28.09.2026 - 14:19
Qaz xərclərini azaltmaq üçün kombi və radiatorların yoxlanması vacibdir
Sosial 2 baxış

Qaz xərclərini azaltmaq üçün kombi və radiatorların yoxlanması vacibdir

Payızın sərin günləri artıq başlayıb və bu, qış aylarında istilik sistemlərinin daha çox istifadə ediləcəyi anlamına gəlir. Buna görə də, istilik sistemini qış gəlməmiş yoxlatdırmaq mühüm əhəmiyyət kəsb edir. Əks halda, qışın ortasında həm evin yaxşı isinməməsi, həm də qaz xərclərinin artması ilə qarşılaşa bilərsiniz.

Minval.info xəbər verir ki, mütəxəssislər soyuq havaların başlamasından əvvəl kombi və radiatorların vəziyyətinin yoxlanılmasını tövsiyə edirlər. Kombinin texniki baxımdan qaydasında olmaması zamanla onun səmərəliliyini azalda bilər. Bu isə evin lazımi temperaturda saxlanılması üçün kombinin daha çox enerji sərf etməsinə səbəb olar.

İnternetdə kombiyə qulluqdan sonra qaz sərfiyyatının dəqiq müəyyən faiz azalacağı ilə bağlı müxtəlif məlumatlara rast gəlmək mümkündür. Lakin qaz sərfiyyatına təsir edən bir çox amillər var və bu səbəbdən hər ev üçün eyni rəqəm keçərli deyil. Buna baxmayaraq, saz vəziyyətdə olan istilik sistemi enerjinin boş yerə sərf olunmasının qarşısını almağa kömək edir.

Kombiyə və radiatorlara texniki qulluq

Qışa hazırlaşarkən yalnız kombinin işləyib-işləmədiyini yoxlamaq kifayət etmir. Radiatorların alt hissəsinin soyuq qalması və ya qarşısının əşyalarla bağlanması istiliyin otağa yayılmasına mane ola bilər. Belə hallarda mütəxəssis tərəfindən yoxlama aparılması daha məqsədəuyğundur. Ustalar, həmçinin, hər il səbəbsiz yerə radiatorları kimyəvi maddələrlə təmizləmək əvəzinə, əvvəlcə istiliklə bağlı problem olub-olmadığını müəyyənləşdirməyi tövsiyə edirlər.

Kombini qışın ən soyuq günlərində işə saldıqdan sonra nasazlıq aşkar etmək narahatlıq yarada bilər. Buna görə də, soyuqlar başlamamışdan əvvəl kombinin ümumi vəziyyətini yoxlatdırmaq, su təzyiqinə nəzarət etmək və radiatorların normal qızıb-qızmadığını müəyyənləşdirmək faydalıdır. Otaq termostatından istifadə isə temperaturun daha düzgün tənzimlənməsinə kömək edə bilər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: