“Sirdaş Rövşanə” verilişində qonaqlar arasında gərginlik yaşanıb.

Minval.info xəbər verir ki, aparıcı Rövşanə Ağasəfqızının mövzusu ötən dəfəki kimi ekstrasens peşəsi ilə bağlı olub. Görünür, Rövşanə qalmaqallı olacağını düşünüb yenidən eyni söhbətlər etmək qərarına gəlib. Üstəlik, müğənni Afaq Aslanı yenidən qonaq kimi proqrama dəvət edib.

Verilişin qonaqlarından olan psixoloq Elmir Əkbər ekstrasesn peşəsini qəbul etmədiyini deyib və bunun elmi izahını verib.

Söz alan Afaq Aslan mütəxəssisin sözləri ilə razılaşmadığını, bu sahədə çalışan insanlara inandığını söyləyib: “Məsələn, yatsam yuxuma da girməzdi ki, müğənni olub şou-biznesə gələrəm”.

Müğənni çıxışına davam edərkən E.Əkbər ona “Təbii ki, Sovet dövrü olsaydı, siz heç vaxt müğənni ola bilməzdiniz” deyib.

Bu zaman Afaq Aslan özündən çıxıb və geyimi ilə bağlı danışarkən psixoloqu qısqanclıqda ittiham edib:

“Kişilər niyə belə qısqanc olur e? Sənin həyatında mənim kimi gözəl qadın yoxdur deyə, sən…”

Onun sözləri tamamlanmamış qonaqların mikrofonunun səsi kəsilib. Verilişinə tez-tez dəvət etdiyi Afaq Aslana verilən cavab tamaşaçılara nümayiş edilməyib. Amma zalda əyləşənlərin Elmir Əkbərin çıxışını alqışlamağından görünür ki, bu, Rövşanəyə sərf etmədiyindən psixoloqun sözləri efirə verilməyib.

Ardınca isə aparıcı qonaqlardan elmi dildə danışmamasını istəyib. Ümumiyyətlə, veriliş boyu Rövşanə mövzuya obyektiv yanaşmayıb və əsasən, ekstrasensin mövqeyindən çıxış edib.

Minval.info