlətlər, iqtidarlar deyil, topluluqlar, xalqlar – auditoriyalar daha mühüm elementdir. Bu, həm də qloballaşan internet məkanında, yeni media sistemində bizim milli maraqlarımızı qoruya bilmək imkanı ortaya çıxardır. Bizim media qrupu bu imkanlardan həm korporativ maraqlar, həm də milli maraqlar istiqamətində istifadə etməyə çalışır. Xatırlayaq: Qlobal TV-lərin zamanında necə idi? İngilisdilli informasiya axınları media məkanında hakim idi, auditoriyanın interaktivlik əmsalı sıfıra bərabərdi və o nəzərə alınmırdı. Yeni informasiya inqilabı qlobal informasiya cəmiyyətinin yaranmasını təmin etdi və vahid informasiya məkanı yaratdı. Artıq yerli KİV-lər belə, vahid informasiya məkanına nüfuz edə bilir. Özəlliklə də sosial şəbəkələrin yaratdığı imkanlar sayəsində polisentrik informasiya məkanı yaranıb, onun əsas komponentləri isə milli və transmilli KİV-lərdir, sosial şəbəkələrdir, auditoriyalardır”.

Rauf Arifoğlu söyləyib ki, bu gün informasiya hər bir ölkənin inkişafı üçün strateji komponentlərdən birinə çevrilib: “Bayaq qlobal TV-lərin informasiya məkanında hakim olduğu dövrdən danışdıq – bu, dünən kimi yaxın bir zamandır. İndi biz qloballaşma sayəsində dünyanın yüzlərlə dilinin qorunub, saxlanmasından danışa bilir, hətta bu sürəci görə bilirik. İnternetdən istifadə etməklə ən kiçik xalqlar, topluluqlar öz auditoriyasını yaradır, dünyada həmin dildə danışan və bu dili müdafiə edən bütün fərd və topluluqlara xitab edə, ümid bəsləyə, dəstək ala bilirlər. Yəni qloballaşma dilləri tapdalamadı, əksinə, bu dillər üçün əlverişli məkanlar yaratdı. Bir daha altını çizirəm – hazırda qlobal informasiya məkanı yalnız ingilisdilli dünya axını deyil. Burada Türkiyə, Rusiya sahəsi, böyük payla Çin seqmenti də mövcuddur. Ümumi götürdükdə isə, əslində, indi internet vasitəsilə yaradılan vahid informasiya sahəsində hər bir millətin, hətta hər bir fərdin özünün ”qlobal” bölməsi var və bunlar dünya şəbəkəsinin bir hissəsidir.

Biz də mənsub olduğumuz millətin dili ilə – Azərbaycan və Anadolu türkcəsi vasitəsilə öz qlobal bölməmizi yaratmağa iddialıyıq. Ya da bundan sonra iddialı olmalıyıq. Bu məsələdə Azərbaycanın unikal imkanları var. Biz öz KİV-mizi dünya şəbəkəsinin həm Rusiya, həm də Türkiyə və Türkdilli məkanlarında qloballaşmaya qata bilirik.

Bu baxımdan, yeni media dövrü, qloballaşma və internet məkanında baş verən inqilabi yeniliklər Azərbaycana, Türkiyəyə və bütövlükdə Türk dünyasına böyük imkanlar yaradır. Sərhəd və başqa əngəllərə rastlaşmadan Azərbaycan özünün bütün dünyadakı soydaşları ilə bütövləşə bilir. Türkiyə isə Uyğur türklərindən tutmuş, Orta Asiya, Saxa-Yakutiyadan başlamış, Qafqaz, İran, Balkan türkləri, yeni türkdili axını ilə öz sahəsini, qlobal bölməsini yarada bilər və yaradır. Xəbərləşmə, paylaşma, təşkilatlanma, etiraz və başqa mühüm aksiyalar internetdəki Türk axını ilə mümkün hala gəlib. (Mən bəzi milliyyətçi dostlarıma deyirəm ki, informasiya məkanında qloballaşma və bu sürəcdə dövlətlərin deyil, dil ünsürünün və mass-medianın iştirakı bizlərə Yeni Turanın qapılarını açır…) İndi belə məlum olur ki, qlobal media sistemləri milli sistemlərin əhəmiyyətini artırır, onları həm birləşdirir, həm də informasiya mübadiləsi üçün yeni imkanlar açırlar. Yeni media və qloballaşma dönəmi milli maraqları və milli davaları dünya çapına daşımaq, xəbər məkanında informasiya mübadiləsi etmək imkanlarını genişləndirir. Biz Bakıda qurulan uğurlu bir KİV projesi ilə qloballaşan xəbər məkanına öz gerçəklərimiz və iddialarımızla çıxa bilirik. İndiki anda bu layihələr rusdilli və türkdilli axınla mümkün ola bilər…”

R.Arifoğlu vurğulayıb ki, Azərbaycanın, onun KİV və auditoriyasının internetin rus və türk seqmentində eyni anda və uğurla iştirak etmək kimi imkanları vardır: “Bu imkanlar bizə Azərbaycanımıza qarşı illərdir, davam edən informasiya müharibəsində, Qarabağ savaşının virtual kəsimdə aparılmasında revanş imkanları açır. Azərbaycanda internet tam azaddır, heç bir məhdudlaşdırmalar yoxdur. Dövlət və iqtidar bu sahənin inkişafında maraqlıdır və oraya inteqrasiyanı həyata keçirtmək üçün mümkün olan hər şeyi edir. Biz toplum, milli mass-media, iqtidar-müxalifət və xalq olaraq qlobal informasiya məkanına daxil olmaq, orada öz sahəmizi yaratmaq üçün əlimizdən gələni edirik və bu istiqamətdə ciddi uğurlarımız var”.

Tədbir çıxışlar və müzakirələrlə davam edib.

Toplantıda Azərbaycan Mətbuat Şurası və Qlobal Jurnalistlər Şurası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu Əflatun Amaşov və Mehmet Ali Dim imzalayıblar.

Tədbirlər planının davamı olaraq, oktyabrın 15-də Azərbaycan mediası ilə görüş və iclas təşkil ediləcək. Görüşə ölkənin nüfuzlu media orqanlarının nümayəndələri qatılacaq.

Proqrama görə, oktyabrın 16-da Quba Soyqırımı Memorial Kompleksi və məzarlığı ziyarət ediləcək və daha sonra “Dünyadakı qarşıdurmalar və Media” mövzusunda konfrans təşkil ediləcək.