31.08.2026 - 14:47
Maqazin 29 baxış

Bakıda küçə ticarəti: Problemlər və həll yolları

Bakıda küçə ticarəti problemi hələ də tam həllini tapmayıb. Şəhərin müxtəlif yerlərində, xüsusilə yolların kənarlarında və metro çıxışlarında səkilərin satış üçün tutulduğunu müşahidə etmək mümkündür.

Minval.info xəbər verir ki, “28 May” Nəqliyyat Mübadilə Mərkəzinin ərazisində bir neçə nöqtədə səliqəsiz küçə ticarətinə rast gəlinib. Satıcıların səkilərdə qurduğu piştaxtalar piyadaların hərəkəti üçün nəzərdə tutulan ərazinin bir hissəsini tutaraq onların hərəkətini çətinləşdirib.

Küçə ticarəti ilə bağlı əsas narahatlıqlardan biri də qida təhlükəsizliyidir. Ekspertlərin fikrincə, açıq havada və gigiyenik olmayan şəraitdə meyvə-tərəvəz və digər qida məhsullarının satılması onların çirklənməsinə və insan sağlamlığı üçün təhlükə yaratmasına səbəb ola bilər.

Küçə ticarəti tamamilə qadağan olunmuş fəaliyyət deyil. Lakin bunun müəyyən edilmiş qaydalar çərçivəsində və müvafiq yerlərdə həyata keçirilməsi tələb olunur. İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən, icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına görə inzibati məsuliyyət nəzərdə tutulur.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Bakıda küçə ticarətinə yalnız problem və qanunsuzluq kimi yanaşmaq düzgün deyil. Əsas məsələ küçə ticarətini tamamilə yığışdırmaq deyil, onu şəhər mühitinə uyğun şəkildə təşkil etmək və satıcılara qanuni fəaliyyət imkanı yaratmaqdır. Çünki küçədə satışla məşğul olan insanların böyük hissəsi mikro və kiçik sahibkarlıq subyektləridir. Onların fəaliyyətinin tamamilə məhdudlaşdırılması həm gəlir imkanlarını azaldır, həm də müəyyən məhsulların istehlakçıya daha əlçatan formada çatdırılmasına mane olur.

A.Nəsirlinin sözlərinə görə, inkişaf etməkdə olan ölkələrdə küçə satıcılarının tamamilə sıxışdırılması əvəzinə onların leqallaşdırılması və xüsusi zonalarda fəaliyyət göstərməsi modelindən istifadə olunur. Məsələn, Hindistan, İndoneziya, Filippin, Kolumbiya və Cənubi Afrikanın müxtəlif şəhərlərində küçə satıcıları üçün xüsusi bazarlar, köşklər və ticarət zonaları yaradılıb. Bu yanaşmada dövlət satıcıya “küçədən get” deməklə kifayətlənmir, ona “qanuni fəaliyyət göstərə biləcəyin yer budur” alternativini təqdim edir.

Bu model Bakıda da tətbiq oluna bilər. İlk növbədə şəhərin müxtəlif ərazilərində, xüsusilə metro stansiyalarının yaxınlığında, nəqliyyat qovşaqlarında və insanların intensiv hərəkət etdiyi yerlərdə küçə ticarəti üçün xüsusi məntəqələr müəyyənləşdirilməlidir. Bu məntəqələr piyadaların hərəkətinə mane olmamalı, avtomobil yollarının təhlükəsizliyini pozmamalı və şəhərin ümumi görünüşünə uyğun olmalıdır.

Ekspert qeyd edib ki, sözügedən satış məntəqələri sadə və standartlaşdırılmış köşklər formasında yaradıla bilər. Satıcıya müəyyən müddətə həmin yerdən istifadə hüququ verilir, fəaliyyət qeydiyyata alınır və minimal icarə haqqı müəyyən edilir. Burada əsas məqsəd yüksək icarə haqqı hesabına satıcını yenidən qeyri-qanuni fəaliyyətə məcbur etmək yox, onun leqal fəaliyyətini stimullaşdırmaq olmalıdır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: