İngiltərənin Mançester şəhərində təşkil olunan Futbol Yazarları Dərnəyinin 2019-cu il üçün Mükafatlandırma gecəsində Premyer Liqada 2018-də 100, 2019-da 98 xalla çempionu “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın ardınca 97 xalla tarixin ən yaxşı ikincisi olan Yurgen Klopp çıxış edib.

Offsideplus.az xəbər verir ki, məşqçilərin ötən mövsüm rəqiblərini izləyərkən hiss etdiklərini bölüşməsi təbəssümlə qarşılaşıb. “Liverpul”un baş məşqçisi “Siti”nin oyununu izlərkən “Lester”in yorğunluğuna əsəbiləşməsini, Kompaninin qoluna reaksiyasını ifadə tərzi zalda gülüşə səbəb olub:

“Bir az əvvəl Peplə danışırdıq. Ona ötən mövsüm Vensan Kompaninin “Lester”ə vurduğu qoldan sonra özümü necə hiss etdiyimdən bəhs etdim. Ertəsi gün “Barselona” ilə oyunumuz var idi. Gün ərzindəki bütün hazırlıqlarımız, məşqimiz bu matça hesablanmışdı. Sonra evə getdim, həyat yoldaşım məni çağırdı və dedi: “Gəl, “Mançester Siti” – “Lester” oyununu izləməliyik”. “Əmin deyiləm”, – deyə cavab verdim. Amma yekunda oyuna baxası oldum. Həmin an kimsə ürək döyüntülərimi ölçsəydi… Əslində, mövsüm ərzində vəziyyəti qəbul etmişdim. Hər oyun qələbə qazanacaqlarını təxmin edirdim. Bu matçda da elə oldu. Sadəcə, bu səfər saniyələr bir-birini əvəzlədikcə ümidlənirdim. “Lester”in yorulmağa başladığını görəndə əsəbiləşdim. Sonrası? Kompani cərimə meydançasının xaricindən fərqləndi. Yəqin ki, ilk dəfə belə qol vururdu, hə?”.

Pep Quardiola isə “Liverpul”un son dəqiqə qollarından danışıb:”Yürqenin Kompaninin qolundan sonra yaşadıqları? Eynisini mən hər həftə “Liverpul”un son dəqiqələrdə vurduğu qollardan sonra hiss edirəm. Kloppun bundan xəbəri yoxdur. “Bu səfər olacaq, bu səfər xal itirəcəklər” – hər dəfə eyni sözləri təkrarlayıram, amma olmur. Bu kuboku (Çempionlar Liqası titulunu işarət edir) qazanmaq istəyirəm. Əminəm ki, Klopp isə bunun (Premyer Liqa titulunu göstərir) qalibi olmaq istəyir. Bəlkə də, kuboklarımızı dəyişməliyik”.