Koronavirus epidemiyası dünyada yayılmağa davam edir. Ölkələr karantin qərarı verir, uçuşlar təxirə salınır, sərhədlər bağlanır, insanlara evdən çıxmamaq qadağan edilir. Koronavirusun geniş yayılması iş yerlərinin bağlanması səbəbi ilə insanlara maddi çətinliklər yaradır. Tanınmış simalar isə koronavirus epidemiyasının səbəb olduğu iqtisadi çətinliklərdən təsirlənən insanlara maddi dəstək olurlar.  

Müğənni Rihanna 5 milyon, 22 yaşlı milyarder Kayli Cenner, aktyor Arnold Şvartseneqqer, Rayan Reynolds, aktrisa Ancelina Coli, Bleyk Layvli 1 milyon dollar koronavirusla mübarizəyə ianə edib.

Məşhur müğənni Taylor Svift isə maddi çətinlik yaşayan pərəstişkarlarına 3000 dollar paylayaraq gündəmə gəlib.

Türkiyəli məşhurlar da müxtəlif kampaniyalarla insanlara kömək edir. YouTuber Atakan Özyurtun başlatdığı “Kirayə pulun məndən” kampaniyasına  İdo Tatlıses, Edis, Arda Turan, Zeynep Bastık, Burak Yılmaz və Emre Çolak kimi məşhur simalar qoşulub. Özyurt 1, Edis 5, İdo 10 ailənin kirayə pulunu ödəyəcəyini açıqlayb.

Müğənni Haluk Ləvəntin “Dayanışma günləri” kampaniyasına qoşulan məşhurlar da az deyil. Aktyor Can Yaman 50, Kıvanç Tatlıtuğ və müğənni Murat Boz 1000 ailənin 2 aylıq qida ehtiyacını ödəyəcəyini açıqlayacaq.

Adətən etdiyi yardımları açıqlamaqdan boyun qaçıran azərbaycanlı məşhurlar bu dəfə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirlərə qoşulublar. Xalq artisti Röya Ayxan, Mənsum İbrahimov, müğənni Zamiq Hüseynov, aparıcı Zaur Baxşəliyev Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Bəs, digər məşhurlar koronavirus səbəbi ilə maddi çətinlik yaşayan insanlara yardım edəcəklərmi?

Musavat.com məşhurlar arasında sorğu keçirib. Xalq artisti Faiq Ağayev bildirib ki, etdiyi yardımlar haqda danışmağı sevmir:

“Sağ əlin verdiyini sol əl bilməməlidir. Edilən yardımı demək xoş deyil. Çalışdığım qədər imkansız ailələrə kömək etmişəm. Amma bu haqda danışmaq istəmirəm”.

Aparıcı Aysel Nazim də insanlara yardım üçün birləşmək gərəkdiyini deyib:

“Allahın bizə verdiyi ruzini paylaşmalıyıq. Mənim böyük məbləğdə gəlirim yoxdur. Amma qazancımdan ehtiyacı olan insanlara daim yardım etməyə çalışmışam. İki ailə var ki, onlarla daim əlaqə saxlayıram. Mümkün qədər kömək edirəm. Özüm edə bilməyəndə dostlardan xahiş edirəm, birləşib yardım edirik. İndi də birləşməliyik, güc birlikdədir”.

Müğənni Təranə Qumral isə bildirib ki, koronavirus yayılandan sonra müğənni həyat yoldaşı Musa Musayevlə 5 ailəyə kömək edib:
“Biz yardımsevər insanlarıq. Koronavirusla bağlı karantin başlayandan 5 ailəyə kömək etmişik. Biz toydan pul qazanırıq. Hazırda toylar qadağan edilib, gəlirimiz yoxdur. Amma yenə də ehtiyacı olan ailələrə yardım etməyi özümüzə borc bilirik. 5 ailənin ərzaq ehtiyacını ödəmişik. Bir neçə gün sonra isə 3 ailəyə də yardım edəcəyik. Kömək etdiyim ailələr arasında şou nümayəndəsi – müğənni də var. Elə şəxslər də var ki, həkimə gedib müayinə olunmalıdır. Hamısını öz pulumla həkimə göndərmişəm”.