Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə ittiham edilən şəxslərin məhkəməsi davam edib.
“Minval.info” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə növbəti məhkəmə hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilib.
Onlar 19 avqust 2017-ci il tarixində Nərimanov rayonunda Nazpəri Dostəliyevanın mənzilinə açar seçmə üsulu ilə qanunsuz daxil olaraq içərisində külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.
Cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyi məlum olub. Avqustun 28-də isə cinayətkar qruplaşmanın daha iki mümkün üzvü – Sumqayıt sakinləri, 1986-cı il təvəllüdlü Əliyev Cavid İslam oğlu, 1990-cı il təvəllüdlü Fərəcov Natiq Rafiq oğlu müəyyən ediliblər. Məhkəmənin hökmü ilə Ruslan Verdiyev 8 il, Yunis Hüseynli 7 il, Cavid Əliyev 8 il, Natiq Fərəcov isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Bildirək ki, iş üzrə digər zərərçəkmişlərin ziyanı ödənilməyib. Həbs edilən şəxslərin sonuncu cinayəti Dostəliyevanın evindən oğurluq olub. Amma apardıqları seyfdə olan pulu və qızılları xərcləməyə macal tapmamış həbs ediliblər. Lakin digər zərərçəkmişlərin evindən aparılan qızıl və pulları xərclədikləri üçün qaytara bilmirlər.
Məlumata görə, dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyalarının satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər. Həmçinin müəyyən edilib ki, həmin şəxslər seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb.
Daha sonra A.Həmidovun avtomobilindən, Y.Hüseynli və R.Verdiyevin yaşadıqları ünvanlardan narkotik vasitə olan heroin götürülüb. Məlumata görə, azadlığa buraxılan A.Həmidov taksi sürücüsü olub. A.Həmidov daha sonra azadlığa buraxılıb.



































