Bitki tərkibli dərman hazırlamaq adı ilə adamları aldadıblar

Bakı Ağır Cinayətlər Məhkəməsində 1,2 milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən Hicran Allahverdiyevanın məhkəmə prosesi keçirilib.

Bizimyol.info xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, H.Allahverdiyeva qabaqcadan bir qrup şəxslə əlbir olaraq şirkət açmaq adı ilə 6 nəfərə qarşı dələduzluq edib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

H.Allahverdiyeva ittihama münasibət bildirməkdən imtina edib. Onun xəstə olduğu bildirilsə də, zərərçəkmişlər onun yalan danışdığını deyir. Onlar iddia edirlər ki, H.Allahverdiyeva aldığı pulları başqa şəxslərə verib, amma indi onların adını çəkmir.

İlk olaraq H.Allahverdiyevanın cinayəti törədərkən anlaqsız vəziyyətdə olduğu qənaətinə gəlinmişdi. Onun barəsində 1 saylı Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicə təyin edilmişdi.

Zərərçəkmiş şəxslərin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun icraatında baxılmış, yenidən psixi ekspertiza keçirilərək H.Allahverdiyevanın sağalması barədə rəy verildi. Bundan sonra hökm ləğv edilib və işin yenidən araşdırılması üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilməsi barədə qərar çıxarıldı.

Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə kollegiyası qərarı icra edərək işin istintaqa qaytarılmasını təmin edib.

Hicran Allahverdiyevanın hüquqi varisi kimi onun həyat yoldaşı tanıyıb. O, arvadının 2014-cü ildən psixi xəstəliyinin olduğunu və müalicə aldığını deyib.

Bildirib ki, arvadı gözəllik salonunda xadimə işləyib və onun kimlərəsə qarşı dələduzluq etməsini bilməyib: “Məni polisdən çağıranda getdim. Orda öyrəndim”.

“Hicran özünü xəstəliyə vurub”

Məhkəmədə zərərçəkmiş Sədayə Xəlilova bildirib ki, H.Allahverdiyevaya 347 min manat verib: “47 mini qızıl kimi almışam. Hicranla eyni salonda işləmişəm. İndi Hicran özünü xəstəliyə vurub. Əri deyir ki, salonda xadimə işləyib.

Amma elə deyil. Hicran qeydiyyatda otururdu. Salonda bütün işləri o həll edirdi. O pulu salonun sahibi Ağa Məmmədovun adı ilə alıb. Dedi ki, mən Ağa Məmmədovla şərik olacaam. Hicran isə vasitəçi idi. Təbii bitkilərdən dərmanlar hazırlayan şirkətlər açacaqdılar. Mən daha sonra Ağa Məmmədovla da görüşdüm. Onu da deyim ki, pulların hamısı mənim deyil. Bacımın və bacımın qızının da qızılları ona verilib”.

Zərərçəkmiş suallara cavabında qeyd edilən məbləği hardan almasını da izah edib: “Salonda gəlin paltarları tikirdim. Gecə-gündüz işləyirdim”.

“Deyirdi ki, iki balamı qəbirə qoyum səni aldatmaram”

Digər zərərçəkmiş Lətifə Tapdıqova 6500 manat zərər gördüyünü söyləyib. Qeyd edib ki, Hicran Allahverdiyevanın işlədiyi salonun yerləşdiyi küçəni süpürüb: “Mən ona o qədər inanırdım ki, aldadılacağımı bilmirdim. Süpürgəçi işləyirəm, hər gün onu görürdüm. Özü namaz qılırdı, başını bağlamışdı. Deyirdi ki, iki balamı qəbirə qoyum səni aldatmaram. Başımı səcdəyə qoyuram deyirdi. Mən də gözümü açandan nənələrimizin, analarımızın namaz qıldığını görmüşəm. Onların heç vaxt yalan danışıdığını, kimisə aldatdığını görməmişəm. Bu Hicran mənim evimə gəlib gedən adamdır. Dedi ki, hansısa anbarda mal var. Satımayıb qalıb. O malları götürüb satacaqdı. Yaxşı qazanc əldə edəcəkdi”.

Zərərçəkmiş Afət Rəhimova məhkəmədə ifadəsində 65 min manat zərər gördüyünü deyib. Həkim işləyən Afət bildirib ki, təbii bitkilərdən dərman hazırlanacaq şirkətin açılması üçün həmin məbləği Hicran Allahverdiyevaya verib.
Proses davam edəcək.