Zamin HACI“Su axar, çuxurunu tapar”

(Azərbaycan ata sözü)

Ağır cinayətlər məhkəməsində bir işə baxmağa hazırlaşırlar, aran rayonumuzda drenaj kanalı idarəsinin müdirini intim videolarla şantaj edərək hər ay ondan 7 min manat alan quldur dəstəsi mühakimə ediləcəkdir. Rəqəmə fikir verdinizmi? 7 min. Belə baxanda hansısa kanal müdirində o qədər pul olmamalıdır. Ancaq varmış. Quldurlar da bunu bilirmiş. Əslində hamımız bilirik. Bizdə quldurlar daha hörmətli yaşayırlar. Böyük quldurlar balaca quldurları soyur, onlar daha balacaları.

Eyni vaxtda universitet müəlliminin dələduzlara tuş gəlib aldadılması haqda xəbər verilmişdi. Deyir bu kişi fəlsəfə kafedrasında çalışır, hətta bir neçə kitab-zad da cızmaqara etmişdir. Lakin Sokratdan, Kantdan, nə bilim, lap elə Sührəvərdi müəllimdən öyrəndiklərini qırağa qoyub öz uşağını hüquq-mühafizə orqanlarına rüşvətlə işə düzəltmək fikrinə düşübmüş. Beləcə, quldurlar fəlsəfə müəlliminin 50 min manatının başına daş salıbdır. İndi müəllim iddia edir guya bu pulun hamısını kreditə, sələmə-filana götürübmüş. Təbii. Cahangir müəllim də Beynəlxalq Bankdan kredit götürmüşdü. Zamirə xala isə Londonda sələmçilərin pullarını xərcləyirdi.

Bəlkə də doğrudan fəlsəfə müəllimi sələmçidən pul alıb bu fırıldağın qurbanına çevrilibdir. Ancaq bu adamlar niyə özlərinə sual vermir ki, axı 50 min verib uşağı işə düzəltsəm, bu uşaq həmin pulları sonra kimdən, hansı kriminal yollarla çıxartmalıdır? Niyə bu ölkədə Fuad Poladov kimi təmiz, tamahsız, gözütox adamlar çox azdır? O aktyor ki, ölümündən azca qabaq xanımına bərk-bərk tapşırmışdı: “Əgər mən öləndən sonra yas mərasimi-filan üçün hökumətdən kiməsə ağız açsan səni heç vaxt bağışlamaram”. Xanımı da aktyor qədər gözəl insan imiş, vədinə əməl elədi.

Qayıdaq kanal müdirinin əhvalatına. Onun gördüyü işin qısa məzmunu belədir ki, respublika ərazisində 200 kilometrə yaxın uzunluğu olan drenaj kanallarını təmiz saxlamalıdır, nəticədə qrunt suları axıb Xəzərə getməlidir, beləcə torpaq şoranlıqdan, duzdan təmizlənməlidir, kənd təsərrüfatı inkişaf eləməlidir. Şəhər camaatı üçün prosesi lap detallı izah edim: drenaj üsulu belədir ki, torpaq sahələrinin ətrafında kanallar qazırsan, üst qatda yığılıb torpağı şoranlaşdıran sular da axıb gedir. Çünki Aranda hər yer düzənlikdir, suyun özbaşına axıb getməsi üçün imkan yoxdur. Amma bu adam intim şantaja görə hər ay 7 min ödəyirmiş. Əcəb drenajdır. Bir maraqlı termin də yerinə düşür: bu kişinin çalışdığı kanallar şəbəkəsinin başqa adı kollektordur. Banklara borclu olan adamlardan zor-xoş pulları geri alan işçilərə də kollektor deyirlər. Yəni belə çıxır qeyri-rəsmi kollektorlar kollektorun müdirini kollektiv şəkildə kor qoyublar. O yanıltmacda deyilən kimi: “Getdim gördüm bir dərədə bir kar, kor, kürkü yırtıq kirpi…” Sanki Azərbaycan xalqı öz folklorunu doğruya çıxartmaq üçün yaşamaqdadır. Yoxsa hara baxırsan ya kürkü yırtıq kirpi görürsən, ya qılquyruq qırqovul, ya da ən yaxşı halda el üçün ağlayıb gözü kor olmuş adam.

Deyə bilərsiniz, hər halda, cinayət işi açılıb, quldurlar tutulub, kollektor müdiri bəlkə heç 7 mini verməyibdir. O zaman gəlin xəbərə qayıdaq. Quldurlar kanalın müdirindən 1 ilə yaxın müddətdə 70 min manat qoparıblar. Bəs vergi idarəsi, maliyyə idarəsi, su idarəsi, kanal idarəsinin rəhbərliyi, nə bilim, başqa əlaqədar orqanlar niyə maraqlanmayıblar ki, bu kişi hər ay 7 min manatı haradan tapırmış, nə cür ödəyirmiş, niyə ödəyirmiş və sairə. Axı zarafat deyil, bu məbləğ Azərbaycanda 1 nəfərin 10 illik orta aylıq əməkhaqqı qədərdir (əgər Statkoma inansaq, bu il bizdə orta maaş 555 manatdır).

Böyük ehtimal bu rüşvətxor adamların hamısı AXC-Müsavat dövründən qalma kadrlardır. Kanallarda gizləniblər.