“Xaricdən Azərbaycana böyük həcmdə bitki yağları, əsasən də qarğıdalı və günəbaxan yağı gətirilir. Həmin yağlar burada yerli şirkətlər tərəfindən qablaşdırılaraq bazara çıxarılır. Azərbaycana qablaşdırılmamış bitki yağları isə əsasən, Rusiya və Ukraynadan gətirilirdi. Hazırda bu ölkələrdən idxal çətinləşib. Ukrayna son bir ildə ixracda ciddi problemlər yaşayır. Rusiya isə daxili bazarı qorumaq üçün bitki yağlarının ixracına müəyyən məhdudiyyət tətbiq edib. Bitki yağlarının xaricdən alış həcmi azaldıqca ölkəmizdə daxili istehsalda da azalma müşahidə edilir”.
Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, dünyada bitki yağlarının daha da ucuzlaşması gözlənilir:
“Keçən ildən dünya bazarlarında duru bitki yağlarının qiymətlərində enmə müşahidə edilir. İdxaldan asılı olduğumuzu nəzərə alsaq, Azərbaycanda bu məhsullar ucuzlaşmalıdır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı dünyada ərzaq qiymətlərində ucuzlaşma tendensiyasının davam edə biləcəyini proqnozlaşdırıb. Digər tərəfdən, Rusiyada bəzi ərzaqların ixracına qoyulan məhdudiyyətin də aradan qaldırılacağı gözlənilir. Ümid edirəm ki, qiymətlər bahalaşmayacaq”.
Zeytun yağının bahalaşmasına gəlincə, ekspert qeyd edib ki, Azərbaycanda zeytun bağları olduğu üçün zeytun yağları yerli istehsaldır:
“Ola bilər, hava şəraitinin pis keçməsinə görə məhsuldarlıq aşağı düşüb və qiymət qalxıb. Çünki xaricdən zeytun yağının ölkəmizə gətirilərək burada qablaşdırılması sərfəli deyil. Xaricdən gələn zeytun yağının qablaşdırılması yerinə, məsələn, Türkiyədən hazır məhsul almaq daha sərfəlidir”.
Ekspert əlavə edib ki, xaricdən Azərbaycana kərə yağı gətirənlərin sayı nə qədər çox olsa, rəqabətli mühit qiymətlərin tənzimlənməsi və aşağı düşməsində o qədər mühüm rol oynaya bilər. Azərbaycana idxal olunan kərə yağı və komponentlərinə tətbiq olunan gömrük rüsumları ilə bağlı güzəştlər indiki halda qiymətlərin daha çox bahalaşmasının qarşısını alır:
“Başqa sözlə, bu məhsulların idxal gömrük rüsumu 15 faizdən 5 faizə endirilib. Əgər bu addım atılmasaydı, ölkədə kərə yağının qiyməti mövcud qiymətdən daha baha olardı. Ərzaq məhsullarının pərakəndə satış qiymətlərinə təsir etmək üçün ən azından bu məhsullardan alınan 18 faizlik əlavə dəyər vergisini (ƏDV) ləğv etmək və yaxud xeyli azaltmaq olar. Məsələn, ərzaq məhsulları üzrə ƏDV 2 faizədək azaldılsa, bu, qiymətlərin aşağı düşməsində ciddi rol oynaya bilər”.