Azərbaycan uğrunda millət davası davam edir.  10 noyabr tarixli üçlü anlaşmanın (Rusiya-Azərbaycan-Ermənistan) gizli saxlanılan tərəfləri var! Bu barədə ayrı – aryı məlumatlı ekspertlər, KİV nümunələri dəfələrlə yazıblar. Burada əsas məqam odur ki, bu sənəd əslində Ermənistan üçün kapitulyasiya aktıdır. Paşinyan o sənədə Ermənistan adından imza atmaqla, Qarabağı və onun daxilindəki şərti inzibati ərazi olan Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Bu, birmənalıdır. Həmin sənədə imza atmaqla, dünya ermənizminin ”Arsax” adlı sərsəm iddia və ideologiyasına da son verib.

Sənəddə həmin iddiaların istiqamətində heş bir detal, heç bir məqam yoxdur. 10 noyabr tarixli üçlü anlaşma Ermənistanı və Qarabağdakı erməniləri xilas etdi – bu doğrudur. Lakin eyni zamanda, Azərbaycanın mürəkkəb bir dünya düzəni içərisində olduqca cəsur bir addımını – Vətən müharibəsi modelində öz torpaqlarını işğaldan azad etmə prosesinə əl atmasını legitimləşdirdi. Prosesdə qarantor dövlətlər kimi Rusiya və qardaş Türkiyənin də iştirakı həmin legitimləşdirməni daha qabarıq şəkildə ortaya çıxartdı. Hər iki ölkə Dağlıq Qarabağ münaqişəsinə görə qurulmuş ATƏT-in Minsk Qrupunun üzvləridir. Rusiya isə ən təsirli həmsdərlərdən biridir. Münaqişə tərəfləri + belə bir format prosesə kənar müdaxiləni və Azərbaycana qarşı planlaşdırlan sanksiyaları sıfırladı.

İmzalanan sənədin gizli tərəflərindən ən mühümü bu prosesə Türkiyənin müdaxil olmasıdır. Bu mühüm faktla cənab Putinin timsalında həm Rusiya, Paşinyanın timsalında isə, Ermənistan razılıq verib. Azərbaycan təbii ki, belə bir iştirakdan və Türkiyənin Güney Qafqaza siyasət və ordu ilə daxil olmasından məmnundur. Lakin bu detal və Anlaşmadakı bir çox məqamlar xüsusi qabardılmadı, reklam olunmadı. Tək bir səbəbdən. Ermənistan ictimaiyyəti ağır məğlubiyyətin üstündən bir də belə şokları yaşayıb, panik bir şəkildə iğtişaşlara başlamasın, yola gələn Paşinyanı devirib, idarə olunmaz proseslərə rəvac verməsin. Dünya erməniliyi təbii ki, Türkiyənin hər hansı şəkildə Dağlıq Qarabağ adlı keçmiş münaqişənin həllində, yaxıd onunla bağlı hər hansı prosesdə iştirakına qarşıdır. Ermənistan ictimaiyyətini və o cümlədən də dünya erməniliyini Paşinyana qarşı olandan daha artıq qıcıqlandırmamaq üçün günün bugünündə də Üçlü Anlaşmanın bir sıra mühüm detallarının üstünə gəlinmir. Bu detallardan biri də Ermənistana aid hərbi birliklərin, dəstə və qurumların Qarabağ ərazisindən çıxarılmasıdır. Bu barədə Anlaşmada birmənalı yazılıb. Rusiya sülhməramlıları əraziyə daxil olur, erməni silahlıları ərazini tərk edir. Lakin fəsadların verilməməsi, Qarabağdakı qanunsuz rejimə bağlı silahlıların və erməniu ekstremistlərinin üsyan etməməsi üçün birmənalı olan bu detalın icrası ləngidilir.

Anlaşma- bəyanata görə, Ağdərədə, Xocalı, Xocavənd və Xankəndindəki bütün erməni silahlıları bölgəni tərk edəcək. Müvəqqəti ləngiyən bu proses qarşıdakı günlərdə öz həllini tapacaq. Dağlıq Qarabağdakı qanunsuz rejimə bağlı olan media da bunu yazır. ”Artsax Respublikası” adlı telegram səhifəsi bu başlıqda xəbər yayıb: “Paşinyan Moskvada müqavilə imzalayacaq, Ermənistan hərbçiləri Qarabağdan çıxacaq”

Xəbərdə açıq yazılır: “Əldə etdiyimiz məlumata görə, Nikol Paşinyan Moskvaya səfəri zamanı bir müqavilə imzalayacaq (oradakı bəndlərdən birinə görə), bundan sonra Ermənistan “Artsax”dan qoşunlarını geri çəkməli olacaq. Ermənistandan “Artsax”a xidmətə gələn bütün hərbçilər nəzərdə tutulur. Görünən budur ki, Ermənistan hakimiyyəti “Artsaxı” əllərinin kiri kimi, yuyub, atır…”

Beləliklə, 3-lü müqavilənin ictimaiyyətə elan olunmayan hissələri işləməyə başlayır? Azərbaycan iqtidarı səbrlə onların icra ediləcəyi zamanı gözləyir. Xankəndindən və şərti olaraq Dağlıq Qarabağ adlandırılan bütün ərazidən Ermənistana aid silahlı qüvvələr ən yaxın zamanlarda çıxarılacaq.
Onların yerini isə Rusiya sülhməramlıları, bəzi fraqmentlərdə isə Azərbaycan – Türkiyə ortaq qüvvətləri tutacaq.

Prezident İlham Əliyev ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib ki, torpaqlarımızda qanunsuz biznes fəaliyyəti göstərmiş xarici şirkətlər məsuliyyətə cəlb olunacaq. “Onlar bunu bilsinlər və gözləsinlər bu günü” – söyləyib. Ancaq ölkə başçısı onu da deyib ki, əgər həmin şirkətlər Azərbaycana vurduqları ziyanları ödəsələr, məhkəməyə verilməyə də bilərlər. İqtisadçı-hüquqşünas Əkrəm Həsənov bu mexanizmi mümkün sayırmı, praktikada belə hallar olubmu, həmin şirkətlər Azərbaycan Prezidentinin təklifini qəbul edib buna gedərmi? Onlara hansı yol sərfdir əslində?

İlham Əliyev həmin çıxışı zamanı bunu da söyləyib ki, keçmiş köçkünlər arasında qayıdışla bağlı sorğular keçirilməlidir. Sitat: “Mən bu yaxınlarda Prezident Administrasiyasına göstəriş verdim ki, köçkünlər arasında sorğular keçirilməlidir, onların niyyəti öyrənilməlidir. Həm evlərlə təmin olunmuş köçkünlər, həm də bu günə qədər yataqxanalarda, yaxud da uşaq bağçalarında ağır vəziyyətdə yaşayan köçkünlər arasında sorğular keçirilməlidir ki, biz real vəziyyəti bilək. Özümüz-özümüzü aldatmamalıyıq, real vəziyyəti bilməliyik. Xahiş edirəm köçkünlərdən, onlara sual veriləndə səmimi cavab versinlər – öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox. Bizə bildirsinlər, biz də bilək və buna görə öz bərpa işlərimizi həyata keçirməliyik. Mən tam əminəm ki, keçmiş köçkünlərin mütləq əksəriyyəti böyük həvəslə öz doğma torpaqlarına qayıdacaqlar”. Bu böyük qayıdışda kimlər iştirak edəcək?

44 günlük müharibədəki hərbi qələbəmiz Azərbaycana Xocalı soyqırımı məsələsini beynəlxalq məhkəməyə daha fəal şəkildə daşımaq fürsəti də yaradıb. Serj Sərkisyanın, Robert Köçəryanın, Seyran Ohanyanın, digər hərbi caniləri müttəhimlər kürsüsündə oturtmaq üçün əvvəlki tək hüquqi və başqa əngəllər görünmür. Bu məsələdə Rusiya və onun sülhməramlı qüvvələri bizə kömək edə bilərmi? Bakı Moskva qarşısında məsələ qaldıracaqmı, yaxud qaldırmalıdırmı? Əvvəllər belə ehtimal səslənib ki, Xankəndidəki keçmiş 366-cı Rusiya alayına görə rəsmi Moskva Xocalı genosidinin açılmasında bir elə maraqlı olmayacaq. Üstəgəl, Köçəryan Putinin dostu sayılır. Bu, nə dərəcədə realdır?

Bəllidir ki, Azərbaycan Baş Prokurorluğu keçmiş separatçı rejimin başçısı Aaraik Arutyunyan haqda cinayət işi qaldırıb və onu beynəlxalq axtarışa verib. Bəs Araikin “sələfləri” – ondan əvvəlki separatçı başçılar Bako Saakyan və Arkadi Qukasyan? Onlar haqda da cinayət işləri açılacaqmı və ya varmı?

Ermənistanda Nikol Paşinyanın istefası tələbi ilə etirazlar getdikcə səngiyir. Təzə ildə elə bir yaddaqalan aksiya da olmayıb. Belə görünür, Nikol öz kreslosunu qoruya bildi. Hansı müddətədək? Bu, nisbi, “tufan qabağı” sakitlik ola bilərmi? Ölkədə qış ayları üçün siyasi mübarizənin xarakteri necə olacaq? Paşinyanı yıxa bilməyən müxalifət ona qarşı terrora əl ata bilərmi? Bu haqda hətta anons da verilmişdi. Təhdidlər səslənmişdi. Və ya “saray çevrilişi” mümkünmü? Azərbaycana yaxın və orta perspektiv üçün orada kimin 1-ci şəxs olması sərfəlidir, Paşinyan, yoxsa?

“Qarabağdakı ermənilər sənədlər hazırlayırlar, xarici dilləri öyrənir və pandemiya üzündən bağlanmış sərhədlərin açılmasını gözləyirlər ki, çıxıb getsinlər. Rusiya mediası bildirdiyinə görə, Azərbaycan torpaqlarında yaşayan, eləcə də 44 günlük savaşdan sonra Rusiya sülhməramlılarının himayəsi ilə Qarabağa qaytarılmış ermənilər sosial şəbəkələrin erməni seqmentində belə yazırlar. “Əgər 2021-ci ilin yazına qədər Qarabağ müstəqil bir dövlət statusu almazsa, Ermənistana və ya Rusiyaya birləşməzsə biz buradan gedəcəyik” deyirlər. Erməni əhalinin bölgəmizdən birdəfəlik çıxıb getmə perspektivi nə dərəcədə ciddidir?

Bu və digər mövzularla bağlı Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə söhbət edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Bunun üçün Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, paylaşa bilərsiz.