“Kəlbəcərə qədər bir çox rayonlarda çəkiliş etmişdik. İki aya yaxın bir müddət idi ki, biz işğaldan azad edilən ərazilərdə çəkilişlər aparırdıq. İki qrup halında əməkdaşlar bir-birini əvəzləyirdi ki, yorulmayaq. Kəlbəcərə iyun ayında gəldik və Susuzluq kəndinə qədər rayonun 15 kəndində çəkilişdə olmuşduq. Siracla, Məhərrəmlə yola çıxmazdan qabaq xeyli deyib gülmüşdük. Heç ağlımıza da gəlməzdi ki, bu onlarla son səfərimiz, son söhbətimiz olacaq”…

Xatırlamaq nə qədər ağır olsa da, iyunun 4-də media və dövlət qurumlarının əməkdaşlarının olduğu “KamAZ” markalı sərnişin avtomobili Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşüb. Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə  müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Həlak olanlardan ikisi həmkarlarımız – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov, biri isə Kəlbəcər rayonunun Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevdir.

Onlarla birlikdə çəkiliş qruplarından birinin tərkibində olan əməkdaşlarımızdan olan Rəşad Mehdiyev Oxu.Az-ın müxbiri ilə söhbəti zamanı həmkarları ilə son xatirələrini və həmin dəhşətli gün baş verənləri bölüşüb.

R.Mehdiyev deyir ki, müharibə bitdikdən sonra işğaldan azad edilən ərazilərimizdə çəkilişlər üçün qruplar halında fəaliyyət göstərmişik:

“Ezamiyyətə gələnlər arasında mən, Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov və digər bir neçə həmkarlar da var idi. Bir müddətdən sonra ezamiyyətə gələnlər digər həmkarlarla əvəz olunurdu. Bir neçə rayonu çəkdikdən sonra Qubadlı rayonuna gəldik. Məhərrəm də, Sirac da məcburi köçkün olublar. Hər ikisinin bu yerləri çəkərkən sevinc və kədər hissini eyni anda necə yaşadıqlarını görürdüm…”

Sirac Abışov Qubadlının Dondarlı kəndindən idi. Qubadlı rayonunu işğal edəndə Sirac Abışovun 3 yaşı olub. Kiçik yaşlarından Abışovlar ailəsi Sumqayıt şəhərində məskunlaşıblar.

R.Mehdiyev deyir ki, müvafiq qaydalara uyğun olaraq rayonları kənd-kənd gəzib, evlərə girərək dağıntıları lentə alırdılar. Çəkilişlər isə iki maşınla – “KamAZ” və “Niva” markalı maşınlarla aparılırdı.

İyunun 3-də çəkilişlərdən sonra Məhərrəmlə, Siracla oturub ürək dolusu söhbət etdiklərini deyən R.Mehdiyev təsadüfən çəkilən fotodan da bəhs edib:

“Mən hər zaman həmkarlarımın fotolarını çəkirəm, olduğumuz məkanlarından xatirə qalsın deyə. İşğaldan azad edilən ərazilərdə foto çəkmirdim ki, hərbi maşınlar düşməsin. Ayın 3-ü Kəlbəcərdə bir neçə çəkilişdən sonra yeni istirahət etmək istəyirdik. Məhərrəmlə Sirac maşından düşüb bir-birinə baxaraq gülümsədi. Mən onlardan xeyli aralıda idim, heç şəkillərini çəkdiyimdən xəbərləri olmadı. Bir anlıq əlim kameraya getdi və onların xoş gülümsədiyi anı əbədiləşdirdim. O fotoya baxmaq mənim üçün çox ağırdır”.

Məhərrəm İbrahimov Göyçə mahalının Ardanış kəndində anadan olmuşdu. O da həmkarı S.Abışov kimi anadan olduğu yerdən qaçqın düşmüşdü.

İyunun 4-ü… Səhər saat 11:00 radələri… Həlak olan həmkarlarımızın Kəlbəcərə son səfəri… Bir anda qulaq batıran partlayış səsi…

“Həmin gün iki maşın arxa-arxaya çəkiliş üçün Kəlbəcərin Susuzluq kəndinə tərəf gedirdik. Yuxarı qalxdıqca “Niva” ağırlıq səbəbindən nisbətən çətinlik çəkdi. “KamAZ” isə bizdən hardasa 2-3 km-ə qədər uzaqlaşdı. Bir anlıq güclü partlayış səsi eşidildi. İlk eşidəndə inanmaq istəmədik. Lakin bir anda sürücü qışqırdı ki, “irəlidən qara tüstü qalxır”. Həmin an anladıq ki, hadisə baş verib.

Bizim harada olduğumuz, nə zaman hansı istiqamətdən hansı istiqamətə doğru gedəcəyimizi heç kim bilmirdi. Təhlükəsizlik məqsədilə ilə zəruri olan tədbirlər gözlənilirdi. Ərazidə dalğa tutmurdu, lakin bir anlıq dalğa gəldi. Tez bir zamanda rəhbərliyə hadisə baş verdiyi ilə bağlı məlumat verdim. Daha sonra biz maşından düşdük və yaralılar varsa tez təxliyyə edilsin deyə irəli getməsini istədik. Yolda maşının təkər izləri ilə 2 km-ə yaxın ərazini piyada qalxaraq kəndə tərəf getdik”.

“Yaxınlaşanda ətrafda iki nəfər yaralı və iki cəsəd gördüm…”

Nə baş verdiyini görsələrdə bunu qəbullənməyin çox çətin olduğunu deyən R.Mehdiyev bir saat əvvəl deyib güldüyü həmkarlarının cansız bədənləri ilə qarşılaşıb:

“Partlayış çox güclü olduğu üçün cəsədləri xeyli uzağa atmışdı. İlk olaraq bizi əraziyə yaxınlaşmağa qoymurdular. Həmin gün Sirac da, icra nümayəndəsi də eyni rəngli köynək geyinmişdilər. Maşının digər tərəfində iki cəsəd gördük. Üzüstə düşdükləri üçün heç kimi ilk baxışda tanıya bilmirdik. Hadisəyə yerindən xeyli aralıya dərəyə də cəsəd düşmüşdü. Məlumat verildikdən sonra əraziyə aidiyyəti qurumların əməkdaşları gəldi, təhlükənin olmadığı müəyyənləşdikdən sonra cəsədlər götürüldü və Gəncəyə göndərildi. Deyib gülərək çıxdığımız yolu təəssüf ki, göz yaşları ilə qayıtdıq”.

Öz aralarında söhbət zamanı tez-tez “gəlin şəkil çəkdirək, bizə xatirə qalan elə bu videolar, fotolar olacaq” deyirdilər… Elə də oldu… Məhərrəm İbrahimov, Sirac Abışovdan qalan şəhidlik zirvəsinə ucalmazdan bir neçə saat öncə çəkilən fotolar oldu:

“Biz istəyirdik ki, İstisuya gedək. Çox çalışdıq ki, çəkilişlərdən vaxt edib ora gedə bilək, lakin qismət olmadı. Biz oradan qayıtmazdan qabaq İstisuya getdik, oradan su götürüb həmkarlarımızın dəfn olunduğu yerdə torpaqlarına tökdük”.

Şəhid jurnalist Məhərrəm İbrahimov Müşfiqabad qəsəbəsində ata-anasının yanında, Sirac Abışov isə Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Allah rəhmət eləsin…