Bakının mərkəzi küçələrindən birində sakinlər yol və kanalizasiya problemindən şikayət edir.

Söhbət Xətai rayonu, Şirin Mirzəyev küçəsindən gedir. Küçənin bərbad vəziyyətdə olması sakinləri ciddi şəkildə narahat edir.

Minval.info-nun əməkdaşları gələn şikayətləri nəzərə alaraq, problemin baş verdiyi əraziyə yollanıb.

Bəlli oldu ki, vəziyyət həqiqətən də acınacaqlıdır. Sakinlər bildirir ki, kanalizasiya sisteminə nəzarət olunmaması səbəbindən yağmurlu havada məhəllə və evləri su basır, insanlar gəzməkdə çətinlik çəkir, maşınlar isə hərəkət edə bilmir.

Sakinlərin sözlərinə görə, havaların isindiyi günlərdə üfunət qoxusundan nəfəs almaq, həşaratların əlindən isə rahat yaşamaq mümkün deyil: “Virusun yayıldığı dövrdə bu hal olduqca təhlükəlidir. Uşaqların, o cümlədən yaşlı sakinlərin xəstələnməsi qaçınılmazdır. Natəmiz sudan nə xəstəlik istəsən yarana bilər. Bu sular da bizim həyətimizə, evimizə gedir. Qoxusunu da ciyərimizə qəbul edirik. Bizi bu vəziyyətdə yaşamağa məhkum etməyə heç kimin haqqı yoxdur”.

Daha sonra isə əvvəldə qeyd etdiyimiz kimi, kanalizasiya probleminə görə yağmurlu havada yerin üzərində qalan yağış suyu keyfiyyətsiz asfaltın aşınmasına gətirib çıxarır. Bu da oradan keçən nəqliyyat vasitələrinin sıradan çıxmasına, yay aylarında qalxan tozun havada toz qatmanı yaranmasına səbəb olur.

Yalnız bircə dəfə ötən ilin noyabr ayında məhlə sakini şəhid Tural Ağalarovun dəfn mərasimindən bir neçə saat öncə gətirib yola asfalt qırıntıları töküb yolları düzəltməyə çalışıblar və bir daha nə yola, nə də kanalizasiya sisteminə baxan olmayıb.

Məsələ ilə bağlı Xətai Rayonu İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Pənah İmanovla əlaqə saxladıq. Aldığımız cavabda isə problemdən xəbərdar olduqlarını və nəzarətdə saxladıqları bildirildi. Qeyd edildi ki, “Xətai rayonunun böyük ərazi olduğunu və problemlərin də bir o qədər çox olduğunu nəzərə alsaq hər biri ilə sıra ilə məşğul olmağa çalışırıq. Bəhsi keçən küçədə də yol və kanalizasiya probleminin də yaxın zamanda həll ediləcəyi nəzərdə tutulub”.

Pənah İmanov şəhid ailələri ilə yaxından maraqlandıqlarını, onlara borclu olduqlarını, eyni zamanda vəzifə borcları olduğuna görə, bu məsələyə daha çox diqqət ayırmağa çalışdıqları qeyd etdi.

Anar Əhməd, Ləman Rüfətqızı

Minval.info