Dehlinin Bakıya “silahlı” qərəzinin arxasındakı səbəblər

Hindistan Ermənistana 270 milyon dollar dəyərində silah-sursat göndərəcək. Hindistanın “The Economic Times” qəzetinin məlumatına görə, sözügedən silah-sursat iki ölkə arasında sentyabrın əvvəlində imzalanan müqavilələr əsasında göndəriləcək.

Qəzet yazır ki, müqaviləyə Hindistanın “Pinaka” Reaktiv Yayılım Atəş Sistemlərinin, tank əleyhinə raketlərin və bir sıra döyüş sursatlarının alınması daxildir.

Müqavilələrə əsasən, Hindistan Ermənistana yerli istehsalı olan “Pinaka” reaktiv yaylım atəşi sistemləri, eləcə də tank əleyhinə raketlər və silah-sursat partiyası göndərəcək. Bildirilir ki, bu müqavilə ilə Hindistan “Pinaka” sistemlərini ilk dəfə olaraq xarici ölkəyə satacaq.

Bu xəbər yeni deyil, iki il əvvəl 2020-ci ildə İrəvanla Dehli arasında 40 milyon dollar dəyərində dörd “Swathi” əks batareya radarının tədarükü üçün müqavilə imzalanıb.

Bu ilin yayında isə Ermənistan Silahlı Qüvvələrinin Hindistandan pilotsuz uçuş aparatları (PUA) və digər hərbi təyinatlı məmulatların alınması ilə bağlı danışıqlar aparması barədə məlumat yayılıb. Həmin vaxt “Poliqon” saytı Hindistanın DNA nəşrinə istinadən xəbər verib ki, bu məqsədlə Ermənistan Müdafiə Nazirliyini təmsil edən nümayəndə heyəti 2022-ci ilin iyun ayında Hindistana gedib və hindistanlı tərəfdaşları ilə görüşüb. Görüş zamanı Ermənistanın nümayəndə heyəti Hindistandan almaq istədikləri silah və texnikaların siyahısını təqdim edib.

Ümumilikdə son 5 ildə Ermənistan Hindistandan böyük miqdarda silah-sursat alıb. Stokholm Sülh Problemləri Araşdırmaları İnstitutu tərəfindən hazırlanmış “Beynəlxalq silah ticarətində tendensiyalar” adlı hesabatda qeyd olunur ki, 2017-2021-ci illər ərzində Hindistanın silah ixracında Ermənistanın payı 13 faiz təşkil edib. Ermənistan Hindistandan silah idxalı həcminə görə üçüncü ölkə olub.

Doğrudur, Hindistan hazırda dünyada silah sənayesində öncül ölkələrdən deyil, xüsusən də modern silahlar sahəsində. Dehli özü hazırda dünyada ən çox silah alan ölkələr sırasında yer alır. Lakin eyni zamanda, silah istehsalı həyata keçirir və bunun bir qismini satır.

Hindistanın silahları Ermənistanı Azərbaycan qarşısında gücləndirmək iqtidarında deyil, lakin bu silahlanma Ermənistanda revanşist qüvvələrin əl-qolunu açır. Başqa sözlə, Hindistanın verdiyi silahlar erməniləri yeni təxribatlara sövq edir.

Yeri gəlmişkən, rəsmi İrəvan builki dövlət büdcəsində hərbi xərcləri 11 faiz artıraraq 640 milyon dollardan 710 milyon dollara çatdırıb. Hindistan kimi ölkələrin silah satışı Ermənistanın “yaralarını” sarımağa xidmət edir.

Ancaq Hindistan yalnız silah satmaqla Ermənistanı dəstəkləmir. Həm də siyasi-diplomatik cəbhədə düşmən ölkə ilə tərəfdaşlıq edir. Məsələn, sentyabrın əvvəlində Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmalar BMT-də müzakirə olunan zaman Hindistan nümayəndəsi çıxış edərək açıq-aşkar işğalçı Ermənistanı dəstəkləyib və Azərbaycanı “təcavüzkar tərəf” adlandırıb.

Məsələ ondadır ki, Azərbaycanın Hindistanla yaxşı əlaqələri mövcuddur. Vaxtaşırı Bakıda Hindistan sərgiləri, birgə toplantılar keçirilir. Hindistan və Azərbaycanın ciddi ikitərəfli iqtisadi və ticarət əlaqələri mövcuddur. Hindistan Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşıdır. Təkcə bu ilin ilk 5 ayında Azərbaycanın Hindistana ixracı ötən illə müqayisədə 127,63% artaraq 796,97 milyon ABŞ dolları təşkil edib.

Lakin buna baxmayaraq, Dehli müəyyən səbəblərdən Ermənistanı seçib. Aydın məsələdir ki, burda əsas səbəb heç də hind və erməni xalqlarının tarixi qohumluğu deyil, daha dərin və real səbəblər var. Azərbaycanın Pakistanla yaxınlaşması, rəsmi Bakının beynəlxalq platformalarda Pakistanın mövqeyini dəstəkləməsi, Kəşmir münaqişəsi ilə bağlı İslamabadın yanında dayanması bu məsələdə rol oynayır.

Vəziyyətin bu həddə çatmasında Hindistanın hazırkı radikal sağ millətçi baş naziri Modinin rolu var. məhz onun dövründə Hindistanda etnik münaqişə daha da dərinləşib, müsəlmanlara qarşı zorakılıqlar artıb. Özü də bu zorakılıqları hakim siyasi partiya təşviq (bu barədə linkdən oxumaq olar https://www.musavat.com/news/sonu-mehebbetle-bitmeyen-hind-filmi_781363.html) edib.

İndi isə Modinin ifrat millətçi hakimiyyəti Pakistana dəstək verən ölkələrə qarşı bu cür qızışdırıcı addımlar atır. Aydın məsələdir ki, Azərbaycan Pakistanla bağlı mövqeyini dəyişməyəcək. Çünki birincisi, Pakistan bu məsələdə haqlı tərəfdir. İkincisi, Pakistan Azərbaycanın müttəfiqi və dost ölkədir. Azərbaycan bu mövqeyini dəyişmək fikrində deyil.

 

Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün