“Hələ də bir sıra müəssisələr biganə qalmaqda davam edir”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Mirsalam Qənbərov Xəzərə axıdılan çirkab suların qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən  hüquqi və fiziki şəxslərə olunan xəbərdarlıqla bağlı müsahibə verib. 

Minval.İnfo həmin müsahibəni təqdim edir:

– Xəzər dənizinə təmizlənmədən axıdılan axarların qarşısının alınması ilə bağlı  hüquqi və fiziki şəxslərə etdiyiniz xəbərdarlıqdan sonra vəziyyət dəyişibmi?

– Bu gün Xəzər dənizinin çirklənməsi daha çox tullantı sularının hesabına baş verir. Bu tullantı suları təsərrüfat və sənaye mənşəli olmaqla iki qismə bölünür. Hazırda Xəzər dənizi üçün daha vacib problem sənaye mənşəli tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılmasıdır ki, bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilib və davam edir. Təəssüflər olsun ki, hələ də  bir sıra  müəssisələr bu məsələyə biganə qalmaqda davam edirlər.

– Hazırda Xəzəri ən çox çirkləndirən müəssisələr hansılardır və bunun qarşısının alınması üçün hansı addımlar atılır?

– Bu gün Xəzər dənizini çirkləndirən bir sıra müəssisələr var ki, bunlardan Abşeron yarımadası ərazisində karbohidrogen hasilatı ilə məşğul olan  “AzGerneft” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Suraxanı Oil Operation Company S.A.” və “Balaxanı Operating Company Ltd”nin adını çəkə bilərik.  Bu müəssisələrdə  çirkab suları təmizlənmədən, təmizləmə prosesi keçmədən birbaşa Xəzər dənizinə axıdılır. Bu problem çox ciddi şəkildə bizi narahat edir və tez bir zamanda həll olunmalıdır. Əfsuslar olsun ki, sözügedən əməliyyat şirkətləri müasir texnologiyalar mövcud olduğu halda, bu avadanlıqları quraşdırmağa və onlardan istifadəyə önəm vermir və bu gün də standartlara cavab verməyən kohnə texnoloji üsullardan istifadə edir. Qeyd edim ki, lay sularının uducu quyulara vurulması, ətraf mühitdən təcrid olunmaqla qapalı su dövriyyəsinə keçirilməsi, bu suları təmizləməklə texniki məqsədlər üçün  təkrar  istifadə edilməsi məsələləri təəssüf ki, bu gün də öz həllini tapmayıb. Problemlərin aradan qaldırılması üçün dəfələrlə tərəfimizdən çirkləndiricilərlə görüşlər keçirilib, tövsiyələr verilib və pozuntuları  aradan qaldırmaq üçün müəssisələrə icrası məcburi olan tapşırıqlar verilib. Bu problemlərin ciddiliyini nəzərə alaraq biz buna göz yuma bilmərik. Əgər qısa vaxt ərzində lazımi işlər görülməzsə cavabdeh şəxslər, yəni çirkləndiricilər barəsində sərt və daha ciddi tədbirlər görüləcək, pozuntularla bağlı hüquq mühafizə orqanlarına müraciət olunacaq.