Messinin vurduğu qolları barmaqları ilə göy üzünü işarət edərək qeyd etməsinə alışmışıq. Bu qol sevincinin hekayəsi illər öncəyə dayanır.
Bu gün Messi 33-cü doğum gününü qeyd edir. Sözügedən hekayəyə nəzər salmaq üçün uyğun vaxtdı:
“Leo öz ayağına iynə vururdu, Matias və Rodriqo isə balaca qardaşlarını qorxu içində izləyirdilər. “Mən özümə heç vaxt belə bir şey edə bilmərəm” deyə Matias dilləndi. Rodriqo əlavə etdi: “Sən dəlisən, Leo”.
Leo gülümsəyirdi: “Burda çətin bir şey yoxdu. Sizin də boyunuzun uzanması iynədən asılı olsaydı, eynisini edərdiniz”. Rodriqo: “Mən, onsuz da, uzunam. Həm də iynədən heç xoşum gəlmir”.
Leo işini bitirdikdən sonra ustalıqla iynənin ağzını bağladı və tibb çantasına qoydu. Hə, Rodriqoya “qorxaq toyuq” deməyi də unutmadı.
Matias və Rodriqo əllərindəki idman çantaları ilə qapıya doğru irəliləyirdilər. “Meydanda görüşərik, gecikmə, bu gün önəmli oyunumuz var” – dedi Matias.
Həkim Şvartsştayn Leoya iynə vurmağı öyrətmişdi. Artıq bir həftə idi ki, Messi böyümə hormonu çatışmazlığını aradan qaldırmaq üçün müalicə alırdı. İynənin canını yaxmasına razı idi, təki müalicənin sonunda boyu digər uşaqlar kimi uzun olsun.
Messinin nənəsi Seliya nəvəsinin hər matçını eyni yerdən izləyərdi. Bir gün Leo yuxudan oyananda xəstə olduğunun fərqinə vardı. Bu səfər məktəbə getməmək üçün uydurduğu yalanlara bənzəmirdi. Bağırsağında qorxunc sancı var idi. Adətən, səhərlər yerindən qalxan kimi gecə boyunca boyunun nə qədər uzadığını ölçərdi. Bu səfər rutininə əməl etmədi. Ağrıdan inildəyirdi.
Anası Seliya otağa girdi və tək kəlmə etmədən termometri Leonun ağzına qoydu. 38 dərəcə, Leo qızdırmışdı. Otaqdan çıxarkən “Evdə qalırsan, sənə şorba bişirəcəm” dedi. Leo isə bununla razılaşmaq istəmirdi: “Ana, bu gün evdə qala bilmərəm, çempionluq matçımız var”.
Leonun anası bir müddət gözlərini yerə zillədikdən sonra qollarını birləşdirdi. Hansısa müzakirənin gedişində işlər istədiyi kimi getməyəndə həmişə belə edir. Ailədə hər kəs bunu bilir. Bu onun “nə istəyirsən, onu da et” demək üzrə olduğuna dair işarədi. Otaqdan çıxarkən əllərini havaya qaldırdı və ironik ifadə ilə dedi: “Çempionluq matçı var imiş…”
Çox keçməmiş Leo məşqçisi Vekkyonun önündə idi. Uzun müddət ikisi də ağızlarını açmadılar. Nəhayət Leo dilləndi: “Məşqçi, bu gün mən oynamalıyam”.
Vekkyo əlini uşağın alnına qoydu, isti idi. Alt dodağını dişlədi və yekunda dedi: “Bilmirəm, yaxşı görsənmirsən. Məni bağışla, Leo, sən xəstəsən”.
Leo öskürə-öskürə danışmağa davam edirdi: “Xəstə deyiləm. Bir qulaq as mənə, rəqib futbolçulardan kimsə üstümə gəlsə, üstlərinə tüpürüb, mikroblarımı onlara keçirə bilərəm”.
Vekkyo qəhqəhə ataraq Leonun belini oxşadı. Uşaq bir anlıq oynaya biləcəyinə inanmışdı. Amma məşqçi qəti səslə dilləndi: “Yox, olmaz”.
Leo çox üzgün idi, ayaqları ilə torpağı təpikləyirdi, amma sonra taleyi ilə barışdı və matçı meydanın kənarından izləməyə başladı.
Oyunun ilk on dəqiqəsində rəqib komanda “Nyuells Old Boyz”un qapısına yol tapdı. Leo baxışları ilə sanki Vekkyoya yalvarsa da, məşqçi başını yelləyərək cavab verməklə kifayətləndi. Növbəti 10 dəqiqə geridə qalmışdı. Rəqib üç dəfə qapıya zərbə endirmişdi, “Nyuells”in aktivində isə bir hücum belə yox idi. Vekkyo dözə bilmədi və Leoya tərəf dönərək dedi: “Özünü necə hiss edirsən?”
Leo hazır idi və nə deməli olduğunu yaxşı bilirdi: “İstirahət etməyimə izin verdiyiniz üçün təşəkkür edirəm. İndi özümü çox yaxşı hiss edirəm”.
Məşqçi bir müddət Messini süzdükdən sonra başını yelləyərək əlindəki kağıza nəsə yazdı. Daha sonra həmin kağızı hakimə verərək oyunçu dəyişikliyi etmək istədiyini bildirdi. Messi forvardlardan birini əvəzlədi. Vekkyo Leoya “Özünü çox yorma” demək istəyirdi, amma cümlənin sadəcə ilk qismi ağzından çıxmışkən Messi özünü meydana atdı.
Leo artıq meydanda idi. Nənəsi Seliya ona baxaraq, həmişəki kimi, gülümsəyirdi. Uşaq sonrakı 10 dəqiqədə dubl etdi və “Nyuells” onun sayəsində növbəti qələbəsini qazandı. İkinci qoldan sonra komanda yoldaşları sevincdən onu atıb tuturdular. Leo isə havada olarkən onu izləyənlərə əl sallayırdı. Nənəsi ayaq üstdə idi. O da həyəcanlı şəkildə əl edirdi. Tribunalar dolu olsa da, Messi Seliyanın dəstək mesajlarını ayırd edə bilirdi. Bu, onun içini isidirdi.
Lakin Messi qol sevinci sırasında bir anlıq nənəsinin necə öskürdüyünü gözdən qaçırmışdı. Leo nənəsinin özünü yaxşı hiss etmədiyindən xəbərsiz idi. Seliya bunu heç kimin, xüsusilə də Messinin bilməsini istəmirdi. Bunun üçün də əlindən gələn hər şeyi edirdi. Nəvəsinin onu xəstə görməsinə izin verə bilməzdi. Həm də balaca Leo çempionluq qolunu vurmuşdu, heç münasib an deyildi. Belini arxaya dayadı, dərindən nəfəs aldıqdan sonra ağrı kəsdi.
 
***
Meydan yaş idi, ancaq Leo üçün bunun bir önəmi yox idi. Ən sevdiyi topunu bir dizindən digərinə, oradan başına atıb, yenidən ayağı ilə qəbul edir, bir də havaya atıb, sinəsi ilə saxlayır, topla canbazlıq edirdi. Tribunalara baxıb nənəsinin həmişə oturduğu yerə əl salladı. Ancaq Seliya bu səfər orada yox idi. Topu bir kənara atdı və tribunalara bir də göz gəzdirdi. Bəlkə də, yerini dəyişmişdi. Uzun müddət gözləri onu axtardı, amma tapa bilmədi. Yekunda çiyinlərini çəkib, meydanın mərkəzindən qapıya doğru qaçdı və isinmə məşğələlərinə davam etdi. Anidən arxadan bir səs gəldi: “Leoo!” Qız dostu Sintiya idi, arxasınca qaçırdı. Artıq Leoya çatmaq üzrə idi. Messi də ondan qaçmağa başladı, ancaq arxasına baxanda qızın ağladığını gördü. Meydanın ortasında dayandı və Sintiya gəlib qulağına bir şeylər pıçıldadı. Leo qızın əlini tutdu və ikisi bir yerdə meydanın kənarına doğru qaçmağa başladılar. Komanda yoldaşları və məşqçilərinin önündən keçərkən belə dayanmadı. Hamı təəccüblə onu izləyirdi.
Leo evə girəndə işlərin qaydasında olmadığını anlamışdı. Salon yetkin insanlarla dolu idi. Hamı əlindəki dəsmalla göz yaşlarını silərək hıçqıra-hıçqıra ağlayan anasına təsəlli verməyə çalışırdı. O, Leonu görən kimi gözlərini sildi. Ayağa qalxdı və güclə də olsa gülümsəməyə çalışdı. Seliya oğlunu qucaqlayaraq “Leo, nənən Seliya cənnətə getdi” dedi.
Həmişəki kimi, Leo üzünü anasının önlüyünə dayamışdı; ağlayarkən görünmək istəmirdi. Nənəsi bir müddətdi xəstə imiş, ancaq heç vaxt onun vəziyyəti Leonun matçını qaçıracaq qədər pis olmurmuş. Messinin canı acıyırdı. Həmin günədək ən çox velosipeddən yıxılanda acı məkmişdi. Bu, daha pis idi. Gözlərini qapadı və nənəsi Seliyanın ona gülümsəyən üzünü gördü. Ona ilk topunu hədiyyə etməsini, bütün bu zaman boyunca yalnız buraxmamasını, məşqçisi Apa ilə Leonu komandaya götürməsi üçün apardığı danışığı və “Nyuells”lə birbaşa əlaqə yaratmasını xatırladı.
Bütün önəmli anlarda Leonun yanında olmuşdu, amma artıq Seliya yox idi. Messi nənəsi olmadan yoluna necə davam edəcəyini bilmirdi. Üzünü anasının önlüyünə dayayarkən atasının gəldiyini və ikisini də qucaqladığını hiss etdi. Anası ilə atası otağın ortasında ağladılar, amma Leo ağlamadı. Ən azından göz yaşlarının hamının önündə axmasına izin vermədi.
Messi dərindən nəfəs aldı və onlardan ayrılaraq evdən çıxdı. Təpədəki gizli yerinə çatana qədər qaçmağa davam etdi. Və orada – təpədə təkbaşına ağladı. Onu – Tanrıdan başqa – heç kim görmürdü. Sonra da nənəsi Seliya üçün dua etdi.
Bir müddət sonra kiminsə yaxınlaşdığını hiss etdi. Tez göz yaşlarını köynəyi ilə sildi. Heç kimin onu bu formada görməsini istəmirdi. Gələn anası, ya da atası deyildi, Sintiya idi. Qız yavaşca “Burada olacağını bilirdim” dedi.
Leo gələnin Sintiya olduğunu öyrənəndə rahatladı. Qız qolunu Messinin çiyninə sararaq onu ayağa qaldırdı. Leo dilləndi: “Bura qədər gəldiyinə inana bilmirəm, Sintiya”.
Sintiya: “Səni daha öncə ağlayarkən görməmişdim”. Messi dərhal cavab verdi: “Görmüşdün – anadan olanda, altımız bağlı vəziyyətdə xəstəxanada yan-yana yatarkən”.
Sintiya bir anlıq gülümsəsə də, sonradan vəziyyətin fərqinə varıb üzr istədi. Leo, “Nənəm indi cənnətdədi” dedikdən sonra Rosarionun üstünü örtən mavi səmaya baxaraq işarət barmağını havaya qaldırdı.
Sintiya bunun anlamını soruşanda Leo belə cavab verdi: “Bu, mənim növbəti qolumdu – nənəm Seliya üçün”.
Maykl Part – “The Flea: The Amazing Story of Leo Messi”
 
Tərcümə və tərtibat: Rüfət Məcid