17.08.2026 - 14:49
Maqazin 877 baxış

Boşansalar Ronaldo Corcinaya nələr verəcək? - Müqavilənin detalları

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo ilə həyat yoldaşı Corcina Rodrigesin imzaladığı nikah müqaviləsinin detalları açıqlanıb.

Müqavilə avqustun 10-da, cütlük evlənmədən cəmi 24 saat əvvəl Lissabondakı notarius ofisində imzalanıb.

Portuqaliya mətbuatının, daha sonra isə “MARCA”nın yaydığı məlumatlara görə, müqaviləyə əsasən, Madriddə milyonlarla avro dəyərində olan daşınmaz əmlakın Corcinaya veriləcəyi iddia olunur. Bundan başqa, boşanacaqları təqdirdə Ronaldonun xanımına ömürlük hər ay 100 min avro aliment ödəyəcəyi bildirilir. Bu şərtin cütlüyün qızı Alana Martinanın dünyaya gəlməsindən sonra müəyyənləşdirildiyi bildirilir. Məqsədin Corcinanın və cütlüyün övladlarının maddi təhlükəsizliyini təmin etmək olduğu qeyd edilir.

Müqavilənin digər şərti isə Madridin dəbdəbəli “La Finca” yaşayış kompleksində yerləşən ailə evinə aiddir. Bildirilir ki, münasibət başa çatarsa, Corcina Ronaldonun malikanəsinin mülkiyyətini özündə saxlayacaq. Sözügedən evin dəyərinin təxminən 6,8 milyon dollar olduğu bildirilib.

Məlumata görə, tərəflər bir-birinin şəxsi sərvətinə hüquq iddia edə bilməz. Eyni məlumatda Ronaldonun sərvətinin təxminən 1,2 milyard dollar, Corcinanınkının isə 10 milyon dollar olduğu qeyd edilib.

Portuqaliyalı ulduzun bu ilin əvvəlində təxminən 1,4 milyard dollar sərvətə sahib olduğu açıqlanıb. Onun var-dövləti futbol gəlirləri, bizneslər, daşınmaz əmlak və lüks aktivlər arasında bölünüb.

Ronaldonun kommersiya maraqları arasında hotellər, fitnes zalları, padel klubu, geyim markası və film studiyası var. Bundan başqa, onun təxminən 30,5 milyon dollar dəyərində avtomobil kolleksiyasına, 82 milyon dollardan çox dəyəri olan lüks daşınmaz əmlaka, həmçinin şəxsi təyyarə və yaxtaya sahib olduğu bəllidir.

“Əl-Nəsr” klubundan əldə etdiyi gəlirlər də onun əsas qazanc mənbələrindən biridir. “The Sun” qəzetinin məlumatına görə, Ronaldonun gündəlik maaşı təxminən 666 min dollar təşkil edir.

Corcina isə modellik və sosial media sahələrində öz kommersiya karyerasını qurub. Onun “I Am Georgina” adlı “Netflix” serialı isə Ronaldonun şəxsi həyatından bəhs edir.

Nikah müqaviləsi hər iki tərəfin maliyyə müstəqilliyini qorumasına imkan verir və münasibətlərin sona çatacağı təqdirdə Corcinanın əldə edəcəyi maddi təminatı müəyyənləşdirir.

Qeyd edək ki, bu məlumatların nikah müqaviləsinin rəsmi sənədi ilə təsdiqlənib-təsdiqlənmədiyi barədə məlumat yoxdur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: