Minval.info // İntihar videosunda Elinanın corablarını çəkməsi aydın görünür. O, hər nə qədər intihar etmək istəsə də, pəncərəyə qoyanda dizinin zədələnməməsi üçün corablarını yuxarı çəkir.
Bu sözləri Axar.az-a açıqlamasında psixoloq Gülnar Orucova deyib.
O bildirib ki, Elina intihar edəndə belə ölümü düşünməyib:
“Sadəcə, ətrafındakı insanların ona olan pis münasibətini dəyişmək istəyib. Əgər bir insan intihar edəcəyini əvvəlcədən deyirsə, deməli, ətrafındakıların ona olan münasibətinin psixologiyasına pis təsir etdiyini açıq formada bildirmək istəyir. Yəni “məni intihara məcbur etməyin” demək istəyib. Onun intihar barədə dedikləri, yazdıqları xəbərdarlıq siqnalıdır.
Düşdüyü mühit onu doğru anlaya bilməyib. Gözlədiyi dəstəyi görmədiyi üçün özünə zərər verməyə çalışıb. Bu hadisə məktəb direktorlarına, müəllimlərə, şagirdlərə dərs olmalıdır”.
G.Orucova bildirib ki, intihar edənlərin çoxu sevgisizlikdən əziyyət çəkir:
“Bu gün ailələrdə əsas problemlərdən biri də valideynlərin öz övladlarına sevgi göstərməməsidir. 11-16 yaş dönəmində uşaqlar sevgiyə daha çox ehtiyac duyurlar. Çünki valideynlər yeniyetməlik dönəmində övladlarına bəzi qadağalar qoyurlar. Uşaqlar isə bunu sevgisizliklə əlaqələndirirlər.
Yeniyetməlik dövründə oğlanlar daha çox güc və sərbəstlik istəyirlər. Məsələn, mediada tez-tez kütləvi davalarda yeniyetmələrin yaralanması ilə bağlı xəbərlər yayılır. Yeniyetmələr həm də səbirsiz olur. Buna görə də onlarla maksimum dərəcədə həssas davranmaq, ona hörmət etmək, təhqir etməmək lazımdır. Bu dönəmlərdə yeniyetmələrin ailə və dostları ilə münasibətləri pozulanda düzəlməsi də çətin olur. Oğlanlar özlərini daha güclü hiss etmək istəyirlər, qızlarda isə sevilməmə kompleksi yaranır. Uşaq ailədə görmədiyi sevgini dostlarında, bir çox hallarda isə qarşı cinsdə axtarmağa başlayır. Bu yaşlarda uşaqlar arasında sevgi qısamüddətli olur və onlar ayrılığa tab gətirməyərək intihara meyil edirlər. Diqqət etsək görərik ki, yeniyetmələr arasında intiharlar daha çox 14-17 yaş aralığında reallaşır”.
Psixoloqun sözlərinə görə, yeniyetmənin intihardan əvvəl özünü çox sakit aparması da ətrafındakıları cəzalandırmaq üçün bu yola əl atdığını göstərən daha bir nüansdır:
“İntihar etmək heç də insanların davamlı düşündüyü bir şey deyil. Bu, qəfil insanın ağlına gəlir və həmin anda ona cəhd edir. İnsanların əksəriyyəti özünü öldürmək məqsədilə intihar etmir. Sadəcə, özünə yüngül xəsarət verməklə qarşıdakı tərəfi peşman etmək və ya insanların özünə qarşı mərhəmətli davranmasını təmin etmək üçün bu yola əl atır. Bəzi hallarda intihar edənlər həyatı bizdən qat-qat çox sevən insanlar olur. Sadəcə, o adamlar həmin anda düşünürlər ki, içində olduqları problemləri həll edə bilməyəcəklər”.
Qeyd edək ki, 4 aprel tarixində 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən atıb və iki gün sonra xəstəxanada dünyasını dəyişib.


































