“Dövlətimizin büdcəsi artdıqca bizim bir nömrəli işimiz şəhid ailələri, qazilərimizin, veteranlarımızın, aztəminatlı və çoxuşaqlı ailərin sosial rifahının yaxşılaşdırılmasıdır”.
Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.
Deputat qeyd edib ki, büdcə artdıqca sosial problemlərə maliyyə ayrılmaları daha da artır:
“Elə vaxt olub ki, hətta il ərzində bir neçə dəfə sosial müavinətlər, maaşlarla bağlı müsbət dəyişiklilər olub. Cənab Prezident bu yaxınlarda Zəngilanda səfərdə olarkən də bu məsələyə toxunub. Bəli, baş verən geosiyasi proseslər, xüsusilə də Rusiya-Ukrayna arasında müharibə dünyada bir çox ciddi problemlər yaradıb. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycanda neft gəlirlərinin aşağı olduğu dönəmdə belə ölkəmizdə ciddi, ağrılı proseslər baş verməyib. Çünki cənab Prezident hər zaman bu riskləri nəzərə alır və görülən işləri də buna uyğun planlaşdırır. Hətta neftin qiyməti 30-40 dollara olanda belə ölkəmizdə bir layihə belə dayanmayıb.
Hazırda biz gözləyirik ki, parlamentdə büdcənin dürüstləşdirilməsi olsun”.
M.İbrahimqızı neftin qiymətinin artmasının ölkəmizdəki proseslərə müsbət təsirlərindən danışıb:
“Neftin də qiyməti dünyada gedən geosiyasi proseslərdən asıldır. Büdcə paketi hazırlananda qarşıdakı ildə neftin qiymətin ilə bağlı ehtimallar beynəlxalq səviyyəli ekspertlər tərəfindən təhlil olunur və ona uyğun büdcə formalaşdırılır. Göründüyü kimi, bu il dünyada neftin qiyməti artıb və büdcəyə gözləndiyindən də çox gəlir gəlib. Dövlətimizin siyasəti belədir ki, büdcə gəlirləri artdıqca sosial problemlərə maliyyə ayrılmaları da artır. Bizim həm də 1 milyona yaxın keçmiş məcburi köçkünlərin köçürülməsi prosesi, 3000 minə yaxın şəhid ailələri, eyni zamanda qazilərin sosial rifahının yaxşılaşdırılması üçün böyük bir məsuliyyətimiz var. Büdcə gəlirinin artması qarşıya qoyulan prioritet məsələlərin həll olumasına həsr olunacaq”.



































