Əməkdaşlarımız kilosu az qala, delikates qiymətinə çatan bu tərəvəzin bahalaşmasının sirrini açıblar; məhsullar Azərbaycandan hara daşınır?..

Bakılıların dillər əzbəri olan Hövsan soğanı bu gün qiymət baxımından əl yandırır, göz yaşardır. Hazırda qızılı rəngli soğanın kilosu 7-8 manatdır. Bu kəndin məhsulu az qala delikates dəyərinə çatıb. Son günlər Bakı bazarlarında, marketlərində Hövsan soğanının belə bahalaşması bizi bu kəndə baş çəkməyə vadar elədi.

Necə deyərlər,

Nə olsun ki, acıyam

Mən yeməklər tacıyam.

Dad verirəm onlara

Lazımam insanlara…

*****

“Bizim soğan ona görə bahadır ki, Rusiyaya, Türkiyəyə daşınır. Burdan kilosunu 4-5 manatdan alıb, orda 15 manata satırlar” – Hövsanda soğan əkən həmsöhbətimiz Kamran Əliyev deyir. Onun sözlərinə görə, Hövsan soğanı şirin suda bir başqa dad verir, quyu suyunda ayrı. Amma indi Hövsan soğanı tapmaq çox çətindir.

Elə biz də soraqlaşıb, kəndi xeyli gəzib öyrəndik ki, Kamran adlı şəxs soğan əkənlərdən biridir. Çünki indi soğanın toxumunu səpib yayda məhsul verməsini gözləyirlər. Bir yandan da Rusiyaya, Türkiyəyə, hətta deyilənə görə Suriyaya Hövsan soğanı daşınır.

Kamran Əliyev isə deyir ki, bu o qədər inandırıcı deyil: “Çünki Hövsan soğanının toxumu bir şeyx tərəfindən elə İraqdan gətirilib. Suriya İraqa yaxındır, Hövsanın soğanı ora niyə daşınsın ki?!”

K.Əliyev getdikcə əkin torpaqlarının da azaldığını, soğan əkməyin çətinləşdiyini söyləyir: “Fəhlənin pulu, toxum xərci, su sərfiyyatı, bunlar hamısı xərc aparır. Traktor hektarını 150 manata sürür. Quyunun motoru pul yazır, yəni əziyyəti az deyil. Ona görə qiymətə təsir edir. Yayda Hövsan soğanının kilosunu 3 manata tapa bilərsiniz, amma indi 7-8 manatdır”.

Kəndin girəcəyindəki mağazada soğan satan hövsanlı isə deyir ki, kilosunu 6 manatdan verir: “Axırıdır da, kəndin içinə getsən sənə 10 manatdan verəcəklər. Heç gör soğan tapa bilirsən?”

Onun dediyinə görə, Hövsan soğanının belə qiymətli olmasının səbəbi min bir dərdin dərmanı olmasıdır:

“Soyuqdəymə oldu, götür burnuna sıx. Acıdır axı, adi soğanlardan çox fərqlənir. Tərkibində vitaminlər çoxdur, sağlamlığa xeyirdir. İntəhası, soğan qalmır da, aparıb daşıyırlar Moskvaya, Türkiyəyə. Ona görə belə bahalaşıb. Əslində, hər il qiyməti yüksək olur. Çünki bu vaxtı Hövsan soğanı tapmaq qəliz məsələdir. İndi gözləyirik ki, avqustda məhsul çıxsın, sataq”.

Hövsanda deyirlər ki, soğanın toxumunu iki çillə arasında səpirlər: “Hövsan soğanının dadlı, keyfiyyətli olmasının sirri quyu sularıdır. Amma əsas problem əkin torpaqlarının azalmasıdır”.

Fermerlər deyir ki, Hövsan soğanını Bakıda “Şarlot soğanı” da adlandırırlar: “Bu məhsulu hər yerdə yetişdirmək olur. Hətta Almaniyada bu soğan bitir. Di gəl, Hövsanda bitən soğan başqa cür olur. Onun dadına heç nə çata bilməz. Sovet dövründə Hövsan soğanı süfrələrdən əskik olmazdı. Amma sonra onu ancaq bazarda görmək olur”.

Kənddə onu da danışırlar ki, yaddaşı yaxşı olmayanlara Hövsan soğanı məsləhət görürdülər. “Deyirdilər ki, bu soğan yaddaşı gücləndirir. Qəribə olsa da, Hövsan soğanı başqa yerlərdə, eləcə də Abşeronun digər kəndlərində formasını dəyişir, keyfiyyətini müəyyən qədər itirir. Ola bilsin, torpaqla əlaqədardır. Bu soğana bıçaq dəysə, dadı dəyişəcək. Bu soğanı əlin içində əzib, sındıraraq yeyirlər”- hövsanlılar bildirirlər.

Hövsan soğanı haqda qeyri-adi rəvayəti də bizə nəql elədilər. Deyilənlərə görə, orta əsrlərdə yerli şeyxlərdən biri Məkkə ziyarətindən qayıdarkən orada uzunsov soğan görür və bu soğanın başqa soğanlara nisbət 2-3 dəfə baha qiymətə satılmasının səbəbi ilə maraqlanır. Öyrənir ki, bu soğan dadına və digər keyfiyyətinə görə adi soğanlardan qat-qat üstündür. Həmin soğanın toxumundan alıb gətirir və bir neçə il bu soğanın toxumunun artırılması ilə məşğul olur. Bakıətrafı kəndlərdən bir neçəsində peşəkar tərəvəzçilər hesab olunan tanışlarına həmin toxumdan az-az paylayır.

Əlavə edir ki, bu soğan toxumunu Həcc ziyarətindən qayıdarkən müqəddəs Məkkədən gətirib və dostlarına paylamaqda əsas məqsədi Abşeron üçün bu yeni soğan növünün geniş yayılmasına nail olmaqdır. İlk illər həmin soğana “Şıxverdi” (yəni, Şeyx verdi) soğanı deyirlərmiş.

Demə, Bakının məşhur kababçıları Hövsan soğanı olmadan lüləkabab çəkməzlərmiş. Ötən əsrin 30-cu illərində kəndlilərin torpağının və tərpənən bütün əmlakının kollektivləşdirilməsi Hövsan soğanının yalnız kolxozlarda əkilib-becərilməsi ilə nəticələnib. Kolxozçular “əmək günləri”nə düşən digər məhsullarla yanaşı, soğan payı da alırdılar.

Abşeron yarımadasındakı bütün kolxozların bazasında yeni dövlət təsərrüfatları (sovxozlar) yaradılarkən nə qədər qəribə olsa da, Hövsan soğanının toxumçuluğu unudulub. Hövsanlı qocaman tərəvəzçilərin təkidli xahişi ilə Hövsan soğanının bərpası məsələsi qaldırılanda məlum olur ki, hələ ötən əsrin 30-cu illərində Qazaxıstana buradan Hövsan soğanının toxumu aparılıbmış.

Uzun axtarışdan sonra həmin soğanın geniş ərazidə becərildiyi yer müəyyən edilib və oradan 50 kiloqrama yaxın Hövsan soğanı toxumu gətirilməklə bu qiymətli tərəvəzin Hövsan südçülük-tərəvəzçilik sovxozunda əkin sahəsi xeyli genişləndirilib.

XIX əsrin sonlarında S.Zelenski adlı bir rus müəllifi 1897-ci ildə “Qafqazsakaya selskaya xozaystva” qəzetində bu soğanı əvəzsiz adlandıraraq, İngiltərə muzeyində saxlanıldığını yazmışdı.

“Azərbaycanda soğanın qiyməti ötən il çox aşağı olub və fermerlərə zərər vurub. Ola bilsin ki, bunu nəzərə alan sahibkarlar bu il üçün az soğan əkiblər və son nəticədə qiymət artıb”. Bunu Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Bəşir Quliyev ölkədə soğanın 2 dəfə bahalaşmasına münasibət bildirərkən deyib.

Hazırda daxili bazarda 1 kq adi soğan 1,3 – 1,5 manata satılır ki, bu da təxminən 2 dəfə bahalaşma deməkdir. “Fevralda soğan istehsalçıları ilə görüş keçirilmişdi. Onda sahibkarların qiymətdən hər hansı şikayəti yox idi, əksinə, soğanın keçən ilə nisbətən qismən bahalaşmasına (ötən il soğanın qiyməti 0,25-0,40 manat təşkil edirdi) görə sevinirdilər. Mənim bildiyimə görə, ötən ayın sonuna qədər Türkiyəyə ixrac həyata keçiriləcəkdi. Mart ayında istehsalçılarla görüşməmişik”, – deyə o, əlavə edib.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə isə soğanın bahalaşması bu məhsulun Türkiyəyə ixracının kəskin artması və bunun yaratdığı ajiotajla bağlıdır.