Məleykə Abbaszadədən tələbələrə müstəqil düşüncə çağırışı
Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali məktəblərə qəbul olunaraq tələbə adını qazanan gənclərə müraciət edib. O, birinci kurs tələbələrini təbrik edərək, öz tələbəlik illərindən bəhs edib və gənclərə dəyərli tövsiyələr verib.
Minval.info xəbər verir ki, Məleykə Abbaszadə 17 yaşında Moskvaya gedərək Moskva Dövlət Universitetinin tələbəsi olduğu günləri xatırladıb. O, məktəbdə ən yaxşı şagirdlərdən biri olmağa öyrəşsə də, universitetdə ciddi seçimlərdən keçmiş güclü gənclərin əhatəsinə düşməsi onda əvvəlcə müəyyən tərəddüdlər yaratdığını bildirib. “İlk düşüncələrimdən biri belə idi: birdən burada ən güclülərdən biri mən olmasam? Birdən hər şey əvvəlki kimi əla alınmasa?” deyə o, xatırlayıb.
DİM rəhbəri tələbəlik illərində öyrəndiyi ən vacib həqiqətlərdən birinin azadlığın məsuliyyətdən ayrılmaz olması olduğunu qeyd edib. O, bugünkü tələbələrin əvvəlki nəsillərlə müqayisədə daha böyük imkanlara sahib olduqlarını vurğulayıb. Gənclərin dünyanın aparıcı universitetlərinin mühazirələrinə, kitab və elmi məqalələrə asanlıqla çıxış əldə etdiyini, həmçinin süni intellektdən öyrənmək üçün istifadə edə bildiyini bildirib.
Lakin Məleykə Abbaszadə süni intellektlə bağlı tələbələrə mühüm xəbərdarlıq edib: “Bir şeyi unutmayın: texnologiya sizin yerinizə düşünməyə başlamamalıdır. Süni intellektdən istifadə edin, amma ən qiymətli qabiliyyətinizi — müstəqil düşünmək bacarığınızı ona verməyin”.
DİM rəhbəri tələbələrə özlərindən daha güclü insanlarla eyni mühitdə olmaqdan çəkinməməyi tövsiyə edib. Onun sözlərinə görə, universitetin əsas üstünlüklərindən biri məhz insanın öyrənə biləcəyi şəxslərin əhatəsində olmasıdır. “Sual verin. Bilmədiyinizi etiraf etməkdən çəkinməyin. Fikrinizi əsaslandırmağı, daha güclü arqumentlə qarşılaşanda isə onu dəyişməyi bacarın” deyə o, əlavə edib.
Abbaszadə gəncləri səhv etməkdən qorxmamağa da çağırıb. Bildirib ki, insan yalnız uğurlarından öyrənmir və əsas məsələ səhvlərin həyatı dağıtmasına imkan vermədən onları təcrübəyə çevirməkdir. O, sosial şəbəkələrdə başqalarının həyatını görərək özünü onlarla müqayisə etməyin də yanlış olduğunu vurğulayıb: “Sosial şəbəkələr sizə insanların həyatının yalnız seçilmiş fraqmentlərini göstərir. Sizin əsas müqayisə nöqtəniz dünənki özünüz olsun”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qafqaz mafiyası lideri İsraildə qətlə yetirildi
Ağdamda sahibkar və işçi narkotiklə yaxalandı
Zabratda ailə faciəsi: Ərini bıçaqla qətlə yetirdi
Yevlaxda motosiklet qəzasi: 72 yaşlı sürücü öldü
Ukraynadan Azərbaycana ekstradisiya: Dələduz saxlanıldı
Bakıda kütləvi dava: Məhkəmədə şok ifadələr!
Bayram Məmmədovun qardaşı insultdan vəfat etdi