İqtisadçı ekspert: “Bu mağazalar  ya qapadılacaq, ya da…”

Rusiya-Ukrayna müharibəsinin getdiyi bir dönəmdə Azərbaycanda fəaliyyət göstərən Ukrayna mağazalarının, kafelərinin bağlanması barədə xəbərlər yayılıb. Bildirilir ki, Ukraynadan məhsulların gətirilməsi mümkün olmadığına görə obyektlər artıq qapadılır. Qeyd edək ki, “Ukrayna məhsulları” ticarət şəbəkəsi ölkəmizdə illərdir ki, fəaliyyət göstərir. Şəbəkənin Bakıda doqquz mağazası var. Ticarət şəbəkəsində Ukraynadan gətirilən geniş çeşiddə ərzaq və içki məhsulları satılır.

Ukrayna mağazalarının hazırkı vəziyyəti ilə tanış olmaq üçün mağazalara yollandıq. İlk olaraq İnşaatçılar prospekti 4 A ünvanında yerləşən “Ukrayna məhsulları” mağazasına üz tutduq. Qeyd etmək yerinə düşər ki, məhz bu mağazanın açılış mərasimində Ukrayna prezidenti Vlodomir Zelenski iştirak etmişdi. Əraziyə çatar-çatmaz ilk diqqətimizi çəkən isə mağazanın “Ukrayna məhsulları” yazılan plakatının üzərinə parça örtülməsi idi…

Obyektin bağlı olduğunu zənn etsək də, satıcılardan biri, “acıqdır daxil olun”, – deyə səsləndi. İçəri daxil oluruq, mağazada yalnız iki satıcı və tək-tük məhsul olan bir neçə piştaxtanı görmək olur. Əynində Ukraynanın milli geyimi olan azərbaycanlı satıcıdan Ukrayna yağlarının satışda olub-olmadığını soruşuruq. Satıcı isə cavabında bildirir ki, artıq neçə vaxtdır ki, Ukraynadan məhsullar gətirilmir. Nə zaman gətiriləcəyi isə bilinmir. Geniş ərazini əhatə edən mağazada bir Ukrayna məhsulunu belə tapa bilmədik. Burada yalnız yerli məhsulları görmək olardı.  Satıcıdan plakatın üzərini niyə örtdüklərini soruşduqda isə belə cavab verdi: “Biz bu barədə danışa bilmərik. Bununla bağlı danışmamaq tapşırılıb”.

Buradan çıxıb metronun “Nəriman Nərimanov” stansiyası yaxınlığında yerləşən “LVİV handmade chocolate” kafe-mağazasına yollanırıq. Ukraynaya məxsus bu obyektdə də vəziyyət ürəkaçan deyildi. Kafenin satıcısı ilə söhbətdə öyrənirik ki, artıq neçə vaxtdır ki, Ukraynadan məhsul gətirilmir: “Müharibə başlayandan yalnız yerli məhsullardan istifadə edirik. Əvvəllər Ukraynadan gətirilən məhsullar, şirniyyatlar, şokoladları qonaqlarımıza təklif edirdik. Amma indi məcburuq yerli məhsullardan yararlanaq”.

Bununla belə, satıcı qeyd edir ki, müştərilərin sayı əvvəlki qədər olmasa da, yenə də kafeyə təşrif buyuranlar var.

Bəs görəsən, bu acınacaqlı vəziyyət nə zamana  kimi davam edəcək? Ukraynaya məxsus mağazalar şəbəkəsi fəaliyyətini dayandırmalı olacaqmı? Vəziyyətdən çıxış yolu varmı?

Natiq Cəfərli ON REAL CAVAB - YouTube

Natiq Cəfərli

Mövzu ilə bağlı “Yeni Müsavat”a iqtisadçı-ekspert Natiq Cəfərli bunları dedi: “Ukraynadan logistikanın, mal gətirmənin mümkünsüzlüyü bəllidir. Müharibənin ilk günlərindən Qara dəniz sahillərindən mal daşınması mümkünsüz hala gəldiyindən demək olar ki, bir aydan çoxdur ki, Ukraynadan mal gətirmək olmur. Quru yolu ilə isə ancaq Rusiya ərazisi vasitəsilə mümkündür ki, bunun da müharibəyə görə həyata keçirilməsi alınmır. Ona görə də Ukrayna məhsullarının Azərbaycana gətirilməsi dayandırılıb. Ukrayna mağazalarında mal qıtlığı müşahidə edilir. Özüm də yaxınlarda şahidi oldum. Görünən odur ki, malların yenidən gəlməsi müharibə şəraitində mümkün deyil. Bir yol o ola bilər ki, ya mağazalar müvəqqəti qapadıla bilər,  ya da adi mağazalar kimi ölkənin istehsalçılarından və ölkəyə mal gətirən şirkətlərdən mal götürərək bir müddət fəaliyyətlərini davam etdirə bilərlər. Ona görə də yaxın gələcəkdə Ukrayna mallarının gəlməsinin mümkünsüz olacağını nəzərə alaraq Ukrayna dükanlarının eyni qaydada fəaliyyət göstərməsi mümkün deyil. Fikrimcə, ya mağazaları bir müddət bağlamalı olacaqlar, ya da adi market kimi fəaliyyət göstərəcəklər”.