Pandemiya səbəbindən toylara icazə yox idi.  Azərbaycanda iyulun 1-dən etibarən 150 nəfərədək toyların keçirilməsinə icazə verilib. Avqustun 10-dan isə məhərrəmlik başlayır.

Bildiyimiz kimi, 2 ilə yaxın müddətdir ki, dünyada tüğyan edən COVİD-19 bəlası ölkəmizdən də yan keçməmişdir. Bir ildən artıq müddətdə toyların keçirilməməsi, üstəlik “Delta” ştammı ilə əlaqədar bir çox ölkələrdə yenidən karantin tətbiq edilməsini nəzərə alaraq insanlar toylara yenidən qadağa qoyulacağını düşünürlər. Ona görə də bəzi vətəndaşlar öz toy məclislərini təxirə salmaq istəmirlər və toylarını keçirməkdə qərarlıdırlar.

Qarşıdan gələn məhərrəmlik ayı isə cəmiyyətdə sual doğurur – Məhərrəmlikdə toy etmək olarmı?

Bu ayda toyların keçirilməsi nə dərəcədə düzgündür? Bu suallara ilahiyyatçıların cavabı müxtəlif oldu.

Məhərrəm ayında toy etmək günah deyil. İslamda belə bir qadağa yoxdur” – Bunu Azərbaycan Xalq Cəbhəsi  Partiyasının (AXCP) sədr müavini, ilahiyyatçı Tural İrfan deyib.

İlahiyyatçı qeyd edib ki, əksinə, islamda nigah mərasimləri özəlliklə müqəddəs aylarda xoş qarşılanır. Lakin, bu gün bir çox toyların islam qaydaları, islam ənənələrinə uyğun keçirilmədiyini deyən Tural İrfan, məhz belə mərasimlərin müqəddəs aylara salınmasının yolverilməz olduğunu bildirib:

İlahiyyatçı sonda qeyd edib ki, İslamda, yalnız aşura mərasimində toy məclislərinin keçrilməsi bəyənilmir.

“Məhərrəmlikdə toy etmək təbii ki, yanlışdır”

Bunu isə DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) sədri, İçərişəhər “Cümə” məscdinin imam-camaatı, həftəlik “Dəyərlər” qəzetinin və Dəyərlər AİN (Azerbaijan Islam News) portalının baş redaktoru, ilahiyyatçı İlqar İbrahimoğlu öz cavabında qeyd edib

“Məhərrəmlikdə toy etmək təbii ki, yanlışdır. Azərbaycan xalqının əsrlərdən gələn ənənəsi var, əhli-beytə ehtiramı var. Qısacası bu günlərdə yəni aşura və məhərrəmlikdə xeyir-işlərin keçirilməsi düzgün deyil.”

 

İlahiyyatçı Elşad Miri isə deyib ki, İslamda hər hansı ayda, gündə toyla bağlı bir qadağa yoxdur: “Əgər qadağa olsaydı peyğəmbərimizin 3 qızının, xanımlarının ( hansı ki, “Qurani-Kərim”də onlar möminlərin anaları adlandırılıb) özünün vəfat etdiyi gündə, yaxud 124 min peyğəmbərin öldüyü günlərdə toy etməzdik. Yüz minlərlə peyğəmbər və 365 günlük bir təqvim… Onda bizim təqvimimiz ancaq qara olardı”.

İlahiyyatçının sözlərinə görə, Məhərrəm ayı müqəddəs ay deyil: “Miladi təqvimdəki yanvar ayı kimi Hicri-qəməri təqvimində də məhərrəmlik ilin ilk ayıdır. Məhərrəm müqəddəs ay deyil. Bu İslamdan əvvəl də müsəlman olmayan ərəblərin istifadə etdiyi bir təqvim idi. Sadəcə, Məhəmməd peyğəmbərin vəfatından sonra 680-ci il Məhərrəm ayının 10-cu günündə, Aşura deyilən həmin vaxtı onun nəvələrindən biri olan İmam Hüseynin (ə) qətlə yetirildiyinə görə toy etmirlər. Ancaq peyğəmbər hətta öz oğlunun ölümü ilə bağlı belə bir qadağa qoymamışdı.

Əlbəttə, imam Hüseyn böyük şəxsiyyət olub, haqsızlığa qarşı vuruşub, amma bununla yanaşı, onun ölümü ilə bağlı toy edilməməsi anlayışı yoxdur. Bizim cəmiyyət hər şeyə kortəbii yanaşır.

Məsələn, Ramazan ayı başlayanda hamı müsəlman olur, içmir, islamla bütünləşir. Onlar bilir ki, toylardakı bəzi ənənələr İslama ziddir. Amma həqiqi müsəlman bütün ömrü boyu İslamla bütün olmalıdır, bir ayın xatirinə deyil. İslam hansısa hadisə ilə bağlı, yaxud yaxınını itirən birinin 40 gün saqqal saxlanılmasını özündə əks etdirən bir din deyil”.

Elşad Mirinin fikrincə, belə mərasimlərin ölkəmizdə keçirilməsi İranla bağlı məsələdir: “Zaqatala, Balakən, Qax zonalarında istər Məhərrəmlikdə, istərsə də Ramazan aylarında toylar keçirilir. Cəmiyyətdə mifik bir fikir formalaşıb ki, guya Məhərrəm ayında kim toy etsə, ya boşanacaq, ya övladı olmayacaq, ya da başqa xoşagəlməz hadisə ilə üzləşəcək. Amma ağlı başında olan bir insan bilir ki, əgər hər hansı genetik xəstəliyi varsa, qanında hansısa virus varsa, sonsuzluq problemi bununla bağlıdır.

Əzadarlıq məclislərinə gəldikdə, İslam dinində əzadarlıq anlayışı yoxdur. Allah “Qurani-Kərim”də də buyurur ki, özünüzü öz əllərinizlə təhlükəyə atmayın. Əgər bu deyilibsə, onun verdiyi əmanəti biz necə cəzalandıra bilərik? Əgər həmin insanlar həqiqətən də səmimidirlərsə, İmam Hüseyn kimi həyat yaşasınlar, onun kimi namaz qılsınlar, onun kimi oruc tutub, “Quran”a bağlılıqlarını həyata keçirsinlər. Bütün bunları etməyib yalnız bir “islamçı” olmaq mənə səmimi görünmür”.

Anar Əhmədli