Bəlli olduğu kimi, Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və bu iclasın da sonu bahalaşma ilə yekunlaşıb.
İclasda “Azərsu” ASC-nin müraciəti müzakirə olunub və bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub.
Bundan sonra isə əhali arasında narazılıq başlayıb. Pandemiya, maddi sıxıntılar, işsizlik… Bir yandan da kommunal xidmətlərin bahalaşması əhali arasında təbii ki, xoş qarşılana bilməzdi.
Bəs, bizdən ikiqat pul tələb edən qurumda vəziyyət necədir? Pullar şirkətə gəlir, bəs, hara gedir?
Sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında yayılan məlumatlar bu məsələdə bizə kömək edir. Məsələn, məlumatda deyilir ki, 10 ildir “Azərsu” şirkətinə Qormaz Hüseynov idarəçilik edir. Bu şirkətə hər il dövlət tərəfindən milyardlarla vəsait ayrılsa da, şirkətin təqdim etdiyi xidmətlərin keyfiyyətində ciddi bir dəyişiklik olmur: su təchizatı bərbad, içməli suyun keyfiyyəti palçıq kimi, kanalizasiya sistemi murdar günündə, ölkədə su qıtlığı kifayət qədər.
Bunun müqabilində isə Qorxmaz Hüseynov qohumlarının adına şirkətlər, o şirkətlərin qalib gəldiyi milyonluq layihələr, tenderlər sayəsində özünun və ailə biznesinin vəsaitini artırıb, mülklər, restoranlar, hamamlar, obyektlərə sahib olub.
Əvəzində isə həm “Azərsu” şirkətini dövlət büdcəsindən kreditlər alaraq borca batırıb, həm də bu borcu qapatmaq üçün xalqın istifadə etməyə məcbur olduğu keyfiyyətsiz su-kanalizasiya təchizatının qiymətini artırıb.
Qorxmaz Hüseynovun yaxın qohumları və onların vəzifələri, həmçinin açdıqları şirkətlər:
– “Natural Aqro” MMC-nin rəhbəri Araz Hüseynli – Qorxmaz Hüseynovun oğlu
– “Sənaye Tikinti-M” MMC və “Baba Dağ” MMC təsisçisi Məhəmməd Cavanşir oğlu Hüseynov – qardaşıdır.
– SOCAR-ın qazma işləri üzrə trest rəisinin müavini Faiq Cavanşir oğlu Hüseynov – qardaşıdır.
– SOCAR-ın Geofizika və Geologiya İdarəsinin rəis müavini Əmiraslanov Nicat Mətləb oğlu – yaxın qohumu
– “Azərsu” Yasamal rayonu su kanal idarəsinin rəis müavini İsmayılov Şakir Əhməd oğlu – Qorxmaz Hüseynovun xalası oğludur.
– Azərsu SC xarici layihələr şöbəsinin müdür müavini İsmayılov Şahlar İsmayıl oğlu – Qorxmaz Hüseynovun qohumu (“DISTANT TRAVEL” MMC)
– “Hidro-İnşaat Servis” MMC-nin rəhbəri olan Cəbrayılov Namiq Cidalı oğlu – qaynıdır.
– Bakı Su Kanal idarəsinin Həmkarlar Təşkilatının sədri – Cəbrayılov Natiq Cidalı oğlu – qaynının qardaşı
– “Azərsu” Su-Tikinti idarəsinin rəis müavini – Cəbrayılov Nurəli Cidalı oğlu – qaynının qardaşı
– Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri Akif Məmmədov – qohumu
– Qorxmaz Hüseynovun bacısı oğlu Yusifəli isə boru və qum biznesini idarə edir
Qaynı Cəbrayılov Namiq Cidalı oğlunun adına olan şirkətlər:
“XƏZƏR TUR TRAVEL” MMC
“SEVDA” XÜSUSİ KİÇİK MÜƏSSİSƏSİ
“HİDRO TOP” MMC
“OMİCRON” MMC
“HİDRO MAKİNA” MMC
“HİDRO İNŞAAT SERVİS” MMC
“KOMPROQRAM PROQRAMLAŞDIRMA VƏ TEXNİKİ TƏCHİZAT” MÜƏSSİSƏSİ
Dövlət şirkətini borclandıran, “zərərlə işləyirik” deyərək xalqa minnət qoymağa çalışan şəxsin maddi imkanları onu göstərir ki, şəxsi imkanları üçün zərərlə yox, xeyirlə işləyib. Yığa biləcəyi hər şeyi yığıb. Yəni pulları cibinə, qohumlarını da ətrafına…
“Azərsu”yu daha çox yekə bir qazana, Qorxmaz Hüseynovun qohumlarını isə qazanın başına toplaşan ac insanlara bənzədirəm. Hərə bir qaşıq (şirkət) götürüb doymağa çalışır.
Paşa Sadıqlı
Minval.info



































