13.08.2026 - 17:26
Maqazin 11 baxış

Nikahsız toyun qızılları: Kimə qalır və necə geri alınır?

Vətəndaşlar arasında ailə münasibətləri çərçivəsində ortaya çıxan problemlərdən biri də toy zamanı verilən qızıl-zinət əşyalarının geri qaytarılması məsələsidir. Xüsusilə rəsmi nikah olmadan birlikdə yaşayan şəxslər ayrıldıqdan sonra, toyda hədiyyə edilən qızılların kimə aid olması suallara səbəb olur.

Minval.info xəbər verir ki, bu mövzuda hüquqi aspektləri izah edən vəkil Əbdül Məhərrəmov bildirib ki, şəxsin özünə hədiyyə edilən qızıl-zinət əşyaları onun şəxsi mülkiyyəti hesab edilə bilər və bu əmlakın geri qaytarılması tələb oluna bilər. Vəkil vurğulayıb ki, burada əsas məsələ qızılların konkret kimə hədiyyə edildiyinin və həmin şəxsin mülkiyyətində olduğunun sübut edilməsidir.

Əbdül Məhərrəmov əlavə edib ki, mübahisələrin həlli zamanı mülkiyyət hüququnun müdafiəsinə dair qanunvericilik normalarına istinad etmək mümkündür. Əgər şəxs öz mülkiyyətində olan qızılların qarşı tərəfdə qaldığını və geri qaytarılmadığını iddia edirsə, məhkəməyə müraciət edə bilər. Rəsmi nikahın olmaması, toy mərasiminin keçirilməsi və faktiki ailə münasibətlərinin mövcudluğu, əmlakın ümumi mülkiyyətə çevrilməsi anlamına gəlmir. Xüsusi olaraq bir şəxsə hədiyyə edilən qızılların həmin şəxsin fərdi mülkiyyəti kimi qiymətləndirilməsi mümkündür.

Vəkilin sözlərinə görə, qızılların geri alınması üçün məhkəməyə müraciət edən şəxs iddiasını sübutlarla dəstəkləməlidir. Toy mərasimindən çəkilmiş foto və videolar, qızılların təqdim edilməsini göstərən görüntülər, yazışmalar və şahid ifadələri məhkəmə tərəfindən qiymətləndirilə bilər. Hər bir işin fərqli xüsusiyyətləri nəzərə alınmalıdır və yalnız “toyda qızıl verilib” faktı ilə işin nəticəsini əvvəlcədən müəyyənləşdirmək mümkün deyil.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: