Ekspertlərin fikrincə, Rusiyaya tətbiq olunan sanksiyalar və bu ölkəyə qarşı formalaşan siyasi blok Moskvanı xarici siyasətində müəyyən dəyişikliklər etməyə vadar edib; Lavrovun Bakı səfəri ərəfəsində sözçüsü qulağımıza xoş gələcək sözlər niyə dedi?

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyunun 22-də keçirdiyi mətbuat konfransında Bakını razı salacaq mövqeyi ilə diqqət çəkib. Əvvəlcə o, Azərbaycanda “RİA Novosti” agentliyinin internet informasiya resursuna girişin məhdudlaşdırılmasını “mətbuat azadlığına növbəti hücum” adlandıran erməni jurnalisti yerinə otuzdurub.

“Yeni Müsavat”ın məlumatına görə, erməni jurnalistin sualını cavablandıran M.Zaxarova qeyd edib ki, Rusiya mövcud və yaranan problemləri öz tərəfdaşları ilə ikitərəfli formatda həll edir. “Hesab edirəm ki, KİV-lər və onların fəaliyyəti məsələləri iki əsas məsələyə diqqət ayıraraq həll edilməlidir. Bu, ilk növbədə qanunauyğun olaraq yerinə yetirilməli, ikincisi isə milli və beynəlxalq hüquqda qeyd olunduğu kimi, söz azadlığı və jurnalist hüquqlarına hörmətə əsaslanmalıdır. Ona görə də biz mövcud və yaranan problemləri öz tərəfdaşlarımızla ikitərəfli formatda həll edirik. Ümid etmək istəyirik ki, bu cür presedentlər daha az olacaq, mətbuat sahəsindəki münasibətlərimizi feyk və dezinformasiyalara müqavimətin zəruriliyini rəhbər tutaraq inkişaf etdirmək istəyirik”, – deyə o bildirib.

Məlumdur ki, Rusiyanın “RİA Novosti” agentliyi özünü Azərbaycanın ərazilərində qanunsuz təşkilatın “naziri” adlandıran separatçı Artak Beqlaryanla müsahibə yerləşdirmişdi. Həmin müsahibədən sonra Azərbaycanda “RİA Novosti” agentliyinin internet informasiya resursuna giriş məhdudlaşdırılıb. Daha sonra agentlik həmin müsahibəni silib. Zaxarovanın məhz erməni jurnalistin eşitmək istədiyi cavabın əksinə olaraq, yaranmış problemin Bakının əleyhinə sui-istifadəsinə imkan verməyib, ətraflı izahatında Rusiya mediasının mövqeyinə daha çox “yüklənib”.

Zaxarova Rusiyanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlı olmadığı haqda iddialara da toxunub. O deyib ki, Rusiya iki ölkə arasında münasibətlərin normallaşmasında “heç kimin olmadığı qədər maraqlıdır və imkan verə bilməz ki, ayrı-ayrı xarici oyunçuların siyasiləşmiş addımları regionda sülh və sabitliyin bərpası üzrə onsuz da olmayan səylərə əngəl törətsin”. Bu mesaj vasitəçilik missiyasında xeyli fəallaşan Brüsselədir, amma həm də Azərbaycan ictimaiyyətinə yönəlik fikirlərdir. Çünki Azərbaycanda Rusiyanın sülh müqaviləsini əngəlləyə biləcəyi narahatlığı var. Zaxarovanın açıqlaması bu narahatlıqları aradan qaldırmaq istəyindən doğur. “Bundan sonra da üç ölkə liderlərinin bəyanatlarında qeydə alınmış öhdəlik və tapşırıqların qeyd-şərtsiz icrası üçün bizdən asılı olan hər şeyi edəcəyik”, – deyə o bildirib. Aydındır ki, Azərbaycanın münaqişənin tənzimlənməsində əsas istinad etdiyi sənəd də 10 noyabr üçtərəfli bəyanatıdır.

Nəhayət, XİN rəsmisi Moskvanın ən qısa zamanda Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın ikinci iclasını qəbul etməyə hazır olduğunu bəyan edib. “Azərbaycan və Ermənistanın bəzi sərhəd rayonlarında periodik olaraq yaranan insidentlər, problemlər Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın tammiqyaslı və müntəzəm işinin zəruriliyini və aktuallığını təsdiq edir. Biz ən qısa zamanda Moskvada komissiyanın ikinci iclasını qəbul etməyə hazırıq”, – deyə o bildirib. Zaxarovanın açıqlaması Rusiya XİN başçısı Sergey Lavrovun Bakıya səfərinə təsadüf edir, ola bilsin bu mesajlardakı müsbət tonların səbəbi həm də budur. Amma daha çox ehtimal ediləndir ki, Rusiyanın Azərbaycanla siyasətində çox korrekt mövqeyi Prezident Putin və Əliyev arasında anlaşmadan qaynaqlanır. Bizim mütəxəssislər necə düşünürlər?

Qüdrət Həsənquliyev: Təzyiqləri artırmalıyıq

Qüdrət Həsənquliyev

Deputat Qüdrət Həsənquliyevin fikrincə, bu tipli səfərlərə böyük ehtiyac var. O bildirib ki, Azərbaycan üçün prioritet məsələ Xankəndi üzərində ölkəmizin suverenliyinin təmin edilməsi və Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır: “Rusiya münaqişədə vasitəçi kimi bu məsələlərin həllində müstəsna rol oynaya bilər. Biz yenidən qan tökülmədən qeyd etdiyim məsələlərin həllini istəyiriksə, Rusiya ilə əməkdaşlığı genişləndirməliyik. Beynəlxalq birlik tərəfindən Rusiyaya ağır sanksiyaların tətbiq edildiyi bir zamanda Türkiyə və Azərbaycanın Rusiya üçün əhəmiyyəti xeyli artıb. Rusiyanın Azərbaycanla bağlı hər hansı narahatlığı olmamalıdır. Bilir ki, Azərbaycan öz öhdəliklərinə ciddi əməl edən etibarlı tərəfdaşdır və Rusiyadan bunu tələb etməyə haqqı var”.

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev isə hesab edir ki, dünyada gedən proseslər səbəbindən Rusiya Cənubi Qafqazda sülhün əldə edilməsində maraqlıdır: “Çünki Ukrayna müharibəsinə görə Qərblə əlaqələri kəsilib və diqqəti Şərqə yönəldib. Bu baxımdan Türkiyə, İran, Cənubi Qafqaz Rusiya üçün strateji baxımdan əhəmiyyətlidir. Moskvanın həm İrəvanda, həm Bakıda maraqları var. Ona görə Lavrovun Bakı səfərində də kommunikasiyaların açılmasının müzakirə ediləcəyi gözləntisi var. Əgər Rusiya yolunu Şərqə yönəldirsə, bu marşrut Zəngəzur dəhlizindən keçdiyi üçün nəqliyyat xətlərinin bərpası prioritet olmalıdır. Ümumiyyətlə, böyük sülhün əldə olunması üçün 10 noyabr sənədinin bütün bəndləri həyata keçməlidir ki, saziş imzalansın. Əks halda, böyük sülh müqaviləsi mümkün olmayacaq”.

Zaur Məmmədov: Azərbaycanın növbəti peykinin orbitə buraxılması ölkəmizə mühüm üstünlüklər verəcək - AZƏRTAC

 Zaur Məmmədov

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovun sözlərinə görə, Rusiyaya tətbiq olunan son sanksiyalar və bu ölkəyə qarşı formalaşan siyasi blok Moskvanı xarici siyasətində müəyyən dəyişikliklər etməyə vadar edib: “Lavrovun Azərbaycanın rəsmiləri ilə görüşlərdə Cənubi Qafqazda Rusiya-ABŞ qarşıdurması ilə bağlı Moskvanın maraqlarını və istəklərini Bakının nəzərinə çatdırması gözlənilə bilər. Bununla bərabər, Azərbaycan rəhbərliyi də öz növbəsində öz strateji maraqları üçün önəmli olan məsələləri, yəni Zəngəzur dəhlizi, sərhədlərin delimitasiyası və müəyyən qüvvələrin bölgədə sülh prosesinə xələl gətirən davranışları ilə bağlı narahatlığını qaldıra bilər.  Hesab edirəm ki, indiki halda Ukrayna müharibəsi ətrafında baş verən hadisələr Rusiyanı qonşu dövlətlərlə münasibətlərdə fərqli davranmaq məcburiyyəti qarşısında qoyur”. Z.Məmmədov Moskva və Ankara arasında bir çox məsələlər ilə bağlı yol xəritələrinin cızıldığını düşünür: “Bu yol xəritələri üzərində Ankara, Bakı və Moskva arasında müəyyən anlaşmalar gözlənilə bilər. Eyni zamanda Azərbaycan Moskvanın Ermənistana təzyiqlər etməsini,  bəzi məsələlərin Azərbaycanın xeyrinə həll etməsini istəyir”.

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma Ermənistanda türk görmək istəmirlər”

Ramiyə Məmmədova

Türkiyədə fəaliyyət göstərən siyasi şərhçi Ramiyə Məmmədovanın bildirdiyinə görə, Zaxarovanın açıqlamalarını iki cür şərh etmək olar: “Birincisi, Lavrovun səfərinə qədər Bakını narazı salan bütün yanlışlıqlar düzəldildi. İstər onun Fərrux açıqlaması, istər ”RİA Novosti”dən müsahibənin silinməsi, Mədəniyyət Nazirliyinin keçirdiyi rəsm sərgisindən “Dağlıq Qarabağ” sözünün çıxarılması… Yəni Rusiya diplomatiyası Azərbaycandan gələn etirazları qulaqardı etmədi. Bu, Bakı səfərinə “təmiz” getmək üçün atılan addımlar idi ki, Lavrov paytaxtımızda həmkarı Ceyhun Bayramovla görüşdə şikayətlər eşitməsin. Və desin ki, iradların hamısı nəzərə alınıb”.

Siyasi şərhçinin fikrincə, ikinci faktor Zaxarovanın Kremlin mövqeyini Bakının diqqətinə çatdırmasıdır: “O, erməni jurnalistin suallarına belə də cavab verməli idi. Təbii ki, bu problemlər Bakıda epizodik müzakirə edilə bilər, amma əsas mövzu kommunikasiyaların açılmasıdır. Rusiya moderatorluğu Brüsselə vermək istəmir. Lavrovun ardıcıl səfərləri həm bununla əlaqədardır, həm də Türkiyə-Rusiya-Azərbaycan üçbucağı olduqca vacibdir. Çünki Moskva izolyasiya edilib və Avropa ilə münasibətlər tamamilə korlanıb. Məncə, Zaxarova Putinin mövqeyini çatdırıb, Rusiya lideri Qarabağ müharibəsindən sonra Azərbaycanı qane etməyəcək açıqlama verməyib. Ancaq razı salacaq addımlar da atmırlar. Misal üçün, 4-cü və 6-cı bəndlər icra edilməyib. Söhbət separatçı-terrorçuların bölgədən çıxarılması və nəqliyyat xətlərinin bərpa edilməsindən gedir. Lavrova bu haqda daha çox suallar verilməlidir, Kreml açıq mövqeyini bildirməlidir”.