28.08.2026 - 14:13
Ölkə 206 baxış

Köhnə 1 dollar əskinazı sizi zəngin edə bilər

Azərbaycanda bir çox insanın uğur gətirdiyinə inanaraq portmonesində saxladığı köhnə 1 ABŞ dolları əslində böyük dəyər daşıya bilər. Bəzi nadir nümunələri hərraclarda yüzlərlə, bəzən hətta minlərlə dollara satılır.

Minval.info xəbər verir ki, numizmat Fərhad Məmmədovun sözlərinə görə, insanların böyük əksəriyyəti aşağı nominallı dollar əskinazlarına etinasız yanaşsa da, bəzən xəzinəyə bərabər olan əskinasları bilmədən xərcləyir və ya yararsız hala salırlar.

F.Məmmədov bildirir ki, adi görünən 1, 2 və ya 10 nominallı dollar əskinasları elə olur ki, beynəlxalq hərraclarda üzərindəki nominal dəyərdən dəfələrlə yüksək qiymətə satışa çıxarılır. Belə fürsətləri əldən qaçırmamaq üçün sahib olduğunuz əskinazın əsas detallarını incələməlisiniz. Bunu hər bir insan edə bilər və hər hansı dərin numizmatik biliyə malik olmaq heç də vacib deyil.

Əskinasın numizmatik dəyəri başlıca olaraq kolleksiyaçılar arasında formalaşan tələb və təklifdən asılıdır. Dollar əskinasını dəyərli edən əsas amillər onun dövriyyədə olmaması, əla vəziyyətdə olması, qeyri-adi və diqqətçəkən seriya nömrəsinin, prefiksin və suffiksin olub-olmaması və digər faktorlardır.

Seriya baxımından ən bahalı əskinaslar tək rəqəmli seriya nömrəsinə malik olanlardır. Məsələn, bütün seriya yalnız 1 rəqəmindən ibarət olur – təxmini belə bir formatda: A 111111111. Belə əskinaslar “Solid serial number” adlanır və kolleksiyaçılar onları hərraclardan yüzlərlə, yüksək MS dərəcələrində olduqda isə hətta minlərlə dollara əldə edirlər.

Bundan başqa, “near solid”, yəni ikili rəqəmli seriya, “radar serial” – yəni radar siqnalı kimi müəyyən nöqtəyə qədər bir ardıcıllıqla davam edib, əks ardıcıllıqla geri qayıdan seriyalı əskinaslar da kifayət qədər nadir sayılır. Məsələn, “near solid” növündən olan 1 dollarlıq əskinas avqust ayında Heritage Auctions hərrac evində 268 dollara (təxminən 455 manata) satılıb. Bundan başqa, “pillar”, yəni pilləkan tipli seriyalara da üstünlük verilir. Belə əskinaslarda seriya rəqəmləri adından da göründüyü kimi, pilləkən kimi ardıcıllıqla yüksəlir və ya azalır. Məsələn, 3456 və ya 6543.

Numizmat qeyd edib ki, ölkəmizdə bəzən çap normalarından sapmış, üzərində səhvlər və ya çap ləkələri olan, simmetriyası pozulmuş dollar əskinaslarını yararsız hesab edirlər. Əslində isə bu, həqiqi çap xətasıdırsa, amerikalı və avropalı kolleksiyaçılar həmin banknotlara çox yüksək məbləğdə pul təklif edirlər. Ən geniş yayılmış və axtarılan xətalara “Shifted Third Printing” misal göstərmək olar. Bu xəta çapın 3-cü mərhələsində, yəni seriya nömrələri, ABŞ Xəzinəsinin və Federal Ehtiyat Sisteminin möhürlərinin mərkəzdən kənara çıxması və nominalın mövqeyindən bir neçə millimetr sağa-sola və ya yuxarı-aşağı sürüşməsi zamanı baş verir. Məsələn, belə bir əskinaz avqustun 11-də Heritage Auctions hərracında 317 dollara satılıb. Bundan başqa, mürəkkəbin normadan artıq düşməsi və ya ümumiyyətlə düşməməsi, sol və sağ seriya nömrələrinin uyğunsuzluğu və onlarla müxtəlif təsdiqlənmiş çap xətası mövcuddur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: