Sadə və absurd göründüyü halda insan həyatını dəyişən, ona daha yaxşı istiqamət verən bəzi məqamlar var ki, onları bilmək və tədbiq etmək hər kəs üçün vacibdir. Bunlar olmadan möhkəm dostluq münasibətləri qurmaq, insanların rəğbətini qazanmaq, ümumiyyətlə, nəsə əldə etmək demək olar ki, mümkün deyil.

 

Bəs uğurlu gələcəyin sirri nədir, nələrə diqqət etmək lazımdır?

 

Adətən dörd nəfərdən biri ədalətsizliyə göz yuma bilmədiyi üçün tənhalığı üstün tutur, ona görə də insanlardan qaçan hər kəsi assosial adlandırmaq doğru deyil, əslində bu cür yanaşma onların assosial olmasına, yəni cəmiyyətdən soyumasına gətirib çıxarır. Mühakimə etmək əvəzinə onları tanımaq və məsələni araşdırmaq lazımdır. Yalnız bu halda onları cəmiyyətə qazandırmaq mümkündür.

Qazandığımız hər insanda bir az da biz varıq. Ona görə də özümüzü xilas etməyə əvvəlcə onlardan başlayaq!

 

İnsanların sizə qarşı nə hiss etdiyini öyrənməyin çox sadə yolu var. Sadəcə zarafat edin. Çünki etdiyiniz zarafat gülməli olmasa da, qarşınızdakı insan sizə xüsusi hislər bəsləyirsə, mütləq güləcək. Bu isə təbii ki, əqli yox, psixoloji məsələdir…

 

Araşdırmalar göstərir ki, insanlar yaxşı əhval-ruhiyyədə olanda mahnının ritminə, əks halda isə daha çox sözlərinə qulaq asırlar. Ona görə də səssiz insanları, xüsusilə də, qadınları başa düşmək istəyirsinizsə, qulaq asdıqları mahnılara diqqət edin, bilmək istədiyiniz hər şeyi tapacaqsınız.

 

Dayanmadan bir insanı düşünür və onu ağlınızdan çıxara bilmirsiniz? Pis olmağa dəyməz, əksinə, daha da sevinməlisiniz, çünki bunun səbəbi düşündüyünüz insanın da sizin haqda fikirləşməsidir.

 

İnsanların 80 faizinin özünə inamı olmadığı üçün özlərini yaxşı hiss etmək naminə digərlərini alçaltmaqdan çəkinmirlər. Oxşar hallar baş verdiyi zaman bunu xatırlamaq və təmkinli olmaq lazımdır. Axı sizin özünüzə inamınız tamdır, yoxsa elə deyil?

 

Dünyanın fərqli hissələrində yaşayıb, fərqli dillərdə danışsalar da, yeddi milyard insan 6 duyğunu ifadə etmək üçün eyni üz ifadəsi və mimikalardan istifadə edirlər. Bu duyğu və mimikalar xoşbəxtlik, əsəb, kədər, qorxu, təəccüb və iyrənməkdir.

 

Mühüm olan insanların hansı dildə danışması yox, hansı hisləri bölüşməsidir. Ona görə də insanların qəlbinə xitab etmək və dilə gətirdiklərindən daha çox deyə bilmədiklərinə diqqət etmək lazımdır.

 

Psixoloqların fikrincə, yeddi ili aşan dostluq münasibətləri, adətən, ömür boyu davam edir, əgər sizin də belə dostunuz varsa, qədrini bilin, çünkü elələri yox sayılacaq qədər azdır.

 

Bir insanla mübahisə zamanı qalib gəlmək istəyirsinizsə, bunun ən asan yolu mövzuyla bağlı suallar verməkdir. Beləliklə, qarşınızdakı insanın yanaşmalarındakı səhvlik daha rahat ortaya çıxacaq, bu, onu da şübhəyə salacaq.

 

Ətrafınızdakı insanın başqaları haqqında danışarkən verdiyi reaksiyalara, özünü necə apardığına diqqət edin, çünki eyni hal sizin haqqınızda başqalarına danışarkən də təkrarlanacaq.

 

Unudulmaması vacib məqamlardan biri də odur ki, insan həyatı boyu özü ilə daha çox vaxt keçirir. Ona görə də başqalarını məmnun etmək yerinə əvvəlcə özünüzü məmnun etməyə çalışın.

 

Heç kimin dilindən düşməyən şablon, amma maraqlı bir cümlə var. Keçmiş mahnılar daha yaxşı olur. Heç bilirsiniz bunun səbəbi nədir? Çünki pis mahnılar onsuz da yaddan çıxır. Bəs bundan hansı nəticəni çıxartmalıyıq?

Pis şeylər sonsuza qədər davam etmir və həmişə yadda qalan yaxşılar olur. Bax, buna tutunmağa, hər kəsə inad mübarizə aparmağa dəyər.

Sonuncu ölən ümidlərdir,

icazə verməyin ki, o, sizdən daha əvvəl ölsün!

 

Fərid Özay